Dalana dirənmiş Ermənistan: Yeni yol üçün pul tapa bilmirlər

# 18:08
17 sentyabr 2021

Son günlər Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində yerləşdirilmiş postlarda İrandan gələn yük maşınlarının və avtobusların yoxlanılması onsuz da iqtisadi böhran yaşayan Ermənistanı daha da ağır vəziyyətə salıb.

Vəziyyətdən çıxış yolu tapmaq üçün çabalayan Ermənistan hakimiyyəti sözügedən yola alternativ yolun çəkilməsi üçün qərar qəbul edib. Belə ki, illərdir çəkilişi reallaşmayan 68 kilometrlik Tatev-Ağvani yolunda yenidən təmir işlərinə başlanıldığı deyilir. Layihənin başlanğıc dəyər isə 5,1 milyard dram, yəni 10 milyon dollardan artıq məbləğ təşkil edəcək.

Ekspertlər isə hesab edir ki, uzun illər boyu İranla Ermənistan arasında ən müxtəlif səviyyələrdə münasibətlər olub. İrandan Ermənistana dəmir yolu xəttinin, avtomobil yolunun çəkilməsi layihələri barədə müzakirələr aparılıb, lakin heç bir nəticə əldə edilməyib. Hətta neft və qaz kəmərinin çəkilməsi ilə bağlı danışıqlar da səmərəsiz olub.

Politoloq Elçin Mirzəbəyli deyir ki, Ermənistan bu gün manipulyasiya etməklə bu prosesə Gürcüstanı da cəlb etməyə çalışır: “Guya Ermənistan üzərindən yeni bir tranzit yol çəkmək niyyəti güdürlər. Mahiyyət etibarı ilə bunun nə iqtisadi əsası var, nə də hazırkı perspektivdə bu yolun icrası ilə bağlı hansısa işlərin görülə biləcəyi inandırıcı deyil. Ermənistanla İran asında imzalanan böyük müqavilələr faktiki olaraq kağız üzərində qalıb. Əsas məsələ ödənişlərin və investisiyaların üzərinə gələndə hər iki tərəf kənara çəkilir və yenidən Gorus-Qafan yolundan bir asılılıq yaranır”.

Beynəlxalq yükdaşımalarda müəyyən standartların mövcud olduğunu deyən politoloq Elxan Şahinoğlu hesab edir ki, son bir həftə ərzində İran maşınlarının keçməyə cəhd göstərdiyi yeni yolda çoxsaylı qəzalar baş verib ki, bu da yolun standartlara cavab vermədiyini bir daha ortaya qoymuş olur: “Ermənistanın  yeganə alternativ variantı Azərbaycanla razılığa gəlib ərazi bütövlüyünü tanımasıdır. Zəngəzur dəhlizinin açılmalı, sərhədlər müəyyənləşməli. Bunlar olmayınca Ermənistanı ağır iqtisadi-sosial durum gözləyir. Bir il bundan əvvəl xəyal edə bilməzdilər ki, bizim sərhədçilər və gömrük əməkdaşları bu yola nəzarət edə bilər. Bu gün biz bu nəzarəti edirik və bu bizim haqqımızdır”.  

Ermənistanın heç ölkədaxili sosial problemlərin həlli üçün vəsait cəlb etmək imkanında olmadığını deyən deputat Vüqar Bayramov isə hesab edir ki, müharibədən keçən qısa müddət ərzində Ermənistanın xarici borcu milyard yarım dollar artaraq 10 milyard dolları keçib. Belə bir şəraitdə Ermənistanın həmin yola 1 milyard vəsait yatıraraq yeni yol çəkilməsi istiqamətində addımlar atacağı inandırıcı görünmür: “Ermənistan tərəfindən Gorus-Qafan yoluna alternativ yolun çəkilməsi heç də rentabelli deyil. Nəzərə alsaq ki bu kifayət qədər xərc tələb edir, eyni zamanda relyef baxımından çətin bir yol ola bilər. Bir tərəfdən Ermənistanın iqtisadi vəziyyəti həmin yolu maliyyələşdirməyə imkan vermir. Hətta Ermənistan bu yolun çəkilməsi ilə bağlı digər ölkələrə, alternativ mənbələrə müraciət etsə də bu istiqamətdə də hər hansı bir uğurun əldə edilməsi real görünmür”.    

Xatırladaq ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana keçən yük maşınlarına nəzarət olunur.

 

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR