Ermənilərdən qənimət götürülən silahların aqibəti necə oldu?

# 15:41
2 dekabr 2021

“1988-1993-cü ildə Azərbaycana rəhbərlik edən şəxslərin səriştəsizliyi ucbatından ölkəmizdə qardaş qırğını yaşandı və baş verən hərc-mərclik nəticəsində tarixi torpaqlarımız itirildi. Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda sabitlik bərpa olundu, ölkəmiz böhran vəziyyətindən çıxdı. Tarix sanki təkrar olundu. 2020-ci ildə ildə isə 30 illik işğaldan sonra Ali Baş Komandanın tarixi qərarı ilə biz yenidən tarix yazdıq”.

 

APA TV-nin xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında, Müdafiə-sənayesi naziri, general-polkovnik Mədət Quliyev deyib: “Xalqa, torpağa olan sevgi, eyni zamanda torpaqlarımızı işğaldan azad edəcəyik fikri gerçəkləşdirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qısa bir zamanda bizə qələbə sevincini yaşatdı və torpaqlarımızı qaytardı. Bu münasibətlə xalqımızı təbrik edirəm. Biz çox xoşbəxt insanlarıq ki, Azərbaycanı bütün dünyada qalib dövlət kimi tanıyırlar. Bəzən deyirlər ki, işğal 28 il çəkmişdi, amma tarixə nəzər salaraq görürük ki, cənab İlham Əliyev 200-300 illik məğlubiyyəti sındırdı”

         

Nazir qeyd edib ki, Vətən müharibəsi dövründə qənimət kimi çox sayda texnika və silah-sursat götürülüb: "Ordumuzun çevik, sürətli hücumu nəticəsində erməni əsgərləri texnikaları işlək vəziyyətdə qoyaraq qaçıblar. Həmin texnikalar, silah-sursatlar Müdafiə Nazirliyi ilə birgə təmir edilib və Azərbaycan Ordusunun istifadəsinə verilib. Vətən müharibəsində Ermənistan ordusundan hərbi qənimət kimi götürülən texnikalar, silah-sursat artıq Azərbaycan Ordusunun istifadəsinə verilib".

 

M.Quliyev onu da vurğulayıb ki, bizim qələbələrimizin hamısı dövlət başçısının adı ilə bağlıdır.

 

Nazir silah arsenalımızın ən yeni, müasir silahlarla təchiz olunduğuna da diqqət çəkib: "Müdafiə Sənayesi Nazirliyi ilə inkişaf etmiş dövlətlər arasında müqavilələr var. Prezident İlham Əliyev 2050-ci ilə qədər istifadə oluna biləcək silahların üstündə işləməklə bağlı tapşırıq verib. Silah arsenalımız ən yeni, müasir silahlarla təchiz olunur".

 

General-polkovnik bir çox ölkələrdə silah satışı və alışı ilə bağlı müqavilələrimizin olduğunu da xatırladıb. Nazir bildirib ki, müqavilələrin çoxu məxfi olduğundan bununla bağlı məlumat verə bilmir.

 

Sevinc Vaqifqızı

Kamran Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR