Bahar Muradova əmisi tərəfindən qaçırılan qızdan danışdı

# 16:16
22 dekabr 2021

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılması məsələsinə münasibət bildirib.

 

APA TV-nin xəbərinə görə, komitə sədri jurnalistlərə açıqlamasında bildirib ki, Yevlaxdakı məsələ problemlərin, neqativ meyllərin hələ də qüvvədə olduğunu göstərir: “Bunlarla bağlı cəmiyyət olaraq birgə fəaliyyət istiqamətlərini düşünməliyik. Əmi tərəfindən belə bir hərəkətin baş verməsi nə deməkdir? Bu, ağla sığmayan bir haldır. Belə hal baş verirsə, insanın fərdi psixoloji durumuna bağlı bir məsələdir".

 

Bahar Muradova hadisənin Komitənin diqqətində olduğunu qeyd edib: "Hüquq-mühafizə orqanları ilə birlikdə prosesə cəlb olunmuşuq. Əlbəttə ki, üzərimizə düşən vəzifələri yerinə yetirik. Hüquqi dəyərləndirmədən sonra qızın gələcək taleyi, psixoloji vəziyyəti ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik. Belə məsələlərə yalnız hüquqi müstəvidə qiymət verməliyik. Hər kəs törətdiyi belə hüquq pozuntusuna və cəmiyyətin birgə yaşayış qaydalarına zidd əmələ görə mütləq cəzalanmalıdır. Cəzalandıqda da cəmiyyət bunu adekvat qəbul etməli, hansısa təzyiq aləti kimi görməməlidir”.

 

Komitə sədri Ağdamda X sinif şagirdi olan qızın qaçırılması ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, komitənin Ağdamda mərkəzi var və həmin Mərkəz hadisə ilə məşğuldur. Qız ailəsinə qaytarılıb. Psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür.

 

Sevinc Vaqifqızı,

Ceyhun Mustafayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR