Ekspertlər: Qarabağ dünyanın ən gözəl regionlarından biri olacaq

# 10:59
26 aprel 2021

44 günlük Vətən Müharibəsindən sonra ən ümdə məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərin bərpası, 30 il ərzində məhv edilmiş infrastrukturun yenidən qurulması və “Böyük Qayıdış” planının tərkib hissəsi kimi 1 milyondan artıq qaçqın və məcburi köçkün öz ata-baba yurduna qayıtmasıdır. Təbii ki, bunun üçün xeyli zaman lazımdır.

 

APA TV-nin məlumatına görə, Vətən Müharibəsində qazandığımız şanlı qələbədən sonra ölkə başçısının dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfərləri, regionda başlanan geniş miqyaslı yenidənqurma işləri göstərir ki, dövlətimiz qarşısına qoyduğu bu məqsədi də layiqincə yerinə yetirəcək. Təbii ki, bütün bunlarla yanaşı, azad etdiyimiz ərazilərdə sabitliyin və təhlükəsizliyin təmin olunması başlıca məsələlərdəndir.

 

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənmə prosesində çətinlik yaradan əsas amil Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsidir: Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək”.

 

Milli Məclisin deputatı Elşad Mirbəşir bildirir ki, Qarabağ regionunda təhlükəsizliyin təmin olunmasında ən birinci element həmin ərazilərdəki minaların aşkarlanaraq təmizlənməsidir: “Təhlükəsizliyin təmin  olunması üçün də təbii ki, ərazilərin minalardan təmizlənməsi prioritetdir. Diqqət yetirin. Gələcəkdə nəqliyyat kommunikasiyasının yaradılması, iqtisadi layihələrin həyata keçirilməsi və ümumiyyətlə, kommunikasiya xətlərinin açılması üçün mütləq şəkildə həmin ərazilərdə təhlükəsizlik təmin olunmalıdır. Bunun da ilkin şərti ərazilərin minalardan təmizlənməsindən ibarətdir”.

 

Əlverişli coğrafi mövqeyə malik Qarabağ regionu həm turizm sektorunun inkişafı, həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də ərazinin tranzit ticarət yollarının üzərində yerləşməsi baxımından böyük perspektiv vəd edir.

 

Real partiyasının icra katibi Natiq Cəfərli deyir ki, ilk növbədə həmin bölgənin təhlükəsiz olması ilə bağlı bir fikir formalaşmalıdır ki, orada kənd təsərrüfatı, turizm və iqtisadiyyatın digər sahələri ciddi inkişaf etsin: “Bu da o deməkdir ki, təhlükəsizliklə bağlı məsələ bir nömrəli məsələdir. Təəssüf ki, bunu tez bir zamanda həll etmək mümkün olmayacaq. Bunun üçün müəyyən zaman tələb olunur. Amma ən azı bir müddətdən sonra, yəni minaların təmizlənmə prosesi başa çatdıqdan sonra bölgənin turizmə açılması, kənd təsərrüfatının inkişafı Azərbaycan iqtisadiyyatına da əlavə dividentlər gətirə bilər”.

 

Füzuli rayonunda beynəlxalq standartlara cavab verən hava limanının inşası, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun çəkilməsi Qarabağ regionunun turizm potensialının istifadə olunmasına, xarici turistlərin bu ərazilərə rahat şəkildə səfər etməsinə hesablanıb.

 

Deputat Musa Qasımlının sözlərinə görə, yalnız dirçəliş işləri yekunlaşdıqdan sonra turistlərin genişmiqyaslı axını olar bilər: “Eyni zamanda turistlər dağıdılmış ərazilərə də səfərlər edə bilərlər. Cənab Prezident söyləyib ki, turistlərə göstərilməkdən ötrü hər yerdə bir neçə binanın saxlanması lazımdır. Onlar görsünlər ki, erməni vəhşiləri bunu törədiblər”.

 

Elşad Mirbəşir bildirir ki, gələcəkdə xarici turistləri Qarabağ ərazisinə cəlb etmək üçün yenidənqurma və infrastrukturun bərpası ilə paralel olaraq təhlükəsizlik məsələləri ilə bağlı təbliğatı da gücləndirmək lazımdır: “Azərbaycanın strateji yanaşması ondan ibarətdir ki, ümumilikdə işğal altında olmuş ərazilərimizdə gələcəkdə beynəlxalq təhlükəsizlik təminatı olsun. Bu da o deməkdir ki, dünyanın ayrı-ayrı ölkələri, iri şirkətlər həmin ərazilərə sərmayələr yönəldəcəklər, iqtisadi layihələrin həyata keçirilməsində iştirak edəcəklər. Təbii ki, artıq onların iştirakı ərazidə təhlükəsizliyin mövcudluğuna dəlalət edəcəkdir. Bu baxımdan düşünürəm ki, Azərbaycanın görmüş olduğu işlər, bundan sonra atacağı addımlar elə təbliğat ruporu rolunda çıxış edəcək”.

 

Real partiyasının icra katibi Natiq Cəfərli də hesab edir ki, xarici investorları azad olunmuş ərazilərə yönəltmək üçün davamlı təbliğat işi aparılmalıdır: “Bunun üçün həm beynəlxalq mediada ciddi iş aparılmalıdır, həm təhlükəsizliklə bağlı məsələlərin hər həllindən sonra brifinqlər vasitəsilə, xarici jurnalistlərin ölkəyə dəvət olunması ilə, eksperimental turların təşkili vasitəsilə, ilk növbədə Avropadan, Amerikadan və digər ölkələrdən böyük turizm şirkətlərini cəlb etməklə - onlar üçün turların təşkil olunması vasitəsilə bu fikri formalaşdırmaq olar. Bu alğı yaranandan sonra, bu hekayəsi böyüyəndən sonra digər turistlərin cəlb olunması mümkündür. Amma  bütün bunların zamana ehtiyacı var. Bu zamanı da boş buraxmaq lazım deyil. Paralel olaraq minalar təmizlənməli, həm də həmin bölgənin cəlbedici hekayəsi qurulmalıdır”.

 

Milli Məclisin deputatı Musa Qasımlının sözlərinə görə, Qarabağın çox gözəl bir gələcəyi var: “Ən başlıcası odur ki, dövlətimizin konkret planları var və strategiyası müəyyənləşdirilib. Ərazi tamamilə yenidən qurulacaq. Yeni nəfəs gələcək. Bu ərazi dünyanın ən gözəl regionlarından biri olacaq”.

 

Ermənilər 30 il ərzində ərazilərimizi, şəhər və kəndlərimizi, tarixi abidələrimizi viran qoysalar da, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində əzəli və əbədi torpaqlarımız işğaldan azad olundu. Ən sevindirici məqam isə odur ki, bu yerlərdə həyat yenidən qurulacaq, yeni-yeni yurd-yuvalar, obalar, yaşayış məskənləri salınacaq.

 

Dövlət başçısı gələn ildən bölgədə infrastruktur layihələrin icrasına başlanacağını bildirir: “Ümid edirəm ki, gələn il artıq bu ilk pilot layihə icra ediləcək və beləliklə, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar”.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR