Dünyanın bu günü - 09.06.2021

# 00:01
9 iyun 2021

SƏLİM TURAN

(1915-1994)

 

Heykəltəraş, rəssam Səlim Turan 1915-ci il iyunun 9-da İstanbulda anadan olub. Atası Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadə, anası Osmanlı süvari zabiti olan Şəmsəddin bəyin qızı Ədhiyyə xanımdır. İlk təhsilini Əli Avni Çələbi və Malik Akselin şagirdi olaraq bitirdikdən sonra Qalatasaray Liseyində Cihad Burak və Avni Arbaşla tanış olub və İstanbul Gözəl Sənətlər Akademiyasının rəsm bölməsində təhsil alıb. Fransada rəsmi və özəl emalatxanalarda rəsm fəaliyyətini davam etdirib, 1953-1983-cü illərdə Ranson və Qoetz akademiyalarında dərs deyib və bu dövrdə mərmər heykəllər də yaradıb. 1979-cu ildə Türkiyə prezidenti Fahri Korutürkün dəvəti ilə İstanbula gəlib və ömrünün son hissəsini folklor mövzuları ilə maraqlanaraq, bu barədə əsərlər yaratmaqla keçirib. Səlim Turan 13 oktyabr 1994-cü ildə Parisdə vəfat edib, cənazəsi Türkiyəyə aparılıb və Atatürk Kültür Mərkəzində təşkil edilən mərasimdən sonra dəfn edilib.

 

 

VAMİQ MƏMMƏDƏLİYEV

(1946)

 

Azərbaycanın xalq artisti, tarzən, professor Vamiq Məmmədəli oğlu Məmmədəliyev 9 iyun 1946-cı ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar üzrə ali təhsil alıb. Tar aləti üzrə ixtisas müəllimi, baş müəllim, dosent və dekan vəzifələrində çalışıb. “Bahar” xalq çalğı alətləri ansamblını yaradıb, həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində işləyib. Dəfələrlə İran, Türkiyə, İraq, Danimarka, Rusiya və Ukraynada konsertlər verib. 1985-ci ildə Ümumittifaq «Melodiya» firması onun ifasında “Xaric Segah” və “Rahab” muğamlarını lentə alaraq yüksək tirajla çap edib. Prezident Mükafatçısı Vamiq Məmmədəliyev rejissorlar İqbal və Salam Məmmədəliyevlərin atası, görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyevin qardaşıdır.

 

 

UCAL HAQVERDİYEV

(1960-2004)

 

Azərbaycan rəssamı Ucal Həsən oğlu Haqverdiyev 1960-cı ilin bu günü Bakıda rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində doğulub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində və Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1987-ci ildən SSRİ və respublika sərgilərində iştirak etməyə başlayıb. Həmin il pravoslav xristianlığı qəbul edib, xaç suyuna salınaraq "Pyotr" adını alıb. “Nuhun gəmisi”, “Rozetta daşı”, “Şərq rəqsi”, “Şərq”, “Şəki” və başqa əsərlərin müəllifidir. Avstriya, Almaniya və Azərbaycanda keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub. Əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə özəl kolleksiyalarda saxlanılır. 2000-ci ildə “Humay” mükafatına layiq görülən Ucal Haqverdiyev 2004-cü il dekabrın 18-də Bakı şəhərində vəfat edib. O, əməkdar artist Əli Haqverdiyevin, musiqişünas professor Zemfira Qafarovanın və rəssam Hüseyn Haqverdiyevin qardaşıdır.

 

 

HƏSƏN QORXMAZ

(1969-1992)

 

Şəhid Həsənqulu Qaçay oğlu Qasımov və ya Həsən Qorxmaz 9 iyun 1969-cu ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olub. 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə isə Qubadlı qəsəbə orta məktəbini bitirib. 1987-1989-cu illərdə sovet ordusu sıralarında Almaniyada xidmət edib. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra silaha sarılıb və özünümüdafiə dəstəsi yaradıb. Laçın şəhəri işğal olunarkən el arasında “Qorxmazçılar” adı qazanmış taqımı ilə köməyə gəlib və 108 nəfəri mühasirədən çıxarıb. Onun başçılıq etdiyi taqım Qubadlı rayonuna göndərilib və ömrünün sonuna qədər Yuxarı Cibikli kəndini müdafiə edib. Son döyüşü də 1992-ci il dekabrın 10-da elə bu kənddə olub. Qubadlıdakı Şəhidlər Xiyabanında dəfn edilən Həsənqulu Qasımov 1994-cü il oktyabrın 4-də ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. O, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Faiq Qasımovun qardaşıdır.

 

 

NADİR ABDULLAYEV

(1973-1994)

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Nadir Mənsim oğlu Abdullayev 1973-cü il iyunun 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə yollanıb və bir sıra döyüşlərə qatılıb. 1994-cü ilin aprelin 19-da isə Ağdam rayonunda itkin düşüb. Şamaxı rayon Məhkəməsinin 2008-ci ildə qəbul etdiyi qətnamə ilə Nadir Abdullayev şəhid elan olunub.

 

 

EMİN ƏMRAHOV

(1989-2020)

 

Şəhid Emin Əvəz oğlu Əmrahov 1989-cu ilin bu günü Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2007-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2015-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Emin Əmrahov oktyabrın 27-də Xocavənd döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

AQŞİN QULİYEV

(1992-2020)

 

Şəhid Aqşin Mehdi oğlu Quliyev 9 iyun 1992-ci ildə Goranboy şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Aqşin Quliyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Goranboyda torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

XƏYAL RƏHİMLİ

(1992-2020)

 

Şəhid Xəyal Rahil oğlu Rəhimli 1992-ci il iyunun 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Xəyal Rəhimli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və Beyləqanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

TƏBRİZ XANCANOV

(1996-2020)

 

Şəhid Təbriz Məhəmmədəli oğlu Xancanov 1996-cı ilin bu günü Göyçay rayonunun Müskürlü kəndində anadan olub. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Təbriz Xancanov oktyabrın 19-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Göyçayda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

MÜTƏLLİB SEROV

(2000-2020)

 

Şəhid Mütəllib Arif oğlu Serov 9 iyun 2000-ci ildə Zaqatala rayonunun Ziliban kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Mütəllib Serov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub və Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

 

RƏŞİD BEHBUDOV

(1915-1989)

 

Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun anım günüdür. O, 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Dəmiryolu Texnikumunda təhsil alıb. Hərbi xidməti zamanı ordu ansamblında, sonra Tiflis estrada qruplarından birində solistlik edib. Tezliklə Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayıb, daha sonra Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti, bədii rəhbəri olub. "Arşın mal alan" filmindəki Əsgər roluna görə "Stalin mükafatı" ilə təltif olunub. "Xalqlar Dostluğu", "Qırmızı Əmək Bayrağı", "Lenin" ordenləri, Dağıstanın xalq artisti və Gürcüstanın əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Rəşid Behbudov 1989-cu ilin 9 iyununda Moskva şəhərində vəfat edib, cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunub. Müğənni Rəşidə Rəşidin atası, xalq artisti, rejissor Ənvər Behbudovun və aktrisa Nəcibə Behbudovanın qardaşıdır.

 

 

SÜBHİ SALAYEV

(1927-1990)

 

Azərbaycan EA-nın həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Sübhi Haşım oğlu Salayev də bu gün xatırlanır. O, 1927-ci il avqustun 19-da Bakı şəhərində anadan ol­ub. Azər­baycan Sənaye İns­titutunun Geoloji-kəşfiyyat fakül­təsini neft və qaz yataqlarının geolo­gi­yası və kəşfiy­yatı ixtisası üzrə bitirib. Azərbaycan EA Geologiya İnstitutunda Neft və qaz geo­logiyası şöbəsinə və Neft geologiyası laboratoriyasına rəhbərlik edib. "Azərbaycanın neft yataqları və perspektivli sahələri xəritəsi"nin, Qafqazın neft-qazlılığına aid bir sıra xəritələrin, "SSRİ-nin cənubunun paleotekto­nik xəritəsi"nin, SSRİ-nin neft-­qaz­lılıq xəritələrinin müəlliflərindən biri olub. 350-dən çox elmi əsərin, 15 monoqrafiyanın müəllifi olan akademik "Xalqlar Dostluğu", "Şərəf Nişanı" ordenləri, bir çox medallar və Respublika Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilib. Sübhi Salayev 1990-cı ilin iyununda Bakı şəhərində vəfat edib.

 

 

NATİQ ƏLİYEV

(1947-2017)

 

Azərbaycanın görkəmli dövlət xadimi Natiq Ağaəmi oğlu Əliyevin anım günüdür. O, 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat" trestində, kompleks dəniz geoloji-kəşfiyyat konturunda çalışıb. 1979-cu ildə "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin kompleks dəniz geoloji-kəşfiyyat konturunda geologiya şöbəsinin rəisi, 1984-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, daha sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifəsində çalışıb. 1993-cü il avqustun 9-da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, 2005-ci il dekabrın 9-da Sənaye və energetika naziri, 22 oktyabr 2013-cü ildə Energetika naziri vəzifəsinə təyin olunub. Azərbaycan neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Natiq Əliyev 2017-ci il iyunun 9-da İstanbulda vəfat edib və Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

 

 

VÜQAR MÜRSƏLOV

(1963-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Vüqar Mirəzbər oğlu Mürsəlovun xatirə günüdür. O, 10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlib. 1980-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı Texniki Peşə Məktəbində təhsilini davam etdirib. Sonra Bakı Politexnik Texnikumuna daxil olaraq oranı əla qiymətlərlə başa vurub. Hərbi xidmətini Belarusun Brest şəhərində keçirib və qvardiya baş çavuşu, tankçı ixtisası ilə ordudan tərxis olunub. Göytəpə Avtomobil Təmiri Zavodunda ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib və Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 1992-ci ilin iyununda Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə qəhrəmanlıqla həlak olub və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Vüqar Mürsəlova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Göytəpə şəhərində təhsil aldığı məktəbə onun adı verilib, şəhərin mərkəzində büstü qoyulub. Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçə var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR