Deputat Ziyad Səmədzadəni keçmiş MTN-çilərlə nə bağlayır?
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baş tutan prosesə yenə də jurnalistlər buraxılmayıb.
Prosesdə Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Sovxozu”nda direktor işləmiş İbrahim Zeynalovdan 8 milyon manat alınması ilə bağlı epizod üzrə dinləmələr olub.
İttihama görə, İbrahim Zeynalov 2002-ci ildən 2008-ci ilə kimi “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Sovxozu”nda direktor işləyib. 2007-ci ildə Bakı şəhərində sintetik xalça fabriki tikib, həmin xalçaların istehsalını təşkil etməyə qərar verib.
Bu ərəfədə isə Mövlam Şıxəliyev və digər şəxslərin qanunsuz əməlləri ilə üzləşib. İstintaq sənədlərinə görə, o, MTN tərəfindən saxlanılıb, hədə-qorxu yolu ilə 8 milyon manatı ələ keçirilib.
İbrahim Zeynalov iddia edir ki, onun bu vəziyyətə düşməsində deputat Ziyad Səmədzadə günahkardır.
İş üzrə digər zərərçəkən Zaur Əliyev də vəsatət qaldıraraq, deputat Ziyad Səmədzadə və Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin baş verənlərdə günahkar olduğunu bildirib, onların məhkəmədə ilkin olaraq şahid qismində dindirilməsini istəyib.
Zaur Əliyev vəsatətində göstərib ki, Ziyad Səmədzadə İbrahim Zeynalovla dostluq edib, onun evinə gedib-gəlib, çörək kəsib: “İbrahim həmişə onun cibinə pul qoyub. Ziyad Səmədzadəyə qızıl saat verib, xarici səfərləri zamanı gediş-gəliş pulunu ödəyib, xərclik verib. İbrahim Zeynalovun dediyinə görə, Almaniyadan xalça toxuyan cihaz sifariş eləmək üçün bankdan pul götürmək istəyib. Ziyad Səmədzadə bildirib ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit götürməsinə kömək edə bilər. Ziyad Səmədzadənin köməyi ilə həmin kredit ayrılıb, İbrahim krediti götürəndən sonra 10 faizini Ziyad Səmədzadəyə verib. İbrahimin sözlərinə görə, xalça fabriki işə düşəndən sonra Ziyad Səmədzadə fabrikin 51 faizinin ya öz adına, ya da qızının adına keçirilməsini istəyib. İbrahim bununla razılaşmayıb, aralarında narazılıq yaranıb. Ziyad Səmədzadə deyib ki, gör, sənin başına nə oyun açacam. Sonra da İbrahimi tutdurub”.
Zərərçəkən Elvar Əliyev isə daha ciddi ittiham səsləndirib. O, Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat yığıldığını deyib: “Hörmətli hakim, mən “Sədərək” bazarında işləyirəm. Bazarda Mövlam Şıxəliyevin şərikləri var. Onlar orada ətraflarında olan sahibkarlardan pul yığırlar. Deyirlər ki, Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat verilməlidir. Sizə sual edirəm: həmin pul bizim ziyanımızın ödənilməsi üçündür, yoxsa Mövlam Şıxəliyevin azad edilməsi üçün rüşvətdir? Xahiş edirəm sualıma cavab verin”.
İş üzrə zərərçəkən Əfsəl Həsənəliyev isə hakimin Ziyad Səmədzadə və Elgün Şıxəliyevlə bağlı vəsatəti təmin etməməsinə əsəbi reaksiya verib: “Niyə vəsatəti təmin etmirsiniz, niyə qanunları pozursunuz? Bunlar xalqı dövlətdən, prezidentdən narazı salan adamlardır. Siz məni intihara sürükləyirsiniz. Vəsatətlərimizi təmin edin. Vaxtilə Gəncə Ağır Cinayətlərə Məhkəməsində hakim Kəramət Əliyev bizə qarşı cinayətlərə göz yumdu. Prezident Eldar Mahmudovu işdən çıxarandan sonra Kəramət Əliyev qapıma gəlib uşaq kimi hönkürüb ağladı. Məndə onun səs yazıları, videosu da var. Sizi də Kəramət Əliyevin durumunda görmək istəmirəm”.
Hakim Elbəy Allahverdiyev Əfsəl Həsənəliyevin çıxışını davam etdirməsinə imkan verməyib.
Proses aprelin 19-da davam edəcək.