Deputatlar: “Şuşa Bəyannaməsi dünyaya ciddi bir mesajdır”

# 17:12
16 iyun 2021

“Ötən gün Türkiyə və Azərbaycan prezidentləri arasında imzalanmış Şuşa Bəyannaməsi  100 il əvvəl imzalanmış Qars müqaviləsi kimi tarixi sənəddir. Bu tarixi sənəd hər iki ölkənin milli maraqlarına söykənir”. Bunu APA TV-yə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

O bildirib ki, bəyannamə iki müstəqil və qardaş ölkənin bütövlükdə gələcəkdə daha güclü, qüdrətli olmasına böyük təkan verəcək: “İstər Vətən Müharibəsində Azərbaycanın parlaq qələbəsindən sonra ölkəmizin dünyada artan nüfuzu, istərsə də qardaş Türkiyənin dünyadakı nüfuzu, iki dövlət başçısının titanik əməyinin nəticəsi olaraq bu sazişin imzalanması böyük bir zəfərdir, tarixi zəfərdir. Çünki bundan sonra artıq bütün dünya iki güclü dövləti görəcək”.

 

Cavid Osmanovun sözlərinə görə, Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Deputat qeyd edib ki, bəyannamə qardaşlığı daha yaxınlaşdıracaq: “Bu sənəddə həm hərbi saziş öz əksini tapır, eyni zamanda siyasi, diplomatik, gənclər, idman, media və diaspora fəaliyyətinin tənzimlənməsini, həmçinin həyatın bütün sferalarını özündə əks etdirir. Bu baxımdan belə bir tarixi sənədin imzalanması həm bölgə, həm də dünya üçün Vətən Müharibəsində Azərbaycanın parlaq qələbəsindən sonra yeni geosiyasi reallığa uyğundur. Ən əsası, hər iki xalqın milli mənafelərinə xidmət edəcək”.

 

Deputat Vahid Əhmədov qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan tarixində ən önəmli səhifələrdən biridir: “Bəyannamənin iqtisadi tərəflərinə gəldikdə, Mehri-Zəngəzur dəhlizinin açılması ilə əlaqədar hər iki Prezidentin siyasi iradələrini ortaya qoymaları bir daha onu göstərir ki, qısa bir zamanda bu ilin axırına qədər Mehri-Zəngəzur dəhlizi istifadəyə veriləcək. Bu dəhlizin istifadəyə verilməsi Türkiyə, Azərbaycan, Naxçıvan, İran, Rusiya, Orta Asiya dövlətləri üçün çox əhəmiyyətli bir dəhlizdir. Burada həm avtomobil, həm dəmiryolu inşa ediləcək. Azərbaycan logistik mərkəz kimi fəaliyyət göstərəcək. Yəni dəhlizin açılması Azərbaycan iqtisadiyyatına əlavə dividentlər gətirəcək”.

 

Vahid Əhmədov əlavə edib ki, bəyannamə iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsini, hətta 2023-cü ildə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılmasını nəzərdə tutur: “Bu artıq hiss edilməkdədir. Çünki bu ilin 7 ayında Azərbaycan-Türkiyə iqtisadi əlaqələri sahəsində ciddi irəliləyiş var. Heç olmadığı kimi, qeyri-neft sektorunda Azərbaycan-Türkiyə əlaqələri ikinci yerə çıxıb. Bu, çox ciddi inkişafdan xəbər verir. Bir sıra müqavilələr imzalanıb ki, müəyyən məhsullar vergidən azad edilir. Ümumiyyətlə, bu saziş elə-belə bəyannamə də adlana bilərdi, amma adının məhz “Şuşa Bəyannaməsi” qoyulması bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə müttəfiq dövlətlərdir. Bundan sonra Azərbaycanın təhlükəsizliyinə Türkiyə Cümhuriyyəti təminat verir”.

 

Vahid Əhmədov bildirib ki, tərəflərin bir-birinin təhlükəsizliyinə təminatı beynəlxalq aləmə ciddi mesajdır.

 

Sevinc Vaqifqızı,

İlahə Vəliyeva,

Musa Qulamirzəyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR