Bu rayonlara dolu yağdı: Hansı sahələrə ziyan dəyib?

# 18:33
15 iyun 2022

Gədəbəyə leysan yağışdan sonra dolu düşüb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon mərkəzi ilə yanaşı, Düzyurd, Arıxdam, Maarif, Söyüdlü və ucqar kəndlərə dolu düşüb. Bundan başqa, güclü yağışdan sonra rayonun Novasaratovka və Başkənd kəndlərinə sel gəlib. Təbii fəlakət əkin sahələrinə ziyan vurub. Hazırda Gədəbəy rayonunda yağışlı hava davam edir.

 

Bir neçə gündür hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna da dolu yağıb. Rayonun Xoşbulaq, Çanaqçı, Alaxançallı, Almalı, Suqovuşan və Qabaqtəpə kəndlərinə dolu düşüb, çaylarda suyun səviyyəsi artıb.

 

Rayon icra hakimiyyətindən bildirilib ki, güclü yağış və dolu yağması nəticəsində rayonda hər hansı problem qeydə alınmayıb.

 

Xatırladaq ki, iyunun 10-da Daşkəsən rayonu ərazisində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda sel sularının çoxalması nəticəsində 4 körpü dağılıb, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əkin, kartofçuluq, arıçılıq sahələrinə və yaylaqlarda vətəndaşların çoxsaylı mal-qarasına ciddi ziyan dəyib, bir sıra kəndlərdə ciddi fəsadlar yaranıb. 4 kənddə elektrik enerjisi təchizatı dayanıb, elektrik dayaqları aşaraq tam yararsız vəziyyətə düşüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR