Bakı səmasında uçan torbalar əslində nədən xəbər verir?

# 11:00
13 avqust 2022

 

Son vaxtlar plastik tullantıların yaratdığı problemlər az qala ekoloji fəlakət həddinə çatıb. Ətraf mühitə və insanlara zərərli təsirlərini minimuma endirmək üçün getdikcə daha çox ölkədə plastik torbaların istifadəsi qadağan edilir. Bir neçə il öncə ölkəmizdə də bununla bağlı qadağaların tətbiq olunacağı bildirildi. Qərar verilmişdi ki, polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır. Ancaq təəssüf ki, heç nə dəyişmədi. Yenə də böyük şəhərlərimizin, əsasən də Bakının üzərində polietilen torbalar uçuşur. Ekoloq Telman Zeynalovun fikrincə, mövcud problemin ən asan həlli yolu hər rayonda 4-5 məntəqənin yaradılmasıdır. Beləcə maddi maraq yarandığı üçün insanlar məişət tullantılarını atmaq yerinə bu məntəqələrə təhvil verəcəklər: “Hər rayonda məntəqələr açılmalıdır. Beləcə yeni iş yerləri də yaranmış olar. Yoxsa hara baxsaq, şəhərdə torbalar uçuşur. Bu nə deməkdir? Yeni istehsal edilən torbalardan istifadə plastik tullantılarla mübarizə aparmaq deyil. Heç kəs mübarizə aparmır. Bunları həyata keçirmək, milləti maraqlandırmaq lazımdır. Mən marketdə alış-veriş etdiyim zaman bütün mallarımı torbalara yığırlar. Məndən torbanın pulunu da çıxırlar. Niyə pulumu qaytarmasınlar? Növbəti dəfə alış-veriş etdiyim zaman torbalarını özlərinə qaytarıram, pul çıxmırlar. Budur maraqladırmaq. Azərbaycanın öz alimləri, ziyalıları var. Tullantılara qarşı mübarizəni necə aparmaq lazımdır, onlar bilirlər. Bununla bağlı təkliflər irəli sürə bilərlər. Ekoloq Qorxmaz İbrahimovun da fikrincə, maddi yanaşma problemin başlıca həlli yollarından biridir: “Mən paketlərin marketlərdə satılmasının tərəfdarıyam. Yəni adi, ən ucuz paketləri belə insanlar pulla almalıdırlar ki, onu çıxarıb başqa yerə atmasınlar. Təkrar istifadə edə bilsinlər. Bundan başqa, pambıqdan, həsirdən toxunmuş torbalar, səbətlər var ki, insanlar istifadə edə bilərlər. Plastik paketlərin ləğv olunması üçün kağız torba istehsalına başlanmalıdır. Avropada, dünyanın başqa yerlərində ekoloji təmiz məhsullar təklif olunur. Bu gün yeni texnnologiyalar ilə çox şeylər istehsal etmək olur. O cümlədən də, tez çürüyən, torpağa düşdükdə tez əriyib gedən materiallar istehsal eləmək mümkündür”. Ekoloq onu da söylədi ki, Azərbaycanda plastik tullantıların emalı fabriki qurulsa da, alternativ qablaşdırmadan istifadə etmək təklif olunmayıb. Bu da özlüyündə mövcud problemin daha uzunömürlü olmasına xidmət edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyevin sözlərinə görə, hələ 2019-cu ildən plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılması ilə bağlı tədbirlər planı təsdiq edilib: “Bu tədbirlər planı çərçivəsində aidiyyəti qurumlar tərəfindən kompleks tədbirlər həyata keçirilib, hazırda da tədbirlər davam etdirilir. Bildiyiniz kimi plastik tullantıların əsas növlərindən biri də polietilen torbalardır. 2021-ci il yanvarın 1-dən başlayaraq qalınlığı 15 mikrona qədər politilen torbaların ölkəmizə idxalı, istehsalı, satışı qadağa edilib. İyulun 1-dən isə bir dəfə istifadə üçün nəzərdə tutulmuş plastik qabların istehsalı və satışı qadağan olunub”. Şöbə müdiri onu da söylədi ki, hər şeydən öncə tullantıları yaradan məhsullar kəskin şəkildə azaldılmalıdır. Beləcə tullantılar da azalmış olar. Sektor müdirinin sözlərinə görə, ölkəmizdə bu istiqamətdə həm qadağanedici, həm də məhdudlaşdırıcı tədbirlər görülür. Hazırda isə zərərli tullantıya çevriləcək məhsulların satışını təşkil edən marketlərin əlavə vergiyə cəlb olunması ilə bağlı təkliflər üzərində iş gedir.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR