Bölgələrimizin yeni dərdi: Əhali niyə COVID-19 testi verə bilmir?

# 18:17
15 dekabr 2021

Tovuz və Şəmkir rayonlarının sakinləri COVID-19 testi verməkdə problemlə qarşılaşıblar.

 

Tovuz rayon sakinləri APA TV-yə bildiriblər ki, artıq 1 həftədən çoxdur test vermək üçün getdikləri xəstəxanadan kor-peşman geri dönürlər. Xəstəxanadan onlara bildirilir ki, yaxma götürmək üçün lazım olan tibbi ləvazimatları, əsas da analiz çöpləri yoxdur. 

 

Test üçün Şəmkir rayon Xəstəxanasına üz tutublar, lakin orada da eyni cavabla qarşılaşıblar.

 

Təcili Tibbi Yardıma müraciət etsələr də, onlarda da analiz üçün lazım olan çöplərin olmadığı məlum olub.

 

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda iki cür koronavirus testi aparılır. Bunlardan biri burundan və ağız boşluğundan yaxma götürülməklə, digəri isə seroloji test vasitəsilə, yəni qan analizi götürməklə icra olunur.

 

Sakinlər onu da bildirib ki, test götürülmədiyindən hər iki xəstəxanada həkimlər onları KT müayinəsinə yönəldiblər. Bu isə həm bahalı, həm də orqanizm üçün zərərli prosesdir.

 

Bölgələrdə test probleminin niyə yarandığını araşdırmaq üçün TƏBİB-lə əlaqə saxladıq. Qurumdan bildirildi ki, artıq təchizatla bağlı məsələlər həll olunub, sözügedən bölgələrə ləvazimat göndərilib.

 

Yerdə qalır yerli həkimlərin əhalini KT müayinəsinə yönəltmək cəhdləri… Bəs bu nə dərəcədə doğrudur?

 

Həkim Ayaz Hidayətov deyir ki, PCR testi, yəni yaxma üsulu ilə bağlı çox şikayətlər olur: “Əgər hər hansı səbəbdən PCR testi mümükün deyilsə, yaxud PCR testi verilib cavabı gecikirsə, bu hallarda xəstədə klassik kliniki əlamətləri varsa, Covid 19-un bu zaman radiloji görüntüləmə tövsiyə olunur. Ancaq təbii ki, qizil standart olaraq xəstəliyin diaqnostikasında PCR- yaxma testi mütləq aparılmalıdır ”.

 

KT müayinə ilə bağlı məsələyə toxunan Ayaz Hidayətovun sözlərinə görə, istənilən halda bu müayinə növü ən son seçim olmalıdır. Onun sözlərinə görə, KT üsulunda şüalanma həddindən artıq olduğundan orqanizm üçün risklər yarada bilir.

 

Nərmin Murad

Fariz Quliyev

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR