FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardımı davam etdirir
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı düşməni torpaqlarımızdan qovdu və ərazi bütövlüyümüzü bərpa etdi. Həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar hər zaman ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanılır.
APA TV xəbər verir ki, bu çərçivədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər Nazirliyin mütəxəssisləri ilə birlikdə Vətən Müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər. Belə ki, Bakı şəhəri ilə yanaşı, aprelin ayının 5-dən etibarən respublikanın cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində, aprel ayının 12-dən etibarən isə şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılıb.
Lənkəran sakini, qazi Rauf Salayev deyir ki, onlara göstərilən psixoloji yardımdan çox razıdır: “Həqiqətən çox böyük təsir bağışladı, döyüşdə olan stresimiz, orada yaşadıqlarımız döyüşdən sonra da bizə psixi təsir qoymuşdu. Oğuz bəyə təşəkkür edirəm, onun seansında oldum. Çox gözəl təsir bağışladı həqiqətən. Məsləhət görərdim digər vətəndaşlarımıza da gəlib faydalansınlar. Problem nə qədər kiçikdirsə, onu vaxtında həll eləmək lazımdır”.
Lerik sakini, qazi Röyal Cümşüdlü xidmətdən sonra tez-tez ağrılar olduğunu deyir: “Hərbi xidməti bitirdikdən sonra səhhətimlə bağlı narahatlıqlarım vardı, başımda ağrılar vardı. Tez-tez əsəbiləşirdim və bu barədə “112” qaynar xəttinə müraciət elədim. Onlar da sağ olsunlar ki, belə bir məsləhət verdilər ki, Lənkəran şəhərində belə bir müayinə mərkəzi açılıb və mən də bura gəldim, razı qaldım”.
FHN-in psixoloqu Davud Sultanov deyir ki, bundan əvvəl Gəncə və Bərdə şəhərlərində də FHN tərəfindən psixoloji yardım işi həyata keçirilib: “Bu iki ay ərzində 3 şəhərdə artıq 1477 nəfər vətəndaşa psixoloji yardım göstərilib. Ümumilikdə 3092 seans keçirilmişdir. Hal-hazırda aprel ayının 5-dən etibarən cənub bölgəsində FHN-dən 2 nəfər psixoloq və Türkiyədən dəvət olunmuş 8 nəfər psixoloq burada vətəndaşların qəbuluna başlayıblar. Bu iki həftə ərzində əsasən müraciətlər Lənkəran, Masallı, Cəlilabad, Astara və Yardımlı rayonlarındandır. 121 seans keçirilib, 150-ə yaxın müraciət olunub və 101 nəfər vətəndaş psixoloji yardım alıb”.
Türkiyədən dəvət olunan psixoloq Feride Canbek deyir ki, müharibə iştirakçılarında əsasən gecələr qışqıraraq oyanmalar mövcuddur: “Özəlliklə uşaqlar təsirləndiyi üçün uşaqlarla bir-bir çalışırıq. Biz burada seanslarda göstərdiyimiz xidmətin nəticəsində bir çox müsbət geri dönüşlər aldıq. Ən çox hansı simptomlar görüldü burada, onlardan bəhs edim. Müharibə iştirakçılarında xüsusilə də gecələr qışqıraraq oyanmalar mövcuddur. Boğulma hissi ilə gəlirlər bura, panik pozğunluqlarıyla. Ondan sonra travma sonrası stres pozğunluğu dediyimiz hadisələrlə qarşılaşırıq. Gecələr qışqıraraq oyanmalar çox sayda mövcuddur. Şəhid ailələrində xüsusilə depressiya, yataqdan çıxmamaq, heç bir şey etmək istəməmək vəziyyətləri çoxdur”.
Qeyd edək ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV
DİGƏR XƏBƏRLƏR

Erməni deputatlar Laçınla bağlı layihədən imtina etdilər

Naxçıvanda bayram axşamı kütləvi zəhərlənmə / “APA XƏBƏR” - 15:00

Sabah hava dəyişəcək
