Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışı olub

# 21:52
23 fevral 2022

Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb və “Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib.

APA TV xəbər verir ki, əvvəlcə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende UNEC-in fəaliyyəti ilə tanış olub. Sonra İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin iştirakı ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışı olub.

“Dördüncü sənaye inqilabında trendlər” mövzusunda keçirilən tədbirdə çıxış edən natiqlər davamlı və dayanıqlı inkişafın təmin olunmasında rəqəmsallaşmanın və müasir texnologiyaların rolunu qeyd edib, özəl sektorun bu sahənin inkişafına daha geniş cəlb edilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensial var.

Tədbir çərçivəsində “Dördüncü sənaye inqilabına əsaslanan iqtisadiyyat” sessiyası keçirilib.

Sessiyada sualları cavablandıran iqtisadiyyat naziri Mikayıl Cabbarov 4Sİ texnologiyalarının və rəqəmsallaşmanın dünya iqtisadiyyatının gələcək inkişafına təsirləri barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həmçinin “Microsoft Azərbaycan” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Tədbirdə Dünya İqtisadi Forumunun prezidenti Borge Brendeyə UNEC-in fəxri doktoru diplomu təqdim olunub.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR