Əsgərliyə yola salmaq üçün oğluna qurduğu çadırda YAS MƏRASİMİNİ VERDİ - ÖLÜM YOLU

# 12:25
28 oktyabr 2022

Abşeron küçəsindəyik, Xanlar küçəsini bir-birindən ayıran xətdir. Yerli sakinlər bura “Dördyol” da deyirlər. Bu yolun bir hissəsi üzü Buzovnaya gedir. Məsələ burasındadır ki, hazırda dayandığımız bu ərazidə dəfələrlə avtomobil qəzası baş verib. Piyada keçidi və  işıqfor olmadığından ərazidə bir neçə nəfər həyatını itirib. Hazırda ərazidə yaşayan sakinlərin yeganə istəyi bura işıqforun qoyulmasıdır ki, ərazidə növbəti bədbəxt hadisə baş verməsin.

 

Maştağa sakinləri bu yola “ölüm yolu” da deyirlər. Özlərinə görə, haqlı səbəbləri də var. Deyirlər ki, dəfələrlə bu yolda baş verən qəzalar səbəbindən insanlar həyatlarını itirib. Çünki yola asfalt örtüyü çəkiləndən sonra, yolu keçmək üçün nə piyada keçidi, nə işıqfor, nə də xəbərdaredici nişan qoyulub.

 

Əraziyə işıqforun qoyulmasını ən çox istəyənlərdən biri də Feyzulla Əzizovdur. Gözünün ağı-qarası 19 yaşlı övladını elə bu yolda maşın vuraraq öldürüb Feyzulla dayının. Dərddən beli bükülən müsahibimiz deyir ki, oğlunu hərbi xidmətə yola salmaq üçün həyətində quraşdırdığı toy çadırında ona yas mərasimi keçirib. Elə buna görə də o digərlərinin də övlad itkisi kimi bir acını yaşamasını istəmir: “19 yaşlı uşağımı əlimlə qəbirə qoydum. Heç kim baxmır, maşınlar burda xod gedir. Xahiş edirəm ki, bura işıqfor qoysunlar. Mənim uşağım kimi kimsə ölməsin”.

 

Şikayətçi Taleh Şahbazəliyev deyir ki, burda hər il, bir-iki uşağı maşın vurur: “Bura bir dənə  işıqfor qoyulsun ki, biz rahat keçək. Maşından gələndə də dönmək olmur. O qədər maşın olur ki, hərəkət etmək olmur”.

 

Əliyusif Quluyev də bu yoldan şikayətçidir: “Dəfələrlə burada ölümlə nəticələn yol qəzaları baş verir. Maşınlar sürətlə hərəkət edir. Yanacaqdoldurma məntəqələrinin, şadlıq evlərinin qabağında var işıqforlar, bura da bu qədər millət yaşayır, amma yoxdur. Müraciət də etmişik, baxan yoxdur”.

 

Elə çəkiliş apardığımız zaman da yolun nə qədər təhlükəli olduğunun şahidi olduq.

 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə  əlaqə saxladıq. Qurumun rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev şifahi olaraq bildirdi ki, ərazidə tərəfimizdən monitorinq aparılacaq və lazımi tədbirlər görüləcək.

 

Ümid edirik ki, Baş Dövlət Yol Polisi İdarəsi məsələnin ciddiliyini nəzərə alıb dərhal hərəkətə keçəcək. Bax elə indi. Qurumun bu vədinə əməl edib-etməyəcəyini isə yalnız və  yalnız çox qısa zamanda yolumuzu yenidən bu ərazidən salmaqla görəcəyik.

 

AYTƏN SAKİTQIZI

FARİZ QULUYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR