BMT necə işləyir? - ADA-da simulyasiya başladı

# 15:54
13 aprel 2022

Azərbaycanla BMT arasında tərəfdaşlıq və əməkdaşlığın 30 illiyinin qeyd edilməsi çərçivəsində ADA Universitetində ADAMUN Simulyasiya Konfransının açılışı olub. Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və BMT arasında qurulan diplomatik münasibətlərin 30 illiyini qeyd etmək üçün silsilə tədbirlər keçirilir. O qeyd edib ki, 1992-ci ildə Azərbaycan BMT-yə üzv olaraq beynəlxalq cəmiyyətin məsuliyyətli üzvü kimi BMT Nizamnaməsinin prinsiplərini dəstəkləyib, onun işinə töhfə verib: “Biz regionumuzda və onun hüdudlarından kənarda sülhü təşviq edir, digər ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirir, BMT-nin sülhməramlı əməliyyatla­rında iştirak edir, COVID-19 pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması üçün səyləri dəstəkləyir və humanitar çağırışlara cavab veririk. Biz həm də çoxtərəfliliyin güclü tərəfdarıyıq və mədəniyyətlərarası dialoqun ən böyük təşviqatçıların­dan biriyik. Azərbay­can BMT platforması çərçivəsində çoxtərəfli və ikitərəfli əlaqələrini inkişaf etdirib, BMT-nin sülh missiyalarında iştirak edib. Ölkə BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstək­lə­yib. Azərbaycan hazırda Qoşulmama Hərə­ka­tına sədrlik edir, bu çərçivədə bir sıra uğurlu işlər görüb. Azərbaycanın təşkilata sədrliyi çoxtərəfli əməkdaşlığa təkan verib”.

 

Nazir daha sonra qeyd edib ki, gənclər bu simulyasiyalarda təcrübə qazanır, BMT-nin işləmə metodlarını öyrənir və BMT siyasi dinamikası ilə yaxından tanış olur: “Diplomat olmaq asan deyil, siz bu simulyasiyada ölkələrinizin adından qərarların qəbul edilməsinin nə qədər çətin olduğunu başa düşəcəksiniz”, -deyə nazir söyləyib.

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva isə çıxışında qlobal problemlərdən danışıb. O deyib ki, iqlim dəyişikliyi, ksenofobiya, dezinformasiya, münaqişələr, ac­lıq, kibertəhlükələr və s. bu gün bütün dünyanın üzləşdiyi çətinliklərdir və bunlar həm də gənclərə təsir edir. Andreeva diqqətə çatdırıb ki, bu simulyasiyada gənclər BMT platformasında qlobal çətinliklərlə mübarizədə alınan qərarların necə verildiyini öyrənəcəklər: “Azərbaycan BMT-nın dəyərli tərəfdaşı və üzvüdür. Biz inanırıq ki, dayanıqlı, güclü dünyanın qurulmasında birlikdə işləyəcəyik. Bu üç gün ərzində onlar hazırda dünya üçün vacib əhəmiyyət kəsb edən, adi insanların, o cümlədən burada olan hər kəsin həyatına təsir edən müxtəlif problemlərin həlli yolllarını müzakirə edəcəklər”.

 

Açılış mərasimində BMT Baş katibi Antoniu Quterreşin təbrik videomesajı da təqdim olunub. Qeyd edək ki, üç gün davam edəcək simulyasiyada Azərbaycanın müxtəlif universitetlərindən 80-dən çox tələbənin iştirakı nəzərdə tutulub.

 

 

Fuad Sadıqov

Xəyal İskəndərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR