Bir doza peyvənd olunanlar iri ticarət mərkəzlərinə buraxılmayacaq?

# 17:28
1 sentyabr 2021

Bu gündən etibarən iaşə obyektləri, mehmanxana və restoranlara giriş yalnız COVID-19 pasportu və immunitet sertifikatı əsasında olacaq. Bir çox vətəndaşlar isə yalnız birinci doza vaksini qəbul edib. Həmin vətəndaşların sayı bir milyondan çoxdur. Onlarda belə bir sual ortaya çıxır ki, qapalı məkanlara girişə icazə veriləcəkmi?


Çəkiliş apardığımız zamanda müşahidə etdik ki, iri ticarət mərkəzlərinə vətəndaşlar yoxlamadan keçdikdən sonra buraxılır. Bu isə öz növbəsində sıxlığa səbəb olur.

 

APA TV xəbər verir ki, paytaxt sakinlərinin bir çoxu iki doza peyvənd olunsa da, bəzi şəxslər yalnız birinci dozanı qəbul edib. Onlar isə həmin obyektlərə daxil ola bilməməsindən narazılıq edirlər:


 

- Bu gün 28 malla gəldik, lakin bizi buraxmadılar ki, iki doza peyvənd olunmalısan. Mən soruşdum ki, nəyə görə? Çünki bu günə qədər qərar bu cür idi ki, mall və restoranlara vaksinsiz buraxılmayacaqlar, ən azından bir doza olmalıdır. Məndə bir doza qəbul etmişəm, ikinci doza ayın 9-da olacaq. Mühafizədə deyir ki, ikincini də olunun, tək mən deyiləm, çox adam geri qaytarılıb. Bəs bu nə dərəcə düzgündür? Məncə bu haqsızlıqdır.

 

- Məncə heç bir dozanı qəbul etməyənlər də buraxılmalıdır iaşə obyektlərinə. Maska taxır, məncə kifayətdir. Heç bir halda bu zərurətlər olmamalıdır.

Bəzi vətəndaşlar isə hər iki doza peyvənd olunmasına baxmayaraq şəxsiyyət vəsiqəsini göstərmədiyi üçün iaşə obyektinə daxil ola bilməyib.


 

- Şəxsiyyət vəsiqəsini oğluma zəng etmişəm ki, gətirsin. Ona görə buraxmırlar. Hər iki dozanı qəbul etmişəm.


Restoran və kafelərdə isə vəziyyət bir qədər fərqlidir. İaşə obyektlərinin sahibləri deyir ki, onlara bir doza peyvənd qəbul edən vətəndaşları qəbul etməyə icazə verilir.


 

Bu gündən etibarən vaksin olunmayanları obyektə buraxmırıq. Bizə gələn məlumatda dedilər ki, bir doza qəbul edənlərə girişə icazəsi var. Bizdə hələlik qəbul edirik.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Elşad Hacıyev bildirib ki, İctimai iaşə müəssisələrində, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız iki doza vaksinasiyadan keçmiş, pasportla təmin olunan şəxslər istifadə edə bilərlər. Elşad Hacıyev onu da əlavə edib ki, Nazirlər Kabinetinin bu qərarı açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil.


Qeyd edək ki, Operativ qərargahın qərarına görə, iaşə obyektlərinin işçi heyətinin  sentyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

 

Semral Cavad,

Əli Ələkbərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR