Ermənilər törətdiyi cinayətlərə görə beynəlxalq məhkəməyə verildi

# 14:22
1 oktyabr 2021

"Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin tapılması istiqamətində də fəaliyyətimiz davam edir".

 

APA TV-nin məlumatına görə, bunu "1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü" və Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü ildönümü ilə bağlı keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

 

Baş prokuror bildirib ki, bu istiqamətdə aidiyyəti dövlət qurumları və digər ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir: "İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 150-yə yaxın şəxsin meyitini aşkar etmişik. İşğaldan azad olunmuş ərazilərdən onların meyitlərini tapmışıq. Qarşı tərəf də bizə bir neçə nəfərin meyitini təhvil verib".

 

Baş prokuror Vətən müharibəsində prokurorluq əməkdaşları həm ön cəbhədə, həm arxa cəbhədə iştirak etdiyinə diqqət çəkib: “Vətən müharibəsi dövründə prokurorluq əməkdaşları da döyüşlərdə iştirak edib. Digər qrupumuz isə müharibə dövründə törədilən cinayətlərin istintaqı ilə bağlı bir çox işlər aparılıb. Bu prosesdə Respublika Hərbi Prokurorluğunun əməkdaşlarının əməyini xüsusi qeyd etmək istəyirəm. Hərbi Prokurorluq əməkdaşları müharibə dövründə hərbi qulluqçularımızla çiyin-çiyinə səngərlərdə olub".

 

Kamran Əliyev qeyd edib ki, Vətən Müharibəsi başlayan gündən etibarən Ermənistan hərbi-siyasi rəhbərliyinin, hərbçilərin törətdiyi cinayətlər Baş Prokurorluq tərəfindən rəsmiləşdirilib. K. Əliyev qeyd edib ki, hazırda əldə olan sübut və dəlillər realizasiya edilir: "Biz iki istiqamətdə işlərimizi qurmuşuq. Birincisi, cinayət törətmiş şəxslərin bizim tərəfimizdən beynəlxalq axtarışa verilməsi, onların saxlanılaraq ədalət məhkəməsinə cavab verməsinə nail olmaqdır. İkincisi isə beynəlxalq məhkəmələrdə Ermənistanın cinayətkar rəhbərliyinin, digər vəzifəli şəxsilərin məsuliyyətinə cəlb olunmasına nail olunmasıdır. Bununla bağlı Prezident tərəfindən imzalanan sərəncam əsasında komissiyalar yaradılıb. Məqsəd cinayət törədən şəxslərin məsuliyyətə cəlb olunması və onların kompensasiya ödənməsinə nail olmaqdır. Artıq Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət məhkəməsinə iddia ərizəsi verilib və icraata qəbul edilib. Bu il 18 oktyabrda iddiaya baxılacaq".

 

Qeyd edək ki, Azərbaycan Prokurorluğunun yaradılmasının 103-cü ildönümü münasibətilə Baş Prokurorluğun əməkdaşları Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını və  Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Məlumat üçün bildirək ki, “1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü" ilə bağlı keçirilən tədbirdə "APA Group" "Prokurorluğun dostu" mükafatına layiq görülüb. Mükafat Baş prokuror Kamran Əliyev tərəfindən təqdim edilib. 

 

Sevinc Vaqifqızı,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR