“Gənclər özlərini asır, dəri başdan tük qarışıq qopurdu” - ÇERNOBIL ŞAHİDİ DANIŞIR

# 18:41
26 aprel 2021

XX əsrin ən böyük texnogen faciəsi Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadır. Minlərlə insanın həyatına son qoyan dəhşətli qəzadan 35 il ötür.

 

APA TV xəbər verir ki, qəzanın miqyası və şiddəti o qədər böyük idi ki, 1945-ci ildə Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atılmış atom bombası belə ondan zəif olub.

 

1986-cı ilin aprelin 26-da baş verən hadisədən bir neçə gün keçsə də heç bir həyəcan təbili çalınmadı, yerli əhaliyə məlumat verilmədi. Üstəlik Kiyevdə 1 may nümayişi təntənə ilə qeyd olundu.

 

Çernobıl Ukraynanın Kiyev vilayətində Pripyat çayı sahilində yerləşən şəhər idi. Qəzaya qədər 13 min əhalisi olan şəhər, 2001-ci ildə əhalisiz şəhər kimi rəsmi qeydiyyata alındı. Faciə baş verdikdən sonra şəhər ətrafında yaşayan 115 mindən artıq insan evakuasiya edildi. Buna baxmayaraq isə qəzadan keçən illər ərzində 10 minlərlə insan aldıqları radiasiya şüası səbəbi ilə həyatını itirdi.

 

26 aprel tarixində baş verən qəzanın fəsadlarının aradan qaldırılması üçün minlərlə azərbaycanlı da partlayış baş verən əraziyə yollanıb. Gedənlər arasında xeyli sayda könüllü də olub. Çernobıl faciəsindən zərər çəkən insanların evakuasiyasında iştirak edərək, qəzanın dəhşətlərini öz gözləri ilə görən şəxslərdən biri də “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənovdur: “Çernobıl AES-də baş verən qəzanın ləğvi işlərinə 8 min azərbaycanlı cəlb edilmişdi. Ümumilikdə isə qəzanın ləğvi işlərində 6 yüz minə yaxın insan iştirak etdi. 1986-cı ildə baş verən qəzanın ləğvi işlərinə cəlb olunanda mənim 18 yaşım vardı. Həmin vaxt mən hərbi xidmətdə idim. Bir gecə həyəcan siqnalı ilə bizi qaldırdılar və göndərdilər. Ümumiyyətlə hara gedirdik və nə üçün gedirdik onu da bilmirdik. Əraziyə giriş postunda avtomobillər yuyulurdu. Xüsusi geyimli insanlar var idi, lakin hələ də nə baş verdiyin anlamırdıq. Həmin vaxt bizə Çernobılda nəyin baş verməsi haqqında heç bir məlumat verilmirdi”.

 

Həmin dövrdə Çernobıl əhalisinin radiasiyanın fəsadları barədə məlumatlı olmaması əlavə itkilərə yol açır. Müxtəlif xəstəliklər yaranır və genişlənir. Mirhəsən Həsənovun sözlərinə görə Çernobıl faciəsi zamanı xəsarət alan insanların özləri ilə yanaşı övladlarında da bir çox hallarda fəsadlar özünü göstərir: “Həmin dövrdə ora göndərilən robotlar sıradan çıxdı. Baş vermiş qəza 4-cü blokun partlaması idi. Ora yaxınlaşanda bütün robotlar sıradan çıxdı. Belə olan halda isə insanları ora göndərdilər. İnsanların fəaliyyəti bu idi ki, 3-cü blokun tavanı üzərinə xeyli sayda qırıntılar düşmüşdü. Həmi qırıntıları götürmək üçün 3 dəqiqəlik vaxt deyilən rejim təyin olundu. 3 dəqiqə ərzində sən həmin qırıntını götürüb yerə atırdın və həmin gün sən tam sərbəst olurdun. Psixoloji gərginlikdən gənclər özlərini meşələrdə asırdılar. Səhər qalxıb əlini başına çəkirdin. Dəri tük qarışıq başdan qopurdu”.

 

Müsahibimiz deyir ki, illər öncə istismar müddəti başa çatmış Metsamor Atom Elektrik stansiyasının ermənilər tərəfindən hələ də istismar edilməsi gələcəkdə region üçün olduqca böyük faciələrə yol aça bilər.

 

1986 və 1990-cı illər ərzində faciənin miqyası, insanlara vura biləcəyi zərərlər belə tam şəkildə məxfiləşdirilir. Bəzi miflərə görə radiasiyanın təsirindən insanlarla yanaşı heyvanlarda da ciddi dəyişilmələr əmələ  gəlib. Yeni doğulan canlılar üç ayaqlı, iki başlı tək gözlü və s. əcaib görünüşlərdə olub.

 

Xələf Xələfov

Faiq Həsənov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR