Baydenin Putinə cavabı gecikmədi: Yüzlərlə tank, milyonlarla sursat gəlir...
Fevralın 21-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Polşaya səfəri zamanı Paytaxt Varşavada əhali qarşısında çıxış edib. Təxminən 20 dəqiqə çəkən çıxış əksər televiziyalarla canlı yayımlanıb. ABŞ prezidentinin çıxışının əsas hissəsi Rusiya-Ukrayna müharibəsi barədə olub. Bayden Rusiyanı Avropa və Amerika, eləcə də demokratiya üçün təhlükə adlandırıb və əlavə edib ki, Qərb Ukrayna ilə birlikdə Putin rejiminə qarşıdır.
Bayden Ukraynadakı hazırkı vəziyyəti faciə adlandırıb və bildirib ki, ABŞ Kiyevə dəstəyini azaltmayacaq və yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq. ABŞ prezidenti deyib ki, ukraynalıları öldürən rus hərbçiləri insanlıq əleyhinə cinayət törədirlər və Putinin enerjini silaha çevirmək cəhdi baş tutmayıb.
“Rusiya əsgərləri və muzdluları müharibə cinayətləri törədib, qadınları zorlayıb, yaşayış evlərini bombalayıb, ukraynalı uşaqları oğurlayıb. Putin hələ də Qərbin Ukraynanı dəstəkləyəcəyinə, birləşəcəyinə şübhə edir. Heç şübhə etməsin. Biz yorulmayacağıq, geri çəkilməyəcəyik. Ukrayna qalib gələcək. Biz zülmətin deyil, işığın, azadlığın tərəfindəyik!” – deyə Bayden çıxışında bildirib.
ABŞ lideri onu da vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi Putinin seçimidir və sülh prinsipləri Putinin Ukraynaya təcavüzü səbəbindən məhv olmaq təhlükəsi altındadır.
Bayden vurğulayıb ki, Rusiya Ukraynanı işğal edəndə NATO və bütün demokratiyalar sınaqlarla üzləşdi. Bir il sonra məlum oldu ki, dünya Rusiyanın hücumuna göz yummayacaq. Biz demokratiya və suverenliyin, eləcə də insanların təcavüzsüz yaşamaq hüququnun tərəfdarıyıq, – deyə Co Bayden əlavə edib.
Rusiyaya qarşı 50-yə yaxın ölkənin koalisiya yaratdığını da qeyd edən Bayden bildirib ki, Ukrayna üçün 700-dən çox tank və minlərlə zirehli texnika, minlərlə artilleriya sistemi və 2 milyondan çox artilleriya sursatı, 50-dən çox raket və hava hücumundan müdafiə sistemləri göndəriləcək.