Erməni əsgərləri döyüşdə kimlər zəncirləyibmiş? - Generalların adları açıqlandı
44 günlük Vətən Müharibəsindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistanda “günah keçisi” axtarışı davam edir. Rəsmi rəqmlərə inansaq, Azərbaycan əsgərinin darmadağın etdiyi erməni ordusunun 2100 nümayəndəsinə satqınlıq və fərariliyə görə cinayət işi açılıb, 800 nəfər məsuliyyətə cəlb olunub, minlərlə insan şahid qismində istintaqa cəlb edilib.
Ancaq proses bununla da dayanmayıb. “Günah keçisi” axtarışı prosesi erməni generalların da qapısını döyməyə başlayıb.
İndi də erməni bloger, siyasi fəal Roman Baqdasaryanın "250 hərbçi generalların əmri ilə Suqovuşan istiqamətində öldürülüb” iddiası Ermənistanı çaxnaşmaya salıb.
O bildirib ki, hadisə erməni generalları Seyran Ohanyan və Artur Vanetsyan tərəfindən törədilib. O, 44 günlük Vətən Müharibəsi dövründə işğaldan azad olunmuş ərazilərimizdəki erməni postlarında çəkilmiş fotoları izləyicilərlə bölüşüb. Fotolarda erməni əsgərlərin ayaqlarının zəncirləndiyi və ölümə tərk edildikləri açıq-aydın görünür. Hadisəni erməni generalların cinayəti kimi çatdıran bloger keçmiş hakimiyyəti sərt şəkildə ittiham edib.
Siyasi fəal digər videosunda isə Şuşa döyüşlərindən danışıb və bildirib ki, Şuşada 450-dən çox erməni əsgərin ölümünə hərbi rəhbərlik səbəb olub.
Xatırlayırsınızsa, müharibə dövründə Qarabağdakı separatçı erməni keşişləri əllərinə silah alaraq dırnaqarası vətənlərinin müdafiəsinə hazır olduqlarını elan etmişdilər. Xaricdəki erməni lobbilərinə tabe olan bu keşişlər erməniləri anti-türk, anti-azərbaycanlı, dırnaqarası Böyük Ermənistan ideyalarının təbliği ilə məşğuldurlar. Roman Baqdasaryan üçüncü videosunda erməni qəhrəmanı kimi qəbul edilən keşişləri hədəfə alaraq onları xəyanətdə ittiham edib. Üstəlik, Qarabağ separatçılarının "müqəddəs atası" Pargevin 1992-ci ildə Şuşa şəhəri işğal olunduqdan sonra ermənilərə azərbaycanlıların evlərini payladığını və buna görə rüşvət aldığını bildirib: “Öz müqəddəslərinizi müzakirəyə çıxarın. Bilirsiniz, “Müqəddəs ata” Pargev müharibə bitən kimi Qarabağdan qaçdı. Axı siz, müqəddəssiniz, niyə qaçdınız? Təsəvvür edirsiniz, "müqəddəs ata" Pargev erməniləri tərk edib, qaçıb. Bilirsiniz o, 1992-ci ildə Şuşa ələ keçiriləndə şuşalıların evlərinin paylanılmasının qərarını vermişdi. Axı sən kimsən ki, Şuşadakı azərbaycanlıların evlərini sağa-sola paylayasan? Sən necə müqəddəssən ki, öz maraqların üçün evləri paylayasan. Biz separatçı generallar varlansın deyə azərbaycanlılarla müharibə etməməliyik”.
Baqdasaryan onu da deyib ki, 2020-ci ilin payızında erməni hərbçiləri Hadrutu "müdafiə" edərkən, atəş xəttindən kənara çəkilən ermənilərin evlərini talan ediblər.
O həmçinin bildirib ki, Gorusun meri Aruş Aruşanyan Laçında məskunlaşan və 44 günlük müharibə vaxtı qorxusundan qaçan soydaşlarının yaşadıqları evlərin qarət edilməsinə başçılıq edib.
Roman Baqdasaryan rəsmi orqanlara istinadən məlumat yayıb ki,
Siyasi fəal onu da bildirib ki, Qarabağdakı ermənilərin separatçı rəhbərləri dələduzluqla məşğuldurlar. Baqdasaryan Ermənistandan ayrılan vəsaitin həcmini artırmaq üçün Rusiya sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdəki ermənilərin sayının şişirdildiyini ifşa edib.