GƏNCƏDƏ VƏ NAFTALANDA 8 NOYABR - ZƏFƏR GÜNÜ QEYD OLUNUB

# 20:43
8 noyabr 2021

Gəncədə  8 Noyabr – Zəfər günü böyük təntənə ilə qeyd olunub.

APA TV xəbər verir ki, Gəncənin “İstiqlal” parkında təşkil olunan bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər.

Ölkənin ikinci böyük şəhəri olan Gəncədə Zəfər günü ilə bağlı şəhərinin bütün küçə və prospektlərində hazırda bayram əhval-ruhiyyəsi var.

Şəhər rəhbərliyi və şəhid ailələrinin iştirakı ilə Gəncənin “İstiqlal” parkında inşa edilən “Memorial Abidə Kompleksi”nin açılışı baş tutub. Kompleksdə  I Qarabağ savaşında və 44 günlük Vətən müharibəsində canlarından keçən Gəncə igidlərinin fotoları əks olunub.

Zəfər gününə ən çox sevinənlər həm də bu müharibənin od alovunu görən qazilərimizdir.

Kompleksdə  ümumilikdə 600-ə yaxın şəhidin şəkilləri və müxtəlif atributlar vurulub.  “Memorial Abidə Kompleksi”nin hissəsi olan qalib Azərbaycan əsgəri heykəlinin hündürlüyü isə postamentlə birlikdə 5 metr təşkil edir.

Tədbirdə Gəncə Dövlət Dram Teatrı tərəfindən “Azərbaycan, Zəfər günün mübarək!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Gənc könüllülərin iştirakı ilə sülh rəmzi olan 44 göyərçin havaya buraxılıb. Daha sonra Hərbi orkestrin keçidi izlənilib.

8 Noyabr – Zəfər Günü Naftalanda da qeyd olunub. Tədbir çərçivəsində Prezident cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq təltif olunmuş Şəhidlərin - Aslanov Bəxtiyar İlqar oğlunun “Vətən uğrunda” medalı (ölümündən sonra), Adıgözəlov Fərid İlqar oğlunun “Cəsur Döyüşçü“ medalı (ölümündən sonra), Cəfərov Elyəddin Zöhrab oğlunun “Cəsur Döyüşçü“ medalı (ölümündən sonra), ailə üzvlərinə təqdim olunub.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR