Beş aylıq Ümidin 15 gün yaşamaq şansı qalıb - SOS

# 14:32
8 iyun 2021

İbadovlar ailəsi Ağdamın Seyidli kəndindən məcburi köçkün düşüb. Hazırda Ağdam rayonunun Təzəkənd qəsəbəsində yaşayırlar.

 

Ailə başçısı Xalid İbadov APA TV-nin Qarabağ bürosuna bildirib ki, Ümid ailənin ilk övladıdır. Bir müddət əvvəl Ümidin səhhətində problem yaranıb və həkimlər dərhal əməliyyat olunmağın vacibliyini bildiriblər. Əks təqdirdə, Ümidin həyatını xilas etmək mümkün olmayacaq. Lakin ailənin əməliyyat üçün lazım vəsaiti əldə edə bilməməsi Ümidin əməliyyatını yubadır: “Bir ayında əməliyyat olmalı idi, biz bilməmişik. Beş ayı olanda bildik ki, ürəyinə qüsur var. Həkim səhlənkarlığından olub. Həkimlər deyirdi yaxşıdır. 1-ci əməliyyata 9 min, 2-ci əməliyyata isə 20-25 min manat pul lazımdır. Maddi imkanımız çatmadığı üçün biz əməliyyat etdirə bilmirik. Mən Azərbaycanın xeyirxah, imkanlı insanlarından kömək istəyirəm. Övladımın adı Ümiddir. Xahiş edirəm, kömək edin, övladımın ümid çırağı sönməsin”.

 

Ata deyir ki, ard-arda bir neçə dəfə Ümidi fərqli xəstəxanalarda müayinə etdirib. İlk vaxtlar həkimlər yanlış diaqnozlar qoyublar və xəstəliyi aşkarlamaq mümkün olmayıb.  Ümidin diaqnozu təsdiqlənərkən isə həkimlər yaşamaq şansının yalnız cərrahiyyə əməliyyatından asılı olduğu deyiblər.

 

Ümidin nənəsi Şəkurə İbadova deyir ki, həkimlər əvvəlcə uşağın yaxşı olacağını bildirsələr də, onların diaqnozu düz çıxmayıb: “Uşaq yeni anadan olanda ağzında göyərmələr olurdu. Doğuş həkimi dedi ki, qeysəriyyə əməliyyatı ilə anadan olduğu üçün belə olur. Zamanla yaxşı olacaq. Bir qədər əvvəl apardıq Bərdə rayon xəstəxanasına. Dedilər ürəyində problem var. Yoxlanıb? Dedim, yox. Dedilər, təcili Bakıya getməlidir. Uşağın ürəyində 3 qüsur var. Təcili əməliyyat lazımdır. Bizim əməliyyat üçün lazım olan vəsaitə gücümüz çatmır. Sığorta deyir, 2 min qarşılaya bilərik. Biz Azərbaycan xalqından, Azərbaycanın qeyrətli oğullarından kömək istəyirik. Hesab açmışıq, çox sağ olsunlar. 1 manat belə bizim üçün böyük puldur hazırda”.

 

5 ayı yeni tamam olan Ümidin anası Rəna İbadova övladının hər gün gözlərinin önündə əridiyini deyir. Bir ana üçün övladını itirmə təhlükəsi qədər ağır dərdin olmadığını deyən ana son ümid yerinin yardımsevər insanlar olduğunu bildirir: “Oğlum 15 gün ərzində əməliyyat olunmasa, hər an ölə bilər. Vəziyyəti getdikcə çox ağırlaşır. Necə edək, bilmirik. Kart hesabı da açmışıq. Kimin nəyə imkanı çatsa, bizə kömək etsin”. 

 

İnsanlara yardım etmək həm bu dünyada, həm də axirətdə  ən savab əməllərdən sayılır.  Biz də vətəndaşlarımızın 5 aylıq Ümid balamızın həyatda qala bilməsi üçün laqeyd qalmayacaqlarına ümid edirik. Ümid İbadovun müalicəsi üçün yardım etmək istəyən vətəndaşlar ekranda gördükləri bank hesabına ödəniş edə və ya ailə ilə əlaqə saxlaya bilərlər.

 

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR