Bura məktəb demək olar? - ELƏ BİL ZİBİLXANADIR

# 18:55
30 aprel 2022

Gördüyünüz bu bina Lənkərandakı qəzalı vəziyyətdə olan məktəblərdən sadəcə biridir.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, bina Birinci Qarabağ müharibəsi şəhidi Asif Xəlilov adına Vel kənd tam orta məktəbinə aiddir. Hər halı ilə təhlükə saçan məktəb binası 30 ildən çoxdur ki, tikilib istifadəyə verilib. Lakin illər ərzində sıradan çıxsa da, əsaslı təmir işləri aparılmayıb. Nəticədə binanın divar və döşəmələrində iri çatlar əmələ gəlib, pəncərə şüşələri isə tamamilə sınıb. Məktəbddə elə otaqlar var ki, şəraitsizlik ucbatından içəri daxil olmaq mümkün deyil. Binanın qəzalı vəziyyətdə olması isə şagird və pedaqoji kollektivi çətinliklərlə üz-üzə qoyur: “10 ildir ki, Vel tam orta məktəbində oxuyuram. Şəraitimiz pis vəziyyətdədir, idman zalı pis vəziyyətdədi. Hazırlıq sinfindən burada oxuyandan döşəmələr çürük, basketbol, voleybol oynaya bilmirik. Şüşələr demək olar ki, hamısı sınıb, istilik sobayla təmin olunmuşuq, odunla işləyirik. Dərslərimizlə məşğul oluruq belə soyuq havalarda. İnternetlə təmin olunmuşuq, amma sürəti zəifdir. Dərslərdə geyinib belə kurtkalarla otururuq”.

 

“Məktəbimiz bərbaddır, müasir məktəblərdən çox fərqlənir. Sinifdə, məsələn, fransız dilində, ingilis dilində qrammatika, test çalışırıq oxuyuruq, amma dinləməmiz yoxdur, şəraitimiz yoxdur oxuyaq. Bədən tərbiyə, o dərsimiz də çox zəifdir, forma geyinə bilmirik, çünki soyunma otağımız yoxdur ki, formamızı dəyişək. Kimya, fizika kabinetlərimiz yoxdur, müasir məktəblərdəki kimi. Məsələn, 8-də dərs başlayır bizim məktəbimiz ikinin yarısı qurtarır, 5-6 saat bu məktəbdə qalırıq, bufet yoxdur bir çay içək”.

 
“1987-ci ildə tikilən məktəbdir, indiyə qədər bu məktəbdə təmir işi aparılmayıb. Eyni zamanda idman zalında nə bir ləvazimat verilib, nə bir təmir işi aparılıb. Bu zalı demək olar ki, idman müəllimləri öz gücü ilə saxlayıb. Tez-tez rəngləmişik ki, taxtalar çürüməsin, əhənglə rəngləmişik dağılmasın. Bu məktəbdə eyni zamanda respublikanın əməkdar məşqçisiyəm, birnövbəli məktəb olduğu üçün boks məktəbi keçmişəm. Təkcə tələbələrim Avropa və dünya birinciliyindən 12 medal gətiriblər. Bu məktəbdə belə bir şəraitdə məşq keçmişik demək olar ki şəraitsizlikdir”. 

 

“Hal-hazırda məktəbimizdə 133 şagird təhsil alır, 133 şagirdin təlim-tərbiyəsi ilə 33 müəllim pedaqoji heyyət faliyyət göstərir məktəbimizdə 19 texniki işçi faliyyət gösdərir. Məktəbimiz 1987-ci ildə tikilib istifadəyə verildiyi gündən heç vaxtı əsaslı təmir olunmamışdır. Yeməkxana bugünkü gündə istifadəyə tam yararsız olduğu üçün hər iki giriş-çıxışı bağlamışıq ki, şagirdlərimizin təhlükəsizliyini təmin etməktən ötrü ki, növbəçilər ayırmışıq qəzalı vəziyyətdə olan otaqlarımıza. Hər hansı bir hadisə olmasın deyə növbəçilər  sistemini gücləndirmişik - növbətçi müəllimlər, texniki heyətdən hər mərtəbədə iki növbətçi ayırmışıq ki, şagirdlərimiz yararsız vəziyyətdə olan otaqlarımıza, yeməkxanaya, akt zalına girməsinlər, bir hadisə olmasın deyə. Məktəbimiz iki mərtəbəli uyğunlaşdırmış binadır əlavə binası da vardı həmin binamızda cox yarasız vəziyyətdə  olduğu üçün onu bağlamışıq istifadə etmirik”.

 

350 şagird yerlik olmasına baxmayaraq, məktəbdə təhsil alan şagirdlərin sayı 3 dəfə azdır. Səbəb isə valideynlərin övladlarını şəraitsiz məktəbə göndərmək istəməməsidir.

 

Düzdür, müəllim və şagirdlər şəraitsizlikdən gileylənir, ancaq görünür, aidiyyəti qurumlar elə də narahat deyil. Məsələ ilə bağlı Lənkəran rayon şöbəsinə müraciət etdik. Aldığımız cavab isə nə yaxşı sayılar, nə də pis...


“Vel kənd tam orta məktəbi 1987-ci ildə bir tipli lahiyə əsasında tikilmiş məktəbdə yerləşir. Hal-hazırda o məktəbdə heç bir təmir işi aparılmamışdır, ona görə də məktəb çox yararsız vəziyyətdədir. Onun ibtidai sinif korpusu istifadə olunmur, ibtidai sinifdə oxuyan şagirdlər əsas binada dərs keçillər. Məktəbin akt zalı, idman zalı, bufeti ümumiyyətlə məktəb çox yararsız vəziyyətdədir, bu məktəbin əsaslı təmir olunması nəzərdə tutulmuşdur. Yaxın illərdə əsaslı təmir olunacaqdır”. 

 

Məlum təhlükə qeyri-müəyyən vaxta qədər məktəb kollektivini tərk etməyəcək...

 

 

 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV. Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR