Bakıda həkim özünü doğramaq istədi – İNANILMAZ SƏBƏBLƏR

# 20:25
19 oktyabr 2021

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant Aynur Əsədli intihara cəhd edib. Qayçı ilə özünə xəsarət yetirməyə çalışan həkimin intihar cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb.

 

İntihara cəhdin təfərrüatlarını öyrənmək üçün Aynur Əsədli ilə əlaqə saxladıq. Bu gün baş verən hadisələrlə bağlı səhhətində problem olduğundan müsahibəyə razılaşmasa da, telefon bağlantısı yaratdıq.

 

APA TV-yə danışan laborant həkim İnstitutun direktoru Həqiqət Qədirova və şöbə müdiri Nuriyyə Səlimovanın böhtanlarından bezərək intihara cəhd etdiyini bildirdi: “Tək mənim yox, o xəstəxanada digər həkim həmkarlarımın da hüququ pozulur. Düz 22 ildir Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışıram. Bu illər ərzində yalnız hörmət qazanmışam. Son 3 ildə xəstəxanada məruz qalmadığımız işgəncə qalmayıb. İnstitutun direktoru təyin olunduqdan sonra bizim şöbə müdirimiz dəyişdi. Nuriyyə Səlimova adlı xanım təyin olundu. İlk gündən işçilərlə yovuşmadı, yol getmədi bizimlə. Nuriyyə xanım bizi dəfələrlə təhqir edib, bununla bağlı dəfələrlə İcbari Tibbi Sığorta Agentliyinə, TƏBİB-ə müraciət də etmişik. Heç kim xəstəxanada nə baş verdiyi ilə maraqlanmayıb”.

 

Kliniki diaqnostik laboratoriya şöbəsində çalışan Aynur Əsədli deyir ki, hazırda  xəstəxana rəhbəri ilə baş verən proseslər məhkəmə müstəvisindədir: “Bu gün baş verənlər də elə məhkəməyə təsir etmək üçün baş həkim tərəfindən atılan addımdır. Mən baş verən hadisələrlə bağlı Cənab Prezidentə müraciət eləmişdim. Həmin məktub İnstitutun direktoru Həqiqət Qədirovanın əlindədir. O, məktubda yazdıqlarımla bağlı məni verib məhkəməyə. Oturub sakit işlədiyim iş saatında dırnaqarası dediyim hüquqşünas mənə zəng vurur. Getmişəm otağına, deyir ki, siz xəstəxanada sanitar qaydaları pozmusunuz. Deyirəm nə etmişəm? Deyir mürəbbə qoymusunuz soyuducuya.  Axı mənim mürəbbə ilə çay içmədiyimi orda bilirlər. Bununla bağlı xadimə izahat yazdı ki, mürəbbə ona məxsusdur”.

 

İntihara cəhd etməyə sizi nə vadar etdi sualına gəlincə, Aynur Əsədli deyir ki, oktyabrın 15-də mən vaksin olunmaq üçün qeydiyyatda olduğum xəstəxanaya getdim: “Kifayət qədər növbə var idi. Bilirdilər ki, vaksin üçün getmişəm. İşə gələndə işlərim tökülüb qalmışdı. Dərhal işə başladım. Bir neçə dəqiqə sonra laborantlar gəldi ki, Aynur xanım reaktivlərin olduğu soyuducu istidir. Yəni analizlər səhv çıxa bilər. Şöbə müdirinə xəbər verdilər, o isə heç bir tədbir görmədi”.

 

Bundan sonra Aynur Əsədli özü və həmkarları müdaxilə edib soyuducunu düzəldir. Aynur Əsədli iddia edir ki, şöbə müdiri Nuridə Səlimova isə yaranmış problemlə maraqlanmadan evə gedir. Çarəsiz qalan həkim institutun direktoruna zəng edir. Amma bu cəhdi də baş tutmur və belə köməkçi ilə danışıb baş verənləri ona izah edir. Məsələyə baş həkim qarışdıqdan sonra reaktivlər digər soyuducuya köçürülür: “16 oktyabrda yenidən məni direktorun otağına çağırdılar. Baş həkimin əvəzedicisi və həmkarların sədri də orda idi. Dedilər haqqında təqdimat yazılıb. Səbəbini soruşdum, dedilər dövlətə ziyan vurmusan, reaktivlər xarab olub. Mən izahat yazmadım, çünki o işə məsul məndən başqa iki həkim var. Dedi ki, əgər izahat yazmasan bu da aktlaşdırılacaq. Mən işdə olmaya-olmaya üstümə atılan böhtana görə intihara cəhd etdim. Sterik vəziyyətdə idim. O, zaman əlimə başqa şey keçsəydi onunla özümü vuracaqdım, amma əlimə elə ilk qayçı keçdi. Həkim yoldaşlarımın səyi nəticəsində ölümdən döndüm. Təcili yardım çağırdılar”.

 

Hadisə yerinə 25-ci polis bölməsinin əməkdaşları cəlb olunub. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Nuriyyə Səlimova bölməyə dəvət olunub. Qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi təmin olunub.

 

Hadisə ilə bağlı TƏBİB-in də mövqeyini öyrəndik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı  Elnarə Baxış bildirdi ki, əmək vəzifəsini icra etmədiyinə görə, Aynur Əsədlidən izahat istənilib. Aynur Əsədli bununla razılaşmayıb və etik normalara zidd davranış nümayiş etdirib.

 

Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Bildirilir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant işləyən Əsədli Aynur Azad qızının intihara cəhd etməsi barədə vətəndaş müraciəti əsasında hazırda Nizami rayon prokurorluğunda araşdırma aparılır.

 

 

Sevinc Vaqifqızı

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR