Əmirbəy Ramaldanov Laçındakı döyüşlər haqqında APA TV-yə danışdı

# 20:42
1 dekabr 2021

Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq, əğər uğrunda ölən varsa, vətəndir!

 

Əslində Vətən dedikdə ağlımıza nə gəlməlidir? Bir ovuc torpaqmı, hər hansı bir yüksəklikmi, hansısa yurd yerimi? Bütün bunlar torpağın Vətənə çevrilməsi üçün çox azdı axı... Hər daşı-çiçəyi, hər qarışı üçün canından keçən oğullar-qızlar, onları böyüdən ata-analar yoxdusa, torpaq Vətən olarmı? Əsla!

 

Bunu bizə 44 günlük müharibə bir daha öyrətdi. Ən əsas da bütün əsgərlərdən irəlidə gedən komandirlərin timsalında. O komandirlər ki, döyüşdə aslan tək düşməni parçalamağa hazır olan əsgərlərini sağ-salamat analarının yanına göndərmək istəyirdi. Elə buna görə də bir çox zabitimiz bu yolda şəhadətə yüksəldi.

Bəlkə də Vətən Müharibəsi hərb tarixində yeganə döyüşlərdəndir ki, burada bölük, tabor, alay komandirləri belə döyüşür, əsgərlərindən geridə getməli olduğu halda irəliyə atılır, öz əsgərlərini doğma qardaşı tək qoruyurdu.

 

Bu gün həmin komandirlərdən biri, müharibə zamanı mənə komandirlik etmiş baş leytenant Əmirbəy Ramaldanovun dilindən qələbədə əməyi keçən bəzi komandirlərdən bəhs edəcəyik.


Komandirimlə Hərb Tarixi muzeyində rastlaşırıq. Onunla döyüşlərdə olan hər bir əsgər Əmirbəy Ramaldanovu üstün döyüş bacarıqlarına sahib zabit, eyni zamanda əsgərlərini çox sevən bir komandir kimi tanıyır: ”27 sentyabr həyəcan-toplanış komandası ilə, cənab Ali Baş Komandanın göstərişi ilə torpaqlarımızı düşməndən azad etmək üçün əks hücum əməliyyatları keçirdik. Birinci döyüşümüz Cəbrayılın, Quycaq kəndindən başladı. Bizim Zəfər yolumuz Qubadlı və Laçın rayonuna qədər getdi. Cəbrayıl və Qubadlı istiqamətində komandirlərimizin təşkilatçılığı və əmri ilə, yüksəklikləri və yaşayış məntəqələrini işğaldan azad etdi. Onu da qeyd edim ki, Cəbrayıl və Qubadlıda Sülhməramlı qüvvələr bir nəfər belə şəhid verməmişdir”.


Baş leytenant Ramaldanov deyir ki, həmin video çekilən zaman söhbət Laçının Suarası kəndindən getsə də, bəzi laçınlı döyüş yoldaşlarımız Suqovşan dediyi üçün hamının yaddaşında bu kənd həmin adla qalıb. Əslində isə Laçında sülhməramlıların döyüş apardığı kəndlərdən biri də Suarası olub.

 

Laçın uğrunda gedən döyüşlərdə ilk şəhid olan tabor komandiri, mayor Elsevər Vaqif oğlu Paşayev oldu. O da öz əsgərlərini qoruyarkən şəhid olan komandirlərdəndir.

Ramaldanov deyir ki, Laçındakı döyüşlər daha çətin və daha da gərgin keçdi. Bunun səbəbi isə düşmənin “nəfəs borusu” adı verdiyi Laçın dəhlizini itirmək qorxusu idi: ”Laçında gedən döyüşlər Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə nisbətən daha da şiddətli oldu. Çünki həm Laçın dəhlizi həm də Laçın rayonun özü çox böyük strateji əhəmiyyət daşıyırdı. Bu səbəbdən düşmən o ərazini daha da güclü müdafiə edirdi”

Qələbə müharibənin gözlənilən nəticəsidir. Tarixi zəfər isə həmin nəticənin şəhid qanları ilə imzalanmış yekun və mənəvi sənədidir. Komandir deyir ki, onun dostu və döyüş yoldaşı olmuş, Həsən Rzazadə də Vətən Müharibəsində əsgərlərdən irəlidə gedən komandirlərdən biri idi: ”Baş leytenant Rzazadəni müharibədən öncəsi də əsgər və zabit heyyəti çox sevir, hamı hörmət edirdi. Döyüşdə onun şücaətin görən əsgərlədə onu daha çox sevməyə başladı. Müharibədə onun ayaq qoyduğu yerə bütün əsgərlər baş qoymağa hazır idi”.


Müharibə elə bir şeydir ki, orada bir neçə gün gördüyün döyüş yoldaşın sənin qardaşın, dostu, can yoldaşın olur. Vətən Müharibəsində də əsgərlər və zabit heyəti arasında rütbə, vəzifə demədən hər kəs yediyi yeməkdən tutmuş, düşmənlə atdığı gülləyə qədər bir-biri ilə paylaşırdı.


Komandir deyir ki, Laçında və başqa rayonda istər hücum zamanı, istərsə də düşmənin basqını zamanı öz əsgərlərinə güvənib. Onlar da bu inamı boşa çıxarmayıb, işğaldan azad etdikləri yüksəklikdən 1 sm olsun, geri çəkilməyiblər: ”Mən əsgərlərimə göstərdiyim qayğını onlarda mənə öz döyüş yolu ilə göstərdilər ki, komandir, biz sizin arxanızdayıq. Onlardan Qasımzadə Tural, Həsənli Elmir, Cəbrayıldan Laçına kimi mənimlə döyüşdülər. Könüllülərdən isə Həşimli Mirkamal, Abışov Ruslan”.


Komandir müharibənin ən çətin anlarında belə əsgər və zabit heyətinin ruh yüksəkliyinə səbəb olan amillərdən də söz açdı: ”Bizim döyüş yolumuzda bir güvən var idi. O da Ali baş komandanın bizə olan güvəni, xalqımızın bizə olan güvəni idi. Xalqdan gələn yardımlar bizi çox sevindirirdi. Biz orada gördük ki, istər, könüllü, əsgər, zabit hamsı bir yumruq kimi döyüşür”.


Əmirbəy Ramaldanov Vətən Müharibəsində göstərdiyi şücaətlərə görə “Bayraq” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “Laçının azad olunmasına görə” və “Vətən Müharibəsi İştirakçısı” medalları ilə təltif edilib.


Komandirimlə Qubadlıdan qayıdarkən, avtobusda onun üçün ifa etdiyimiz “Cənab leytenant” mahnısı haqqında fikirlərini bölüşməsini istədim. Dedi ki, həmin videoya nə zaman baxsa, həm kövrəlir həm də qürur hissi keçirir.


Semral Cavad,

Samir Qaragözov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR