Fərda Xudaverdiyev Qarabağ qazisinin 20 minini alıb? - Bakıda yeni dələduzluq

# 19:10
10 dekabr 2021

Birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş leytenant Nuriyev Əli Şaban oğlu ev təmir edən şirkət tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

Qarabağ qazisi Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir elətdirmək məqsədi ilə bu ilin iyun ayının 11-də özünü “AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb. Ancaq nə biləydi ki, onu qarşıda boşalan cib, təmirsiz mənzil, əsəbi günlər gözləyir: “Həmin müqvilədə onun peçatı oldu. Müqaviləyə əsasən 2 ay müddətində ev təmir olunmalı, mən 32 min manat pul ödəməli idim. Qısa müddət ərzində mən mənzilimin təmiri üçün pul ödədim. Ödənilmiş məbləğ bağladığımız müqavilənin arxa səhifəsində onun öz imzası ilə təsdiq olundu”.

2 ay bitir, amma Əli Nuriyevin mənzilinin təmiri bitmək bilmir. Evdə çalışan fəhlələr isə bildirirlər ki, onlara zəhmət haqqı ödənilməyib: “Fəhlələrin etirazından sonra Ruhəddinlə əlaqə saxladıq. Dedi ki, mənim maliyyə problemim olduğundan təmir ləngiyib, fəhlələrə də pul ödəyə bilməmişəm. Bundan sonra hər şey yaxşı olacaq. Avqustun 8-nə təhvil verəcəyini dedi, ayın 26 oldu, yenə mənzil təmirsiz qaldı”.

Bundan sonra Ruhaddən Cabarrovun qohumu Telman Fətəliyev adlı şəxs ona zəng edir və deyir ki, təmirin oktyabrın 1-nə qədər başa çadırlmasında yardımçı olacaq. Bunun üçün Telman Fətəliyev Əli Nuriyevdən əlavə olaraq 2600 manat pul istəyir.

Pul ödənir, əlavə müştərək müqavilə bağlanır. Telman Fətəliyev də aldığı pulu müqavilədə qeyd edir. Ancaq bundan sonra nə Telman Fətəliyevə, nə də Ruhəddin Cabbarova zəng çatır.

Əli Nuriyevin sözlərinə görə, Ruhəddin Cabbarov özünə məxsus olmayan şirkətin möhüründən istifadə edərək dələduzluq edir: Sonradan bizə məlum oldu ki, “Az İntekst” MMC əslində başqa şəxsin adına qeydiyyatdadır, amma möhürü Ruhəddindədir. Şirkətin rəhbəri vaxtilə Ruhəddinlə iş görüb. Amma sonra şirkət bağlanıb. Hətta möhürün itməsi barədə polisə məlumat verib etibarsız hesab olunması ilə bağlı qəzetdə elan dərc elətdirib. Lakin Ruhəddin möhürü özündə saxlayıb müqavilələr bağlayır. Vətəndaşlar da möhürlü olduğu üçün inanıb müqavilə bağlayırlar. Ruhəddin bu yolla onların inamını qazanır. 20 nəfər hazırda zərəçəkmiş var mənim kimi. Onlardan elə ailə var ki, 20, 30  həttda 40 min manat ödəyən şəxslər də var. Bizim inanmağımızın əsas səbəbi isə “Az İntekst” MMC şəriklərindən birinin aktyor Fərda Xudaverdiyev olmasıdir”.

Zərəçəkmiş vətəndaşlardan biri də Tural Xəlilzadədir. Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayında eyni adlı şirkətə mənzil təmiri üçün ödəniş edib:  “Bizim mənzil Xətai rayon , Nargilə dairəsində yerləşir. Qardaşımındır. 3 otaqlı mənzildir . Müqaviləyə əsasən 44.100 manat məbləğində “Az İntekst” MMC pul ödəməli idik, ilk olaraq məbləğin 50 faizini nəğd ödəmişik. Təxminən iki ay müddətində güya təmir edirlərmiş kimi bir az  əl gəzdirilib. İndi dayandığımız mənzildən belə betər vəziyyətə salıblar. Bu müddət ərzində bizi ofisə dəvət etdilər, dedilər ki 10 min manat da əlavə ödəniş edin. Ödənişin bütün qəbzləri qalır. Ümumilikdə 32 min manat pul ödənilib. Bizimlə müqaviləni isə “FƏRDA” Dizayn MMC ilə bağlayıb. 32 min manatı da məhz həmin şirkətə ödəmişik”.

20 zərəçəkmiş vətəndaşdan biri də Eldar İbayevdir: “Bacım qızı yeni mənzil almışdı. Mənə müraciət elədi ki təmirində kömək edim. Bizdə İnstagram sosial şəbəkəsində bu şirkətin olduğunu görüb müraciət etdik. İçəri şəhərdə Qolgüləş Federasiyasının ofisində görüşdük, dedilər buranı kirayəyə götürmüşük. 27 min manat ödədik və cəmi 3 ay müddətinə mənzilimizn təmir olunub bizə təhvil veriləcəyini dedilər.

Şikayətlə bağlı Ruhəddin Cabbarovla əlaqə saxlamağa çalışsaq da, nömrələrinə zəng çatmadı. Daha sonra adı dələduzluqda hallanan hər iki şəxsin vəkilləri ilə əlaqə saxladıq. Ancaq onlar da hazırda həmin şəxslərə hüquqi xidmət göstərmədiklərini dedilər.

“Az İntekst” MMC-nin rəhbəri olmuş Məhəmməd Musazadə isə bu işlərlə heç bir əlaqəsi olmadığını bildirdi: “Az İntekst” MMC-nin bu fəaliyyəti ilə bağlı zərərçəkənlər haqlı olaraq məni axtarıb tapandan sonra məlumatım oldu. Məsələ ondan ibarətdir ki, mən Az İntekst” MMC –ni qurduqdan sonra Ruhəddin Cabbarov direktor vəzifəsində çalışıb. Amm aişlərinin öhdəsindən gəlmədiyindən əməkdaşlığımıza xitam verildi. MMC-nin möhürünü ondan tələb etdikdən sonra mənə möhürülün itirldiyini dedi. Məndə zərəçəkənlər dəymiş zərərin ödənilməsini istəyirəm”.

Aktyor Fərda Xudaverdiyev isə ittihamlara belə cavab verdi: “Mənim şəxs olaraq heç bir tikinti və yaxud təmir şirkətim yoxdur. Təmir şirkəti axtarırdım. İnstagramda təsüdüf nəticəsində tanış olduq. Beləliklə razılaşdıq ki, onlar təmir etsinlər, əvəzində isə siz bizi reklam edin və adınızdan istifadə edək. Bizə dəstək olun dedilər, rəqabət çoxdur. Biz də insan olaraq sadəcə dəstək olduq. O, da bax belə... Axırı dələduzluğa keçdi. Çox təəssüf hissi ilə qeyd edirəm bunu. Çox istəyirəm ki, o adamı tutulandan sonra görüm. Zərəçəkmiş insanlar mənim özümə də müraciət ediblər və hefslənərək bildirmişəm ki, mənim də adım hallanıbdı bu işdə. Onlara da demişəm ki, hüquq mühafizə orqanlarına müraciət etsinlər”

Fərda Xudaverdiyev deyir ki, onun adından istifadə edənlərə qarşı özü də Daxili İşlər Nazirliyinə müraciət edib: “Sənan adlı şəxs özünü “Fərda” Dizayn MMC nin rəhbəri kimi təqdim edib. Bundan sonra mən də DİN-ə müraciət etmişəm. Daxili İşlər Naziri Vilayət Eyvazova təşəkkür edirəm ki, məsələnin ciddi nəzarətə götürülməsi ilə bağlı tapşırıq verib. Qısa zaman ərzində qaun çərçivəsində o insan haqqında lazım olan tədbirlər görüləcək.  Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Mənim adımdan istifadə edən şəxslərə inanmaq lazım deyil”.

Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır. Tərəflərin izahatları alınandan və zəruri istintaq hərəkətləri ediləndən sonra məsələyə hüquqi qiymət veriləcək.

SEVİNC VAQİFQIZI

FARİZ QULİYEV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR