Bu kəndin sakinləri 30 ildir təbi qaza həsrətdir

# 23:00
2 oktyabr 2021

Gördüyünüz bu kadrlar Ağdaşdandır.

Rayonun Qaradeyin kəndində yerli sakinlər təbii qazın yoxluğu səbəbindən uzun illərdir ki, əziyyət çəkirlər. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də hələ heç bir nəticə əldə etməyiblər. Sakinlərinin sözlərinə görə, ətrafdakı yaşayış məntəqələrinə qaz çəkilsə də adıçəkilən bu kənd sanki unudulub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu kənddə mavi yanacaq olmadığı üçün vətəndaşlar hər il həyətyanı sahədəki meyvə ağaclarını, yol kənarındakı qurumuş ağacları kəsərək qış üçün tədarük görürlər. Sakinlər deyir ki, 1989-cu ildə kəndə təbii qaz çəkilib. Ancaq onlar cəmi 2 il mavi yanacaqdan istifadə edə biliblər.

“Odun tapmırıq, əziyyət çəkirik, ev buz kimi olur, gələn qonağın yanında da utanırıq, meyvə bağında ağacları da kəsib qurtarmışıq.”

“30 il əvvəl kəndə qaz verdilər, bir-iki il yandı, sonra olmadı. Bu problemi biz həmişə yaşayırıq. Odun yoxdur, meşədən gətirə bilmirik. Meşədə də odun yoxdur, cır nar ağacıdır, onun istiliyi olmur.”

Vətəndaşlar hər il yay aylarından başlayaraq payız və qış fəsli üçün odun tədarük edirlər.  Şikayətçi vətəndaşlar deyir ki, odun əldə etmək də böyük bir müşkülə çevrilib. Payız-qış aylarında odun almaq üçün 1000 manatdan çox pul xərcləmək lazım gəldiyindən, sakinlər evlərin isidilməsi və yemək bişirmək üçün meyvə ağaclarını kəsmək məcburiyyətində qalırlar.

“Biz qaz istəyirik, oduncağımız yoxdu, bir maşın odun almaq üçün 500 manatdan çox pul lazımdı, bu da bir qışın yarısına bəs edir. Atam 250 manat maaş alır, ailəni dolandıra bilmir, hər şey bahadı, odun almağa imkanımız yoxdu.”

Kəndin təbii qaz problemi ilə bağlı “Azərqaz” İstehsalat Birliyinin Zaqatala regional qaz istismar sahəsi məşğul olur.  Məsələ ilə bağlı qurumun Ağdaş rayonu üzrə xidmət sahəsində olduq. Sahə rəisi Pərviz Ədilov APA TV-nin yerli bürosuna bildirib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq ötən il rayonun 11 kəndinə təbii qazın çəkilişi işləri yekunlaşıb. O ki qaldı Qaradeyn kəndinə....

 “Hazırda Ağdaşda qazlaşmayan 8 kənd mövcuddu. Onlardan biri Qaradeyin kəndidir. Bu kənddə 390 ev mövcuddu. Dövlət proqramına uyğun olaraq bu kəndə qaz çəkilərək hər bir evə qaz sayğacı quraşdırılacaq, əhali mavi yanacaqla təmin olunacaq”.

Qaza həsrət qalan Qaradeyin kəndinin problemi ilə bağlı Azəriqaz İstehsalat Birliyindən sakinlərə bir az da səbirli olmaları tövsiyə edilir. Çünki, bu məsələ 2019-2023-cü illər üzrə icrası nəzərdə tutulan dövlət proqramı çərçivəsində öz həllini tapacaq.

İndi sakinlərə 2 il də səbir etmək qalır. İnanırıq ki, deyilən vaxt ərzində problem olunacaq  və sakinlər mavi yanacağın istisinə qızınacaq.

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR