Ermənilər “Bakcell” əməkdaşını necə və harda güllələyib? - ÖZÜ DANIŞIR
“Bakcell”in ermənilərin açdığı atəş nəticəsində yaralanan əməkdaşı Gəncəyə aparılıb.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, “Bakcell” MMC-nin əməkdaşı Anar Məhəmməd oğlu Rəhimli və onunla bərabər digər əməkdaş dekabrın 29-da saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilən “Yeddi xırman” adlanan ərazisində iş görən zaman ermənilər tərəfindən atəşə tutulub. Nəticədə Anar Rəhimli yaralanıb. O, əvvəlcə yaxınlıqdakı hospitala yerləşdirilib. Oradan isə bu gün Gəncə şəhərində yerləşən özəl birinə gətirilib. Yaralı həmin anları belə xatırlayır: “Sürüb maşını dal dala verəndə başladı güllələməyə. Güllənin biri gəldi qoluma dəydi, sındı qolum. İdarəetməni itirdim, getdim maşın dirəyə dəydi oradan da dərəyə sürüşdü. Süründük çıxdıq. Yoldaşım kömək çağırmağa getdi.”
Travmatoloq Mahir Məmmədov bildirib ki , xəstənin vəziyyəti hazırda stabildir və o əməliyyat üçün hazırlanıb: “Aldığı xəsarət sol sait sümüklərini deşib keçən güllə yarası, hər iki sümüyün qəlpəli, çox qəlpəli sınığı və metal hissəcikləri də qalıb orada, yumşaq toxumalar zədələnib və orda sağ əlin beşinci darağ sümüyündə əsasən qəlpəli sınıqlar var. 15-20 dəqiqədən sonra əməliyyata götürüləcək. Əməliyyatda planımız xarici fiksator yegizztor aparatına sintez və yaraların cərrahi işlənməsidir.”
Həkimin sözlərinə görə ilk müayinə zamanı sinirlərin zədələnmədiyi aşkarlansa da yekun fikir əməliyyat zamanı müəyyən olunacaq. Onun səhhəti ilə tanış olmaq üçün bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xəstəxanada olub. Yaralının vəziyyəti ilə maraqlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə