Ermənistanda seçkiqabağı absurd tamaşalar – BİZİM ŞƏRH

# 18:14
12 iyun 2021

Ermənistan absurd teatrına dönüb, yəqin xəbəriniz var. Xəbəri olmayanlar üçün deyirəm ki, “absurd” sözünün bəsit mənası ağlasığmaz deməkdir. Absurd teatrının tamaşaçısı ilə aktyorlar arasında məsafə sıfıra enir və tamaşanın bir yerində də, mütləq düşünürsən ki, aya, görəsən, gördüklərimin hansı aktyor, hansı tamaşaçıdır. Səhnədə də, zalda da aləm qarışır bir-birinə, it yiyəsini tanımır, çünki dünənki ölülər qəflətən səhnədə dirilir, dünənki dirilər qəflətən səhnədə ölür. Və beynin qarışdığından, heç nəyin məntiqini tuta bilmədiyindən çaşırsan.

 

Amma nə qədər çaşsan da, axırda tamaşaya baxan bir neçə nəfərin alqışına kor-təbii, dəstədən geri qalmamaq üçün qoşulursan və bir də görürsən ki, tək sən belə deyilsən, zalda hamı əl çalır. Ən əsası da, anlamadığı bir tamaşaya əl çalır...

 

Mənə elə gəlir ki, Ermənistandakı seçkiqabağı vəziyyəti bu sözlərimdən yaxşı illüstrasiya etmək mümkün deyil. Çünki qonşumuzun indiki halına heç bir ağıllı analiz qiymət verə bilməz. Bu birmənalıdır. Gəlin, onları çox da günahlandırmayaq, zira bu vəziyyətdə elə bir məqam var ki, onun üstündən keçmək ədalətsizlik olardı. Bunu obyektivlik naminə deməsək, qətiyyən olmaz.

 

Təsəvvür edin ki, tarix boyu, ələlxüsus da son iki yüz ildə özünü əhəmiyyətli göstərmək üçün bütün dünyanı acımadan aldadan və özü üçün kasıb olsa da, müəyyən şərait qurub yaşayan bir xalqı gözəl günlərin birində bütün dünya aldadır. Birdən bəlli olur ki, dünya xalqları sənin fırıldaqlarını çoxdan anlayıb, amma, müəyyən maraqlar onları vadar edib ki, bu absurd teatrına uzun müddət əl çalsınlar. Biçarə erməni də əsrlər boyu özünə çaldığı laylanın təsirindən diksinib ayılanda qəfil dərk edib ki, sən demə, uydurduğuna özünün də aldanaraq, aldatdığı dünya, əslində onun özünü uşaq kimi barmağına sarıyırmış. Bir xalq üçün bunu həzm etmək olduqca çətindir və mən onların halını gözəl dərk edirəm. Amma məşhur bir kəlamımızı dəyişərək deyək ki, elə yalanın ömrü də qırx gün olur. Yerdəki bu qırx gün, Allah dərgahında dörd yüz il də ola bilər və bizə bu çoxəsrlik yalanı faş etmək üçün cəmi qırx dörd gün gərək oldu...

 

Nə isə... Mövzunu çox uzatmadan, keçək həmin bu absurd teatrının seçki adlanan oyununa. İndi, seçkiyə sayılı günlər qaldığı bir zamanda kimsə Ermənistanda hakimiyyət davasına qalxan cəbhələrin sayını dəqiq bilməz, çünki hərənin ağzından bir avaz gəldiyi dönəmdə bunu saymaq mümkün olan şey deyil. Amma görünəni belədir ki, son ilin prosesləri bütün konstruksiyanı uçurub və dağıntılar altında qalan qüvvələr hərəsi öz bildiyi kimi çapalayır və bu pərişan mənzərəni təbəssümsüz seyr etmək mümkün olmur.

 

Dünənki ölülərin hamısı bu gün diridir, hərə bu seçkidən umduqlarını öz tərəfdarları qarşısında açıqlayır, gələcəyə nikbin baxmağa çalışır, ağzıqara camaata olmazın vədlər verir, rəqiblərini də, xalqını da, təkrar aldatmağa çalışır. Kənardan müşahidə edəndə, Ermənistan cəmiyyəti parçalanmış kimi görünür. Amma, elə deyil, naçar tamaşaçı isə, bu mitinqdən o mitinqə köç edir ki, bəlkə nəsə ümidverici bir söz eşidə...

 

Ortada aşkar görünən daha bir qüvvə də var. Bu qüvvəni aldanmaqdan bezən ermənilər 2018-də hakimiyyətə gətirib. Azərbaycana qarşı acınacaqlı müharibədə komandanlığı da o edib və heç vaxt arzulamadığı bir müharibəyə girişməli olub. Əslində Paşinyan hakimiyyətə gələn kimi xalqını əsrlik iddialardan əl çəkməyə çağırırdı, ölkənin daha böyük, daha zəruri problemləri olduğunu dilinə gətirirdi, zəbt edilmiş qonşu torpaqlarından imtina etməyin, dinc-yanaşı yaşamağın vacibliyindən danışırdı. Lakin az bir vaxtdan sonra gördü ki, başçılıq etdiyi aldanmış xalq neçə yüzillik yuxudan tam ayılmayınca, başı taqqıltı ilə əhləd daşına dəyməyincə, düzələn deyil və həlledici savaşın mümkün qədər tez başlanması üçün hətta “Qarabağ bizimdir” də dedi, Cıdır düzündə şərab da vurdu....

 

Bütün bunlar artıq arxada qalıb. Düz doqquz gündən sonra yuxudan ayılmış xalq seçki qutuları ilə üz-üzə qalacaq. O, ya aldanmış dünəninə, ya da hələ ki, məchul görünən, Paşinyan kimi zəif bir şəxsin ümidinə qalmış gələcəyinə səs verməlidir. Amma bu seçki bir çox suallara da cavab verəcək. Məsələn, özümüzü boş əfsanələrə yenə də inandıraq, yoxsa sakit gələcəyimizi təmin edib birtəhər dolanaq? Və ya müharibəyə hazırlaşaq, yoxsa öz canımızın hayına qalaq? Yaxud bu regiondakı xalqların ən zavallısı olduğumuzu qəbul edib, qonşularla birlikdə inkişaf edək, yoxsa, yenə də özümüzü hamıdan böyük və qədim sayıb, sarsaqlığımızı göstərək?

 

Ermənistan seçkisi bizim üçün də, seçəcəyimiz yola dair bir çox sualların cavabı olacaq. Biz nə istədiyimizi bilən, sülhsevər xalqıq və tutduğumuz yoldan bizi daşındıra biləcək qüvvə həqiqətən yoxdur. Bilirik ki, bu qanlı savaşımızı da yalnız haqq naminə etmişik, ilahi ədalətin bərpasına nail olmuşuq.

 

Amma mən müharibə olmayacağına inanıram, çünki yer üzündə yaşayan istənilən xalqın müdrikliyinə əminəm. İdealist deyiləm, ancaq Yaradan bütün insanları eyni yaradıb axı. Odur ki, Ermənistanda da bu dəfə yenə sağlam məntiq qalib gələcək. Onlar üçün başqa alternativ yoxdur. Getdikləri yolun hər iki yanı uçurumdur. Bu yolu düz gedib qarşıdakı dar boğazdan keçə bilsələr, adları yaşamağı seçən xalqların siyahısına yazılacaq. Gələcəyə aparan o boğazdan keçə bilməsələr, necə deyərlər, ağa durur, Ağacan durur...

 

İlqar Əlfioğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR