Dünyanın göz yumduğu yalanlar: Beynəlxalq ekspertləri niyə inandırmaq olmur?

# 18:42
19 oktyabr 2022

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BTMT) təşkilatçılığı ilə "Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminar keçirilib.

 

Tədbiri giriş sözü açan BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Ermənistan bu günə qədər azərbaycanlılara qarşı qeyri-insani aktlar, təcavüzlər, soyqırımlar törədib. O əlavə edib ki, dünya ictimaiyyəti bu halı 2020-ci ildə 44 günlük müharibə dövründə də şahidi olub.

 

Sədr deyib ki, 30 illik münaqişə dövründə azərbaycanlılara qarşı çoxsaylı qırğınlar törədilib, bu həm mülki, həm də hərbi itkilər olub. Bütün bunlarla kifayətlənməyən Ermənistan beynəlxalq ictimaiyyətdə Azərbaycan haqda mənfi imicin formalaşdırılması üçün də işlər aparır: "Bu gün də problemlər qalmağa davam edir. Hələ də Azərbaycan torpaqlarında erməni hərbi birləşmələri var. Bir neçə gün öncə ikinci Qarabağ müharibəsi dövründə Gəncəyə mülki infrastruktura endirilən zərbələrin ikinci il dönümü qeyd olundu. Diplomatik korpuslar bombaların atıldı və mülki insanların hədəfə alınaraq öldürüldüyü ərazidə oldular. 2020-ci ilin oktyabrında aktiv döyüşlərin getdiyi yerdən uzaqda olan Azərbaycanın ikinci böyük şəhəri bombalandı, bu ərazilərdə heç bir hərbi infrastruktur yox idi, onlar mülki əhalini hədəf alaraq müharibə cinayəti törətdi. Bu ilk hal deyildi. Birinci Qarabağ müharibəsində Ermənistan tərəfi Xocalı faciəsini törətmişdi, bunu Ermənistanın keçmiş prezidenti Sarkisyan alman mediasına müsahibəsində belə açıq şəkildə bildirmişdi".

 

Fərid Şəfiyev əlavə edib ki, bu gün Azərbaycan öz həqiqətlərini çatdıranda çətinliklə üzləşir, xüsusilə, Qərb mediasında Azərbaycana qarşı stiqma var.

 

Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov isə 2015-ci ildə Avropanın İnsan Haqları Məhkəməsində baxılan "Çıraqovlar Ermənistana qarşı" işinə istinadən bildirib ki, Azərbaycan ərazilərinin bir qismi Ermənistanın ciddi nəzarətindədir, yəni bu torpaqlar işğal edilib, ərazilərdə etnik təmizləmə aparılıb və qeyri-qanuni yaşayış məntəqələri tikilib: "Human Rights Watch" da hesabatında bəyan etdi ki, mülki infrastruktur qadağan olunmuş silahlardan istifadə olunaraq hədəf alınıb. Ermənistan prezidentinin hərbi məsələlər üzrə müşaviri də yerli televiziya kanalına müsahibəsində dedi ki, bu şəhərlər məqsədli şəkildə hədəf alınıb, məqsəd qorxuya və xaosa səbəb olmaq olub. Beynəlxalq media bu ərazilərə səfər edərək hazırladığı xəbərlərdə də bildirib ki, bombalanan ərazilərdə heç bir hərbi obyekt olmayıb əksinə bu ərazilər əhalinin sıx yaşadığı yaşayış məntəqələridir. Ermənistan tərəfi beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq mülki əhaliyə və infrastruktura ayrı-seçkilik edilmədən, məqsədli şəkildə hədəf alıb. Ermənistan tərəfi bu torpaqları minalayıb və məqsəd mülki şəxslərin hədəf alınması, onlara zərə vurmaq olub. Ermənistan tərəfi işğal olunmuş ərazilərdə mədəni-tarixi abidələri, qəbiristanlıqları məqsədli şəkildə minalayıb. Ermənistan tərəfi Azərbaycana dəqiq xəritələr təqdim etməyib. Təqdim olunan xəritələr isə 25 faiz dəqiqdir. Minatəmizləmə istiqamətində Azərbaycan tərəfi böyük səylə işləsə də ciddi çətinliklərlə üzləşir”.

 

Çingiz Əsgərov 2020-ci ilin noyabrından bəri 200-dən çox azərbaycanlının bu minaların qurbanı olduğunu, bu şəxslərin arasında həlak olan və yaralananların əksəriyyətinin də mülki şəxslər olduğunu vurğulayıb və əlavə edib ki, mina təhlükəsi bu torpaqların sakinlərinin təhlükəsiz şəkildə geri dönməsinə maneə törədir ki, bu da insanların təhlükəsiz şəraitdə yaşmaq hüququnu pozur.

 

Çingiz Əsgərov vurğulayıb ki, 44 günlük müharibədə Ermənistan tərəfi qadağan olunmuş silahlardan istifadə edərək, Bərdəni, Gəncəni hədəf alıb, onlar hücumlara haqq qazandırmaq üçün guya hərbi infrastrukturu hədəf aldığını bəyan ediblər, amma nəticədə çox sayda mülki sakinlər həyatını itirib ki, onların arasında çox sayda uşaqlar var.

 

Tədbirə onlayn formatda qoşulan Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev çıxış edib və bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə qeyri-qanuni yaşayış məntəqələri tikərək üçüncü ölkələrdə erməni əsilli şəxsləri Azərbaycan torpaqlarına köçürüb, bu torpaqların təbii resurslarını istismar edib: “Müharibə dövründə əsir alınan, hərbi və mülki şəxslərə qarşı işgəncələr törədilib, həlak olan azərbaycanlı hərbçilərin meyitləri üzərində vəhşiliklər edilib və bütün bunlarla bağlı faktlar mövcuddur. Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlı itkin düşüb lakin qarşı tərəf heç vaxt bu şəxslərin taleyinə aydınlıq gətirməyib. Azərbaycan tərəfi Ermənistan tərəfindən törədilən müharibə cinayətləri ilə bağlı qlobal cəmiyyəti məlumatlandırır, beynəlxalq institutlarla işləyir, hesabatlar, sənədlər təqdim olunub, olunur”.

 

“Ermənistan diasporu demokratik deyil, onlar millətçidir. Onlar hər zaman həqiqəti gizlədir, özlərini müharibə qurbanı kimi təqdim edir, ancaq əslində 30 ilə yaxın Azərbaycanın böyük hissəsini işğal altında saxlayıb, müharibə cinayətləri törədən Ermənistandır”. Bu fikirləri isə tədbirə onlayn formatda qoşulan ukraynalı politoloq, Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio deyib. O əlavə edib ki, Qərbdə jurnalistlərin, akademiklərin, ictimai şəxslərin  Azərbaycana qarşı stiqma nümayiş etdirməsinin bu ölkələrdəki erməni lobbisinin olması ilə bağlıdır: “Ermənistan diasporu demokratik deyil, onlar millətçidir. Onlar hər zaman həqiqəti gizlədir, özlərini müharibə qurbanı kimi təqdim edir, ancaq əslində 30 ilə yaxın Azərbaycanın böyük hissəsini işğal altında saxlayıb, müharibə cinayətləri törədən Ermənistandır . Necə ki, qlobal ictimaiyyətin Rusiyanın Ukraynanı işğalına qarşı simpatiyası, toleransı yoxdur, eləcə də Ermənistanın Azərbaycana qarşı törətdiklərinə simpati göstərilməməlidir”.

 

O, ABŞ-da Ermənistanın Azərbaycana qarşı törətdiyi qırğınlar və 4 min nəfərin itkin düşməsi ilə bağlı “Rollong stone” adlı dərgidəki məqalənin bir müddət sonra erməni lobbisinin təzyiqləri nəticəsində aradan qaldırıldığını da qeyd edib.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, deputat seçildiyi Tovuz və Gədəbəy rayonları, xüsusən də Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələri 90-cı illərdən başlayaraq bu günə qədər erməni təcavüzünə məruz qalır. O diplomatlara bildirib ki, iki ölkə arasında sülh müqaviləsi barədə danışıqların getməsinə baxmayaraq mütəmadi olaraq, bölgədə Ermənistan silahlı qüvvələri atəşkəsi pozur.

 

Seminar iştirakçılar arasında qarşılıqlı sual-cavab və müzakirələrlə davam edib.

 

Fuad Sadıqov

Ceyhun Mustafayev

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR