Eldar Həsənovun bu əmlakları müsadirə ediləcək - SİYAHI

# 16:50
21 yanvar 2022

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

 

APA TV-nin xəbərinə görə, bu gün hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri - Cəlil Mirzəyev, Cavad Cavadov, Valeh Mehrəliyev və Adəm Məmmədov müdafiə çıxışlarında məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

 

Daha sonra Eldar Həsənov son söz deyib. O, müdafiəçilərinin çıxışları ilə razı olduğunu bildirərək ədalətli hökm çıxarılmasını istəyib.

 

Hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər.

 

Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Eldar Həsənov ittiham olunduğu maddələrlə təsirli bilinərək 10 il azadlıqdan məhrum olunub.

 

Məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə də qərar çıxarıb.

 

Hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:

 

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;

 

Nəsimi rayonunda yerləşən mənzil;

 

Nərimanov rayonunda yerləşən mağaza;

 

Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

 

Xətai rayonunda yerləşən fərdi yaşayış evi;

 

Monteneqroda yerləşən mənzil.

 

Qeyd edək ki, məhkəmədə dövlət ittihamını Baş Prokurorluğun İttiham İdarəsinin prokurorları Anar Nəsibov və Zəfər Ramazanov müdafiə edib. İttiham tərəfi Eldar Həsənova 11 il həbs cəzası tələb edib.

 

Rəsmi məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR