Bu dövlət qurumunun əməkdaşı işi özbaşına tərk edərək qətl TÖRƏDİB

# 14:29
10 oktyabr 2022

Ötən ilin noyabr ayının 9-da Sumqayıt şəhərində tənha yaşayan 1945-ci il təvəllüdlü Züleyxa Osmanovanın qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hadisəni törədən Xızı sakini, 1995-ci il təvəllüdlü Xanəhməd Rüstəmov xüsusi amansızlıqla və quldurluq niyyəti ilə adam öldürmə və Quldurluq-sağlamlığa ağır zərərvurmaqla maddələri ilə təqsirləndirilib.

 

Məhkəmədə məlum olub ki, hadisəni törədən Xanəhməd Rüstəmov "Azərbaycan Dəmir Yolları" QSC-nin Mühafizə Departamentinin yüklərin və obyektlərin mühafizə komandasının əməkdaşı olub. O, hadisə baş verən gün xidmətdə olub və iş yerini özbaşına tərk edərək oğurluq məqsədilə əvvəlcədən seçdiyi mənzilə yaxınlaşıb.

 

Banka xeyli miqdarda kredit borcu olan Xanəhməd Rüstəmov Sumqayıtda bir gün əvvəldən müəyyən etdiyi və kimsənin yaşamadığını düşündüyü mənzilə binanın yağış borusuna dırmaşmaqla çıxıb. O, gecə saat 04 radələrində 3-cü mərtəbədəki mənzilə eyvandan daxil olaraq axtarışa başlayıb və bu zaman mənzildə yaşayışın olduğunu, qonşu otaqdan səs gəldiyini eşidib. Daha sonra Xanəhməd eyvandan götürdüyü daşla Züleyxa Osmanovaya ağır zərbələr endirib, onun ölmədiyini gördükdə isə yerə yıxaraq boğub. Evdən 40 manat pul, telefon, noutbuk götürən şəxs daha sonra oradan uzaqlaşıb.

 

Məhkəmədə bildirilib ki, Züleyxa Osmanovanın övladları İngiltərə və Hollandiya vətəndaşıdır və o, vaxtaşırı olaraq xaricə gedərək övladı ilə qalıb. Azərbaycana qayıtdıqda isə Sumqayıtdakı evində tək yaşayıb.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutulub. O, törətdiyi əməli etiraf edib.

 

Məhkəmə prosesində ifadə verən QSC-nin Mühafizə departamentinin yüklərin və obyektlərin mühafizə komandasının rəisi Xanəhməd Rüstəmovun hadisə baş verən gün sutkalıq xidmətdə olduğunu və iş yerini özbaşına tərk etdiyini bildirib.

 

Xanəhməd Rüstəmov isə evə basqın etməzdən əvvəl xidməti geyimini çıxararaq mülki paltar geyindiyini deyib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xanəhməd Rüstəmova 19 il müddətinə həbs cəzası verilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR