Ermənistan prezidentini istefaya hansı güclər məcbur etdi?

# 18:21
24 yanvar 2022

44 günlük müharibədən sonra hərbi-siyasi-iqtisadi xaosdan qurtulan bilməyən Ermənistan dünən daha bir şokunu yaşadı. Prezidenti Armen Sarkisyan istefa verdi. Maraqlıdır ki, sabiq prezident  vəzifədən getdiyini Londonda olarkən bildirib. O, istefa qərarının emosionallıqdan deyil, məntiqdən irəli gəldiyini deyib. Əlavə edib ki, prezidentin xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və vasitələri yoxdur.

 

Sitat: “Prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil. Ermənistan prezidentin sülh və müharibə məsələlərinə qarışa bilməyəcəyi, demokratiya üçün əlverişsiz hesab etdiyi qanunlara veto qoya bilməyəcəyi reallıqda yaşayır”.

 

Yerli media eks prezidentin İngiltərəyə müalicə aldığı üçün getdiyini yazır. Siyasilər isə tam fərqli fikirdədirlər və prezidentin istefasını Paşinyan klanının Ermənistanda nəzarəti tam ələ alması ilə izah edirlər.

 

Qeyd edək ki, ölkə qanunlarına görə, növbəti seçkilərə qədər prezidentin səlahiyyətlərini parlamentin sədri yerinə yetirəcək. Bu şəxs Alen Simonyandır.

 

Ermənistan parlamentinin deputatı Artur Kazinyan feysbuk hesabında yazıb ki, hadisələr çox sürətlə inkişaf edir. Bu istefa açıq şəkildə geosiyasi kontekst ehtiva edir və Armen Sarkisyan bir neçə gün əvvəl 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üçün BƏƏ-dən maliyyə alıb. Həmçinin bu müqavilənin başlanğıc olduğu bildirib.

 

Politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan TASS-a bildirib ki, Sarkisyan inqilabla hakimiyyətə gəlməyən tək elita idi və istefası siyasi basqılar nəticəsində ola bilər.

 

Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyasının keçmiş rəhbəri Armen Aşotyan isə xaricdən yeni siyasi təsirlərin gəldiyini və Armen Sarkisyanın bu prosesləri görüb, yarana biləcək hər hansı qarışıqlığın altında qalmamaq üçün istefa verdiyini bildirib.

Rusiyalı politoloq Armen Qasparyan isə “Sputnik Armeniya”ya açıqlamasında Armen Sarkisyanın Moskva üçün Ermənistanın daxili siyasətində vacib kadr olduğunu bildirib.

 

Müxalif “Şərəfim var” fraksiyasının sədri Artur Vanetsyan isə eks prezidentin Paşinyandan heç bir fərqinin olmadığını, hətta istefa verməsində gecikdiyini bildirib. Bu barədə yerli mətbuata açıqlama verən fraksiya sədri qeyd edib ki, Armen Sarkisyan istefaya öz istəyi ilə deyil, Nikolun təkidi ilə gedib.

 

“Paşinyan hakimiyyətə Qərbin adamı kimi gəldi, amma Moskvanın dediklərini etdi”. Bunu isə digər rusiyalı politoloq Sergey Markov “RT” kanalına açıqlamasında deyib. O bildirib ki, Qazaxıstan məsələsində Moskvanın bütün tapşırıqlarını qüsursuz yerinə yetirdi və beləliklə də Putinin gözünə girə bildi.

 

Sitat: “İstefadan iki gün əvvəl Putinlə Paşinyan telefonla danışıqlar apardı. Ola bilsin ki, Moskvadan Ermənistana tək rəhbərlik etmək tapşırığı Paşinyana verildi. Sarkisyanın istefa səbəbi elə məhs bu ola bilər. Qarşıdan Parlament seçkiləri gəlir və Paşinyana səs lazımdır. Birinci mərhələdə ola bilsin ki, səs yığa bilməsin, amma Baş nazirin ikinci mərhələdə qələbəsi mütləq olacaq. Paşinyanın əsas marağı iqtisadi maraqların naminə

Azərbaycan və Türkiyə ilə əlaqələri yumşaltmaqdır. Ona görə də seçkilərdə qələbə qazanması üçün Moskvanın razılığını almaq mütləq idi”.

 

Beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli isə bildirdi ki, Armen Sarkisyanın istefa verməsinin bir neçə səbəbi var və onlardan biri də xarici dairələrin tapşırığıdır. O əlavə edib ki, Ermənistanda hakimiyyətdaxili istefalar davam edəcək və bu da daxili siyasi böhranın dərinləşməsinə səbəb olacaq. Siyasi böhranın gətirdiyi nəticələrə gəlincə isə siyasi şərhçi deyir ki, birinci, daxili siyasi-iqtisadi gərgin vəziyyətdə olan Ermənistan üçün və Paşinyan üçün növbəti seçkilərdə səs itkisi ilə başa çata bilər. İkincisi, Paşinyan üçün divident gətirə bilər, o mənada ki, hazırda baş verən prosesləri patoloji olaraq nifrət bəslədiyi anti-Rusiya mövqeyinə uyğunlaşdıra və Qərbdən əlavə dəstəklər almaq üçün istifadə edə bilər. Azərbaycan nöqteyi-nəzərindən isə baş verənlər danışıqlar prosesində müəyyən problemlərin,  yaranması kimi sürprizlər meydana çıxa bilər”.

 

Siyasi şərhçi onu da əlavə edib ki, Ermənistandakı siyasi xaosdan istifadə edən bəzi qüvvələr həm Qarabağda, həm də sərhəddə təxribatlar törədə bilərlər. Əziz Əlibəyli vəziyyətin belə davam edəcəyi təqdirdə Zəngəzur dəhlizi ətrafında problemlərin də yaranacağı istisna etmir.

 

Deputat Ceyhun Məmmədov isə düşünür ki, Sarkisyanın istefa verməsinin səbəblərindən biri xarici siyasətdə aktiv olmağı hədəfə alsa da, buna nail ola bilməməsidir. Digər səbəb isə Ermənistanın rəsmi Bakı və Ankara ilə yaxınlaşma cəhdləridir: “Bu gün Ermənistanda Türkiyə münasibətlərin inkişafı istiqamətindən addımlar atılır. Diaspor təşkilatları və Ermənistan siyasətinə təsir gücləri olanlar Rəsmi İrəvanın Ankara ilə əlaqələrin qurulmasına və Azərbaycanla delimitasiya və demarkasiya məsələsinin həll olunmasında maraqlı deyillər. Hesab edirəm ki, Armen Sarkisyan erməni diasporu ilə sıx əlaqələrə malik olduğuna görə, hazırkı proseslərdə iştirak etmək və bilavasitə bu proseslərdə onun da gələcəkdə məsuliyyət daşımasını istəmir”.

 

Ermənistanda keçiriləcək seçkilərə gəlincə isə Ceyhun Məmmədov bildirib ki, Paşinyanın tərəfdarlarından birini və ya istədiyi şəxsin namizədliyini vermək imkanı var. Onun fikrincə, hazırkı proseslər Paşinyanın hakimiyyətinin güclənməsinə müsbət təsir göstərəcək.

 

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR