DİQQƏT: Rəngli linzalar hansı hallarda adamı kor edə bilər?

# 15:20
14 mart 2022

Son vaxtlar göz üçün linzalardan istifadə edənlərin sayı xeyli çoxalıb. Bəziləri bunu gözlərindəki problemlə bağlı, məcburiyyətdən etsələr də, bəziləri gözəl, fərqli görünmək üçün edirlər. Ancaq təəssüf ki, istifadəçilərin böyük əksəriyyətinin linzalarla bağlı bilgiləri yetərli deyil. Çoxu linzanın keyfiyyətli olub olmadığını ayırd edə bilmir, yaxu da istifadə qaydalarında səhvlərə yol verirlər.

 

Oftalmoloq Günay Əliyeva bildirir ki, keyfiyyətsiz linzalar gözlərdə müxtəlif infeksiyaların yaranmasına, hətta görmə qabiliyyətinin itirilməsinə səbəb olur.

İstifadə qaydalarına düzgün riayət olunmadıqda da linzalar insanı kor edə bilər:

“Bəzi insanlar linzalardan çox qorxurlar, bəziləri isə qorxmur. Mən hər bir zaman söyləyirəm ki, kontakt linzalardan qorxmaq lazım deyil. Çox yüksək keyfiyyətli olurlar, ancaq düzgün istifadə etmək lazımdır. Linzanın gigiyenası çox vacibdir. Gigiyena qaydalarına riayət olunsa, gözlər nəmləndirilsə, 8 saatdan çox saxlamasanız, heç bir problem yaranmaz. İnsan yatana qədər linza gözdə qalmalı deyil. Və linzanın istifadə müddəti nə qədərdirsə, o qədər istifadə olunmalıdır”.

       

Oftalmoloq alergiyalı pasientlər üçün konservantsız göz damcılarından istifadə etməyi tövsiyə edir: “Oksigen keçirtməyən linzaları taxırıq. Bu da qızartı və qaşıntı verir. Gözə infeksiya düşə bilər, yad cisim görmənin pozuntusu ola bilər. Bu səbəbdən mən kosmetik linzalardan istifadə etməyi tövsiyə etmirəm. Kosmetik linzaları toydan-toya istifadə etmək olar.

 

Linzalarla bağlı əsas problem onların keyfiyyətsiz və saxta variantlarının da bazarda yer alması ilə izah olunur: “Elə olur pasient deyir ki, 1 ildən artıqdır bu linzanı istifadə edirəm. Bu dəhşət bir şeydir. Çox təhlükəlidir. Buynuz qişanın infeksiyasına hətta korluğa kimi gətirib çıxarda bilər”.

 

Bəs linzaları necə istifadə etməliyik ki, həm gözlərimizə bir problem yaratmasın, həm də istifadə müddəti vaxtından tez başa çatmasın?

 

Satıcı Nuray Həkimova deyir ki, sadəcə gigiyenik qaydalara riayət olunmalıdır: “Düzgün qaydada istifadə edəndə 3 ay, bəzən 6 aya qədər də istifadə etmək olar. Linzaların özünün pinsetləri olur, pompanın üzərinə qoyub, sonra gözə yerləşdirilir. Həmçinin gözə taxılmazdan öncə göz damcıları gözə tökülməlidir. Dırnaqla, əllə təmas olunmamalıdır”.

 

Bəzən insanlar linzalarını bir-birinə verirlər. Oftalmoloq bildirir ki, bu zaman bir  istifadəçinin gözündə olan xəstəlik digərinə keçə bilər: “Bir insanın linzasını digər şəxs istifadə etməməlidir. İnanıram ki, belə bir şeylər olmur. Adətən gözəllik salonlarında təklif olunur rəngli linzalar. Mən insanlara demək istəyirəm ki, bu şeylərdən imtina etsinlər qətiyyən olmaz. Mən çox rastlaşıram makyajdan sonra infeksiyalar düşür. Kontakt  linza məsələsi çox həssas mövzudur. Yəni infeksiya düşsə, bu korluğa qədər gətirib çıxarda bilər”.

 

Deyirlər ki,  gözlər qəlbin aynasıdır. Gözlərimiz görmə qabiliyyətimizin əsas təminatçısıdır. Onların sağlamlığı, müdafiəsi isə hər birimiz üçün zəruridir. Elə ona görə də bu problemlərdən sığortalanmaq üçün yalnız öz linzalarınızdan və düzgün qaydada istifadə etməlisiniz.

 

Nərmin Murad

Ceyhun Mustafayev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR