Erməni terroru zərərçəkənlərin gözü ilə...
1961-ci il təvəllüdlü Bəykişi Zeynalov Ağdam rayonun Qaradağlı kəndində yaşayır.
APA TV-nin xəbərinə görə, Sentyabrın 27-də Erməni silahlı bölmələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində xəsarət alan dinc sakinlərdən biri də odur.
Ermənilər Ağdam rayonunu ağır artilleriyadan atəşə tutanda top mərmilərindən biri onun yaşadığı evə düşüb. Həmin vaxt evdə ailənin 6 üzvü olub. Bəykişi Zeynalov ailə üzvlərini həyətdə ki, sığınacağa yerləşdirib, özü isə evdən bəzi şeyləri götürmək üçün ləngiyib: “Qadın, uşağı düşürdük o biri evə. Mən bir balaca ləngidim evdə. Çox böyük bir vahiməli partlayış səsi gəldi. Ermənin atdığı mərmi evimin üstündən düşüb orta divara dəyib şaqqıldadı. O səs hələ də beynimdədir. Ondan sonra elə çox şey yadımda deyil”.
Düşmənin yaşayış evlərini atəşə tutması nəticəsində başından qəlpə yarası alıb: “Evdəkilərin dediyinə görə, məni təcili yardım maşını ilə aparıblar Ağdam Mərkəzi Rayon Xəstəxanasına. Oradanda Füzuliyə… Füzulidən də Bakı Neyrocərrahiyə xəstəxanasına aparıblar. Burada məni iki dəfə əməliyyat ediblər. Bir dəfə alın nahiyəmdə olan qəlpəni götürüblər, sonra 2021-ci il aprel ayının ikisində o batığı düzəltdilər. İndi Allaha şükür, sağalıram, sağalmışam, yaxşıyam”.
Müsahibimiz deyir ki, şükür edirəm ki, vaxtında uşaqları evdən çıxara bildim. Əgər onları evdən çıxarmasaydım daha ağır nəticələr ola bilərdi.
Bəykişi Zeynalov ordumuzla qürur duyur. Deyir ki, 44 günlük Vətən Müharibəsi zamanı hər gün torpaqlarımızın azad olunması barədə xəbəri eşitdikcə hamı kimi o da sevinib.