Dülgər qadın: “Müştəri qadın olduğumu bilmədi, mənə “qardaş” deyirdi” - REPORTAJ

# 10:30
2 may 2021

“Mən mətbəxi də sevirəm. Bütün yeməkləri bişirə bilirəm. Əsasən də balığı heç kim mənim kimi bişirə bilməz. Qadınlara sözüm budur ki, kişi işlərini bacarsınlar. Eyni zamanda öz qadın işlərini də bacarmalıdırlar. Atalar deyib ki, işləməyən dişləməz”.

 

Şəhla İmanova əslən Biləsuvar rayonundandır. Uzun müddətdir Bakıda yaşayır. Qadın olmasına baxmayaraq, ustalığı özünə peşə seçən xanımın əlləri qızıldandır desək, yəqin ki, yanılmarıq. Qəhrəmanımız uzun müddətdir çətin peşə sayılan dülgərlik və boyaqçılıqla məşğul olur. Müxtəlif növ mebelləri, qapı-pəncərələri özü hazırlayır, təmir edir və boyayır. Həm də bu işi xüsusi peşəkarlıqla edir. Sənətə gəlişi isə təsadüfü deyil: “Mən bu sənəti atamdan öyrənmişəm. Mən balaca olanda atam usta idi.  Dəzgahla işləyirdi. Mən də atamın əlinə baxıb öyrənirdim. 15 ildir artıq özüm məşğulam. Ən çox boya işlərin görürəm. Maşın boyası, mirvari və s. rəngləyirəm. İstənilən bir şeyi də gətirirlər, rəngləyib verirəm. Müştərilərim də hər zaman razı olur. Bəzən olur ki, işlənmiş, məsələn, 50 və ya 25 ilin mebellərini gətirirlər. Təzə rəng vururam. Qırılan hissələri varsa, təmir edirəm, yenisindən seçilmir”.

 

Şəhla İmanova deyir ki, bəzən sifariş üçün gələn müştərilər təəccüblərini gizlədə bilmirlər. Bu cür hallar mənzillərə mebel quraşdırmağa gedərkən daha çox baş verir: “Əlbəttə, təəccüblənənlər olub. Müştərinin evinə getmişdim bir dəfə. Qapını çıxarıb gətirirdik təmir üçün. Müştəri mənimlə bir saat danışıb. Sonra qapını götürüb maşının üstünə qoyduqdan sonra mənim qadın olduğumu bilib. Mənə qardaş deyib müraciət edirdi. Heç səsimdən də hiss etməmişdi qadın olduğumu. Qış idi, başıma da papaq qoymuşdum”.

 

Hər gün səhər saatlarından axşama qədər işlədiyini deyən Şəhla usta sifarişləri çox olduğu vaxtlarda hətta 24 saat fasiləsiz işlədiyini deyir. Lakin işinə olan sevgisindən dolayı yorulmur və həvəsdən düşmür.

 

Şəhla İmanovanın bacardığı işlər bununla da yekunlaşmır. O, həm də avtomobil boyayır, elektrik əşyaları təmir edir, mənzil təmirinin bütün sirlərini bilir. Boş vaxtlarında isə taxta qırıqlarından kiçik maketlər hazırlayır: “Mən 3 mişar daşını eyni vaxtda tək götürürəm. Məsələn, kimsə qapını götürməyə kömək edəndə elə bilirəm öz ağırlığını salır qapının üzərinə. Mən qapını tək götürüb tək qoyuram. Əlbəttə, öz işimdən hər zaman zövq alıram”.

 

İki övlad anası olan Şəhla xanımın oğlu onun yolunu davam etdirmək istəyir. Müsahibimizin fikrincə, məsələ sənətdirsə, kimin bu işi görəcəyi vacib deyil. Vacib olan istedad və təşəbbüsdür.

 

Biz də bu çətin peşənin məsuliyyətini üzərinə götürən incə ruhlu qəhrəmanımıza gələcək işlərində uğurlar arzulayırıq.

 

Xələf Xələfov,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR