Bakıda sökülən idman klubuna görə məsuliyyəti kim daşıyır?

# 17:45
18 sentyabr 2021

Bir müddət öncə Bakının Xətai rayonu Cavanşir küçəsi 36 ünvanında yerləşən “Lider” idman klubunun binasının “RS Construction” MMC tərəfindən sökülməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

 

APA TV məlumat verir ki, idman klubunun sahibi, Birinci Qarabağ Müharibəsi iştirakçısı İlham Sərdarovun sözlərinə görə, məhkəmə araşdırması zamanı şirkətin icazəsi olmadığı halda bir ildən artıq müddətdə tikinti işlərinə başladığı üzə çıxıb. İdman klubu isə qanunsuz olaraq gecə saat 4 radələrində sökülüb: ”Bu ilin mart ayının 20-si günü mənə tanımadığım nömrədən zəng gəldi. Bizim zalın ağır texnika ilə dağıdılmasını mənə xəbər etdilər. Mən dərhal hadisə yerinə gəldim. “Olympus Park” 30 nəfər mühafizəçisinin orada dayandığını və içindəki bütün idman avadanlıqları ilə birlikdə dağıdıldığını gördüm. 2 sentyabrda isə tikinti şirkəti mühafizənin köməkliyi ilə mənim bütün idman avadanlıqlarımı, idman zalında olan hər şeyi maşınlarla daşıdılar”.

İlham Sərdarov deyir ki, əvvəlki məhkəmənin qərarı ilə tikinti aparılan 3 binadan birinin tikintisi dayandırılsa da hal-hazırda iş gedir. Onun tələbi isə “RS Construction” MMC tərəfindən ona dəyən maddi və mənəvi zərərin ödənilməsidir: ”Biz həmin zərərlərə görə təzminat istəyirik. Mənəvi zərər üçün bir milyon manat və beş yüz min dağıdılan idman zalımızın bərpası üçün”.


Zərərçəkənin sözlərinə görə, idman zalının dağıdılması nəticəsində məşqçilərin bir çoxu işsiz qalıb.

 

Məsələ ilə bağlı “RS Construction” MMC-nin Nobel layihəsi üzrə icraçı direktoru Mehdi Bədirovla əlaqə saxladıq. Mehdi Bədirov deyir ki, ərazidə söküntü işləri aparan zaman idman zalının ətrafındakı obyektlər alınıb. Söküntü işləri aparan zaman idman klubuna dəyən ziyan barəsində isə bir neçə dəfə zərərçəkənlə söhbət edilib. Lakin onun istədiyi məbləğlə şirkətin təklif etdiyi fərqli olub. Onun 240 kvadratmetr obyektinin əvəzinə yeni  300 kvadratmetr obyekt tikilmək təklif olunub: “Biz ona sahəsi 300 kvadratmetr, 6 metr hündürlükdə, havalandırma sistemi olan və bütün son model idman avadanlıqları ilə təmin olunan obyekt təklif etdik. Əlavə olaraq övladına bir mənzil təklif etdik, onu da qəbul etmədi. Bir milyon beş yüz min manatlıq təzminat istədi. Bu qeyri-ciddi bir məsələdir. Pul şəkildə o qədər vəsait yoxumuzdur. Həm də dəyəri o deyil. 60-cı illərdən qalma obyektdir. Ərazi bəlli, torpağın qiyməti bəllidir. Yəni heç cür başa-baş razılığa gələ bilmədik”.

 

Mehdi Bədirovun sözlərinə görə avadanlıqların çıxarılması barədə isə yanlış məlumat verilib: “Biz şirkət olaraq bütün avadanlıqları aktlaşdırmışıq. Bunu İlham Sərdarovun gözləri qarşında etmişik”, - deyə şirkət rəsmisi bildirib.

 

Bəs görəsən mənəvi ziyan kimi zərərçəkmiş şəxs bir milyon manat təzminat iddiası qaldıra bilərmi?

 

Norma Hüquq Mərkəzinin direktoru Şamil Paşayev deyir ki, mənəvi ziyana görə təzminatın hesablanmasına qanunvericilikdə heç bir məhdudiyyət yoxdur: ”Hər hansı bir şəxsin obyektinin dağıdılması və sökülməsi ilə bağlı məhkəməyə müraciət hüququ var. Şəxsin özünə dəymiş mənəvi ziyana uyğun olaraq təzminatın hesablanmasına qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Şəxsin 1, 2, 10 milyon iddia qaldırmasına qanunvericilik heç bir məhdudiyyət qoymur”.

 

Şamil Paşayev deyir ki, bütün hallarda son qərar məhkəmə tərəfindən verilir. İlham Sərdarovun bir milyon mənəvi zərər üçün təzminatı tələb etməsi öz qanuni hüququdur.

Semral Cavad,

Əli Ələkbərov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR