Bir nəğməsən sən... – “ŞUŞANIN DAĞLARI”

# 12:23
27 aprel 2021

Tərcüməyə ehtiyacı olmayan yeganə dil musiqidir. Bəzi musiqilər illərlə yaşayıb zamanın süzgəcindən keçsə də, öz mahiyyətini və yeniliyini heç vaxt itirmir.

 

Belə mahnılardan biri də “Şuşanın Dağları” mahnısıdır. Hər dinlədiyimizdə Şuşanı xəyalımıza gətirən, Qarabağın simvolik himni adlandırılan bu mahnı Xan Şuşinski tərəfindən bəstələnib.  

 

Təxəllüsü Xan Şuşinski olan İsfəndiyar Aslan oğlu Cavanşirov 1901-ci ildə Şuşa yaxınlığında, Ballıca kəndində bəy ailəsində doğulub. Erkən yaşlarından musiqini çox sevən İsfəndiyar İslam Abdullayevdən xanəndəlik sənətinin sirlərini öyrənib. 15-16 yaşlarında isə öz səsi və ifası ilə bütün Qarabağda məşhurlaşıb.

 

Deyilənə görə, İsfəndiyar “Segah İslam” kimi tanınan ustadı İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar Təbrizli Əbülhəsən xanın ifasında "Kürd Şahnaz" muğamını dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra “Segah İslam” gözlənilmədən İsfəndiyardan “Kürd Şahnaz”ı səsləndirməsini istəyir. İsfəndiyar Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürd Şahnaz”ı elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə bu imiş ki!” deyirlər. Müəllimi İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski” deyərək ona ustad xeyir-duasını verir.

 

Beləliklə, Xan Şuşinski bütün Qafqazda məşhurlaşır. O, 1930-cu illərin əvvəllərində mədəniyyət beşiyimiz olan Şuşanı vəsf edərək “Şuşanın dağları” mahnısını yazır. Xan əmi bu mahnıda Vətənin sipəri olan, düşmən qarşısına mərdi-mərdanə çıxan Şuşanın dağlarını, təbiətini qırmızı koftalı, yaşıl tumanlı gözə, qıza bənzədir. Zaman keçdikcə, mahnı xalqın dillər əzbərinə çevrilir.

 

Lakin sənətkarın bu mahnısına "siyasi don" geyindirənlər də tapılır. Şuşanın dağlarının başının niyə dumanlı olması, üstəlik, qırmızı və yaşıl rənglərlə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını nəzərdə tutmasına dair şübhələr və sorğu-sual az qala istintaq səviyyəsinədək yüksəlir. Bundan yaxa qurtarmaq üçün hətta Xan Şuşinski mahnının sözlərini bilərəkdən dəyişib, "Şuşanın dağları deyil dumanlı" şəklində də ifa edir.

 

90 ildən çox yaşı olan mahnı zaman-zaman bir çox müğənnilər tərəfindən də səsləndirilib. Əbülfət Əliyevin və Yaqub Məmmədovun ifalarından sonra mahnını milli opera müğənnisi Əli Mehdiyev, peşəkar müğənni Vəli Məmmədov da ifa edib.

 

1988-ci ildə qızıl fonda daxil olmuş ifa isə xanəndə Sədi Məmmədova məxsusdur. 90-cı illərdə bu mahnını oxuyan ilk qadın ifaçı məşhur müğənni Bəsdi Sevdiyeva olub.

 

Mahnı ilk dəfə muğam triosunun müşayiəti ilə də ifa olunub. Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov və bir çox başqa müğənnilər "Şuşanın dağları" mahnısını tez-tez ifa ediblər. "Şuşanın dağları" əsasən milli alətlərin müşayiəti ilə ifa edilsə də, müasir aranjimanda estrada janrında ifa olunmaqla da şöhrət qazandı. Vaqif Gərayzadənin aranjimanı ilə "Şuşanın dağları" mahnısına müğənni Zülfiyə Xanbabayeva yeni nəfəs verib.

 

İllərdir səsləndikcə Qarabağımıza, Şuşamıza olan nisgilimizi ifadə edən bu avaz artıq Şuşada səslənir. Həm də nisgilsiz, sevinc və fəxarətlə.

 

Başı dumanlı Şuşa dağları da, Qızlar oylağı da Xan Şuşiniskidən yadigar qalan bu  mahnı ilə bundan sonra da uzun illər yaşayacaq. Avazın Şuşanın dağlarından heç əskilməsin, Xan əmi!

 

Fatma Zahidqızı

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR