Fermerlər yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirildi
Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən İsmayıllıda tədbir keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, çıxış edənlər meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı, meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir.
Müşavirədə çıxış edən polis əməkdaşları bildirib ki, biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.
Tədbirdə geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına İsmayıllı rayonunda meşə massivi ilə əkin sahəsinin sərhədində texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu ilə təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.
Şahnəzər Bəşirov, APA TV, İsmayıllı