Göyçayda heyva boldur, alan yoxdur

# 15:03
9 noyabr 2022

Göyçaylı fermerlər heyva yığımına başlayıb.

   

Fermerlərin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, ötən ilə nisbətən bu il məhsuldarlıq yaxşıdır. Onların sözlərinə görə, məhsul bol olsa da, satış həyata keçirməyə bazar tapa bilmirlər. Alıcılıq qabiliyyətinin aşağı düşməsi məhsulun qiymətinin aşağı düşməsinə səbəb olub. Məsələn keçən il heyvanın bir kiloqramının qiyməti 30 qəpiklə 1 manat arasında dəyişirdisə, bu il həmin rəqəm 20-70 qəpik arasında dəyişir.

 

Fermerlər bildirir ki, rayonda emal müəssisələrinin həddindən artıq az olması da məsulun satışında çətinliklər yaradır.

 

Təsərrüfatçıları narahat edən məsələ ilə bağlı Göyçay rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirdi ki, rayonda yeni emal müəssisələrinin açılması üçün iş adamlarına və aidiyyəti qurumlara müraciətlər olunub.

 

Hazırda isə bəzi təsərrüfatçılar sata bilmədikləri meyvəni ev şəraitində konservləşdirirlər. Sakinlər deyir ki, tərkibi müxtəlif vitaminlərlə zəngin olan heyvadan mədə bağırsaq və öskürək xəstəliklərində geniş istifadə olunur.

 

Qeyd edək ki, Göyçayda 6782 hektar meyvə bağı var. Bunun 2119 hektarı heyva bağlarıdır. Fermerlər bağlarda əsasən heyvanın yerli sortları olan Bağça, Bardaq və Kamil növlərinə daha çox üstünlük verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR