FHN-dən meşə yanğınları ilə bağlı önəmli addım

# 17:44
16 iyun 2022

Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Avropa İttifaqının "Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri" üzrə Şərq Proqramının 3-cü fazası çərçivəsində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, İsveçin Fövqəladə Hallar Agentliyinin və İtaliyanın Mülki Müdafiə Departamentinin Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin  birgə tərəfdaşlığı ilə masaüstü təlim keçirilib.

 

"Meşə yanğınlarına birgə operativ cavab tədbirlərinin qiymətləndirilməsi" adlı təlimdə müvafiq dövlət orqanlarının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev çıxış edərək bildirib ki, son zamanlar, dünya miqyasında qlobal iqlim dəyişmələri fonunda təbii və texnogen fəlakətlərin baş vermə tempindəki artım fövqəladə hallara hazırlıq və cavab tədbirləri üzrə imkanların, bacarıqların bir daha nəzərdən keçirilməsi, xüsusilə də fəlakət risklərinin vaxtında müəyyən edilməsi və qiymətləndirilməsini ön plana çıxarıb: "Eyni zamanda, son dövrlər baş vermiş meşə yanğınları risklərin idarə edilməsinə sistemli yanaşmanın və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə erkən xəbərdarlıq sistemlərinin digər zəruri texnologiyaların tətbiqinin gücləndirilməsini tələb edir. Bu baxımdan, hazırda keçirilən təlimin əsas məqsədi fəlakət risklərinin idarə edilməsi, cavab tədbirləri sahələrində müvafiq qurumlar arasında qərarvermə, məlumat mübadiləsi və əlaqələndirmə mexanizmlərinin, o cümlədən qabaqlayıcı tədbirlər üçün erkən xəbərdarlıq sistemləri vasitəsilə xəbərdaredici məlumatların və siqnalları qəbul edilməsi, ötürülməsi imkanlarının sınaqdan keçirilməsidir. Həmçinin, təlim zamanı qabaqcadan hazırlanmış ssenari üzrə fövqəladə hallarda, xüsusilə da meşə yanğınları zamanı cavab tədbirlərinə uyğun olaraq müvafiq qurumlar arasında əlaqələndirmə imkanlarının və birgə fəaliyyətin bir daha nəzərdən keçirilməsi planlaşdırılır. Təlimdən sonra öyrənilmiş dərslərin tərkib hissəsi olaraq strateji, taktiki və əməliyyat səviyyələrində müvafiq qaydaların və standart əməliyyat prosedurlarının, təlim ehtiyaclarının qiymətləndirilməsi nəzərdə tutulur".

 

Nazir müavini qeyd edib ki, ictimaiyyətlə əlaqələndirilmiş kommunikasiyanın, o cümlədən böhran kommunikasiyasının funksionallığı, qurulması imkanları və bacarıqları sınaqdan keçirilir: "Fəlakətlərin qarşısının alınması və cavab tədbirləri sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ölkələrin sözügedən sahələrdə səylərinin birləşdirilməsi çox vacibdir. Bu baxımdan, Avropa İttifaqı ilə ikitərəfli, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən "Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri" üzrə Şərq Proqramı çərçivəsində əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin iştirak etdiyi Şərq Proqramı çərçivəsində müxtəlif fəaliyyət istiqamətləri üzrə tədbirlər həyata keçirilib və Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi ilə, eyni zamanda Fövqəladə Hallara Cavab Tədbirlərinin Əlaqələndirilməsi Mərkəzi ilə əməkdaşlıq əlaqələri formalaşıb. Proqramın fəlakət risklərinin idarə edilməsi, cavab tədbirləri və mülki müdafiə təlimləri sahəsində növbəti illər ərzində nəzərdə tutduğu fəaliyyətlərin əhəmiyyətli və faydalı olduğunu da qeyd etmək lazımdır".

 

Etibar Mirzəyev Fövqəladə Hallar Nazirliyi adından dəstəyə görə Avropa İttifaqının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları Baş İdarəsinə, o cümlədən Şərq Proqramının qrup rəhbəri Peter Qleruma, həmçinin İsveçin Mülki Müdafiə Agentliyinə və ekspertlərə birgə fəaliyyətə verdikləri dəstəyə görə təşəkkür edib. Nazir müavini eyni zamanda, Xarici İşlər, Səhiyyə, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, TƏBİB-in, “Azərbaycan Hava Yolları” QSC və Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təlimdə iştiraklarına görə təşəkkür edib.

 

Daha sonra çıxış edən Şərq Proqramının qrup rəhbəri Peter Qleruma bildirdi ki, təmsil etdiyi qurum Azərbaycanla əməkdaşlığa böyük önəm verir: “Öncə “Meşə yanğınlarına birgə operativ cavab tədbirlərinin qiymətləndirilməsi" adlı təlimdə iştirak edən hər kəsi salamlayıram. Bildirmək istəyirəm ki, Azərbaycan yanğınsöndürənləri və xilasediciləri böyük təcrübəyə, bilik və bacarıqlara yiyələniblər. Elə biz də hazırda məhz bu yanğınsöndürənlərin və xilasedicilərin baş verə biləcək fövqəladə hallara, xüsusilə də meşə yanğınlarına cavab vermə potensialını sınaqdan keçiririk. Daha sonra proqramımızı Azərbaycanın ehtiyaclarına uyğun şəkildə həyata keçirəcəyik. Onu da qeyd edim ki, Aİ Şərq Tərəfdaşlığının bir çox iştirakçıları kimi Azərbaycanla da bu sahədə əməkdaşlıq olduqca vacibdir”.

 

Qeyd edək ki, təlim iki gün davam edəcək

 

AYTƏN SAKİTQIZI

KAMRAN NAMAZOV

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR