Bakıda yaşayan əfqan ölkəsindən və “Taliban”dan nə danışdı?

# 17:20
9 sentyabr 2021

30 ilə yaxındır Azərbaycanda yaşayan Məhəmməd Məhəmmədi də hazırda Əfqanıstanda baş verənlərdən olduqca narahat olduğunu deyir. 17 yaşına kimi Əfqanıstanın Kapisa şəhərində yaşayan Məhəmməd daha sonra İrana gəlib. Bir müddət orda qalıb işlədikdən sonra Azərbaycana üz tutub: “Mənim 5 yaşım olandan elə müharibə görmüşəm. Orda vəziyyət yaxşı olsaydı, mən niyə İrana işləməyə gəlirdim ki. İranda 5-10 manat pul qazanıb göndərirdim ailəmə. Əfqanıstanda ən böyük problemlərdən biri işsizlik idi”.   

 

Atasını uşaq yaşlarında itirən Məhəmməd deyir ki, ailəsi dağ kəndində olduqca kasıb ailədə yaşayıb. Uşaq yaşlarından ailəni maddi baxımdan təmin etmək üçün işləməyə məcbur olduğundan məktəbi də yarımçıq saxlamalı olub. Əsasən maldarlıqla məşğul olan Məhəmməd gününü dağlarda heyvanları otarıb, odun oduncaq yığmaqla məşğul olub: “Müharibə başlayandan çox narahatam. Hər dəfə namaz qılanda dua edirəm ki, Əfqanıstanın başından bu bəla bitsin. Çünki bir ölkədə 45 il müharibə gedər? Bütün dünya rahat oldu bir Əfqanıstandan başqa. Orda nə şirkət var, nə iş yerləri var”.

 

Hazırda qohumlarının Əfqanıstanın müxtəlif vilayətlərində yaşadığını deyən Məhəmməd ara-sıra onlarla əlaqə yarada bildiyini, ən azından sağ-salamat olduqlarını öyrəndiyini deyir: “4 bacım var. Onlardan biri Pakistanda yaşayır, o biri üçü Əfqanıstanda yaşayır. On gün olar danışmışam onlarla. Bizim Kapisa şəhərində mobil dalğa olmur ona görə gec-gec danışa bilirəm onlarla. Danışanda deyillər aclıqdı. İş yox yemək yox.  

- Humanitar yardım olunmur onlara?

- Xeyir, heç kim kömək etmir. Aclıqdı”.

 

Müsahibimizlə Əfqanıstanın yazılan və yazılmayan qanunlarından da danışdıq: “Əfqanıstanın öz qayda-qanunları var. Orda qızlarla oğlanlar məktəbdə bir yerdə otura bilməz. Elə bizim zamanda da elə idi. Qadınlar hamısı hicab bağlamalıdır. İnsanlar azad yaşamaq istəyir. Əksəriyyət ona görə ölkəni tərk edir ki, “Taliban” bəzi qadağalar edir onlarda rahat yaşamaq istəyirlər. “Taliban”ın da yaxşısı da var, pisi də var. Necə ki, 5 barmaq hamısı bir deyil eləcə də “Taliban” da hamısı bir deyil. Qıraqdan bəzi güclər müdaxilə edir pis nəsə baş verəndə hamısı da yazılır “Taliban”ın ayağına. Ona görə insanlar qorxur”.


Azərbaycanda ailə quran Məhəmməd Məhəmmədi hazırda 3 uşaq atasıdır. Bir valideyn olaraq hər zaman övladlarını azad, firavan bir ölkədə böyütmək istəyib. Elə bu səbəbdən də ölkəmizdə qalaraq 2021-ci ilin avqust ayından Azərbaycan vətəndaşlığını qəbul edib.

 

Bəs hazırda Əfqanıstanda vəziyyət nə yerdədir? İllərdir adı müharibə ilə paralel çəkilən ölkədən hər gün yeni xəbərlər gəlir. 

 

Kabildə yaşayan Hussain Qasimi gün ərzində Pancşir ilə “Taliban” arasında qarşıdurmanın  davam etdiyini, hələ də “Taliban”ın Pancşir əyalətini tamamilə öz nəzarətinə ala bilmədiyini deyir: “”Taliban”ın işğalından sonra bu ərazilərdə insanların fəaliyyəti məhdudlaşdırılıb. Ərazidəki tranzit və ərzaq yolları, internet əlaqəsi, işıqlandırma sistemi tamamilə “Taliban”ın nəzarətindədir. Bununla yanaşı əraziyə giriş-çıxış tamamilə bağlanıb. Əhali aclıqdan ciddi əziyyət çəkir. Nümayişçilərin aqibəti heç də yaxşı deyil. Əfqanıstanda yaşayan qadınların həyat şəraiti ağırlaşıb. Onlar təhsil alarkən kişilərlə bir yerdə otura bilməz. İngilis dili kafir dili elan olunduğundan heç bir vətəndaş bu dildə təhsil ala bilməz. Hətta qadınlar heç bir idman növü ilə məşğul ola bilməz. Bura futbol, voleybol və basketbol daxildir”.

 

Hüssayin Qasimi “Taliban” tərəfindən bütün Əfqanıstan vətəndaşlarına, yüksək hökumət vəzifəlilərinə Əfqanıstandan çıxmaq qadağan edildiyini, bir sıra dövlət və hökumət adamlarının isə “Taliban” qüvvələrinə dəstək olduğunu bildirdi.

 

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV  

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR