Əzələ yığmaq üçün istifadə etdiyimiz qidalar niyə bizi öldürür?

# 20:28
27 oktyabr 2021

Bir neçə gün öncə 1991-ci il təvəllüdlü Teymur Məmmədrzayev məşq etdiyi idman zalında dünyasını dəyişdi. İdmançının epilepsiya səbəbindən öldüyü deyilsə də, bir çox sosial media izləyiciləri onun ölümünə səbəb kimi istifadə etdiyi dərmanların olduğunu iddia edir.


Bəs görəsən idman qidaları və stereoidlərdən istifadə nə dərəcədə faydalı və ya zərərlidir?
 

İdman qidalarının faydası və ya zərərini ömrünün 30 ilindən çoxunu bodibildinq idman növünə həsr edən və bu sahədə kifayət qədər uğur əldə etmiş Vüqar Verdiyevdən öyrəndik: ”İdman qidaları dedikdə bunu insanlar səhv anlayır. İdman qidaları gün ərzində idmançının itirdiyi kalorinin bərpası üçün mütləq lazımdır. Bunlara misal olaraq protein tozları, amin turşularını, kreatini göstərə bilərik”.


Peşəkar məşqçi deyir ki, idman qidaları üzərində yazıldığı kimi yalnız qida əlavəsidir. Ondan nə qədər istifadə etmək lazım olduğu isə yalnız məşqçilər tərəfindən təyin edilməlidir: ”Məşqçilər deməlidir ki, onların müştərilərinə hansı qidalar lazımdır. Belə deyək, sən bir gündə 6 dəfə qidalanırsansa, protein tozunu o qədər istifadəsinə ehtiyac yoxdur. Bəzi şəxslərin qidası gün ərzində 3-4 dəfədir, həmin adamların kalorisini yeməklər ödəmir”.

 

Vüqar Verdiyevin sözlərinə görə, özü və müştəriləri illərdir ki, həmin qidalardan müəyyən vaxtlarda istifadə etsə də, heç bir yan təsirini və ya zərərini müşahidə etməyib.

İnvaziv kardioloq Gülanə Ağayeva isə deyir ki, əzələ kütləsini artırmaq üçün istifadə edilən iynə və preparatlar ötən əsrdən mövcuddur. Lakin bu dərmanlar xəstəxanada yatan və əzələləri sürətlə azalmağa doğru gedən xəstələrin müalicəsində istifadə edilir. Bu preparatlardan istifadə zamanı isə bədəndəki bir çox orqanlara zərər verə bilir: ”Streoidlər müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə edilir, lakin onu istifadə edərkən hansı xəstəyə uyğun olması və  həmin hallarda lazımlılığı əsasdır. Çünki bunlar yüngül dərmanlar deyil. O ki, sağlam insanın bunu gündəlik istifadə etməsi bu məsləhət deyil. Streoidlər böyrək, qaraciyərlərə təsir etsə də, ən çox zərər vurduğu orqan ürəkdir”.

 

Kardioloq deyir ki, dopinq və streoidlərdən istifadə edən şəxslər arasında infarkt riskinə daha çox rast gəlinir. Bu da öz növbəsində gənclər arasında ölüm hallarının artmasına gətirib çıxarır: “Ürək qan-damar sisteminin ani olaraq aktivliyinin güclənməsi, müxtəlif növ “aritmeya” və ürək çatışmamazlıqlarına, “miakar” infaktlara, xüsusi ilə gənc yaşda rast gəlinən “miakar” infarktlara rast gəlinir. Bunun səbəbi isə həmin o maddələrin təsirindən ürək damarlarının tutulmasına, müxtəlif növ “aritmiyalara” və infarktlara və ani “kardiak” ölümlərə  gətirib çıxarmasıdır”.


Gülanə Ağayeva deyir ki, dopinq və streoidlər sağlam şəxslərin istifadəsi zamanı problem yaratsa da, idman qidaları haqqında bu fikri bildirmək düzgün deyil. Çünki idmançılar arasında idman qidalarından deyil, yalnız dopinq və streoidlərdən zərər çəkən şəxslərə rast gəlinir.


Semral Cavad,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR