“Güney Azərbaycana niyə sərmayə qoyaq, onsuz da ayrılacaq” - Tehran Təbrizi necə keçdi?

# 21:00
1 dekabr 2022

Bu gün Güney Azərbaycanda yaşayan soydaşlarımız təkcə siyasi, mənəvi basqıya məruz qalmır, həm də hökumətin iqtisadi bloklama siyasəti ilə üz-üzədir. 50 il bundan öncə İran adlanan ərazidə azərbaycanlıların yaşadıqları şəhərlər əsas sənaye mərkəzləri, iqtisadi baza sayılırdısa, indi bu gücə farsların məskunlaşdığı şəhərlər sahiblik edir.

Ekspertlər düşünürlər ki, iqtisadi vəziyyəti ağırlaşdıran Tehran hökumətinin əsas məqsədi azərbaycanlıları ölkə ərazisinə yaymaq, beləliklə də onların assimliyasiyasına nail olmaqdır.   

 

Güney Azərbaycandan olan iqtisadçı ekspert Sadiq İsabəyli də təsdiqləyir ki, İran hökumətinin Güney Azərbaycana qarşı yürütdüyü ayrı-seçkilik siyasəti sırf irqçilik deyil, həm siyasi, həm də iqtisadi zəmindədir.

Bunu son illərdə Güney Azərbaycanda yaşayan soydaşlarımızın kütləvi şəkildə fars şəhərlərinə köçmək məcburiyyətində qalması da sübut edir.

İqtisadçı qeyd edib ki, İran hökuməti büdcədən ayrılan pulun sadəcə 30-40%-ni Azərbaycana verir, geri qalan 60-70%-i isə yenidən mərkəzə qaytarır. 

 

Bu siyasətə etiraz edənlərə isə “Siz, azərbaycanlılar, Tehrandan niyə pul gözləyirsiniz? Çox çalışın və özünüzə büdcə yaradın” cavabı verilir.

Ekspertin sözlərinə görə, molla rejimi Güney Azərbaycanda turizmin inkişafına da imkan vermir. O bidirib ki, əcnəbilərə təqdim olunan İranın siyasi coğrafi ərazisində Güney Azərbaycan deyə yer yoxdur.

 

İranın Səyahət Xidmətləri Koordinasiya Qərargahının verdiyi məlumata əsasən, səyahətlərdə ən çox seçilən vilayətlər mərkəzi vilayətlər olub. İlk 10 vilayət isə bunlardır: Tehran, Fars, İsfahan, Rəzəvi Xorasan, Xuzistan, Kirman, Kirmanşah, Yəzd, Loristan və Həmədan. Gördüyünüz kimi, ən çox turist qəbul edənlər arasında Azərbaycan şəhərlərinin birinin də adı keçmir. 

Sadiq İsabəyli bildirib ki, İran hökumətinin apardığı ayrı-seçkilik siyasəti Güney Azərbaycanda genişmiqyaslı mühacirətin yaranmasına səbəb olur.

 

Beləliklə, kəndlər və şəhərlər boşalır. Ali təhsilli gənclər molla rejiminin göstərdiyi şəhərlərə üz tutur, ikinci, üçüncü dərəcəli işlə məşğul olurlar ki, bunun da Azərbaycan iqtisadiyyatına heç bir xeyri olmur.

Güneyli siyasi şərhçi Məhsa Mehdili isə qeyd edib ki, Cənubi Azərbaycan Qacarların dövründən həm mədəniyyətin, həm də iqtisadiyyatın mərkəzi olub. 

 

Onun sözlərinə görə, Cənubi Azərbaycan coğrafi olaraq həm Xəzər dənizi vasitəsilə, həm qərb, həm şimal tərəfdən Avropanın qapısı hesab olunur.

Məhsa Mehdili bildirib ki, Azərbaycanın qızıl və bahalı daş mədənlərindən çıxarılan qiymətli metalları emal edən bütün fabriklər qeyri-türklərin yaşadıqları bölgələrə köçürülüb.

Mütəxəssislərin sözlərinə görə, Tehran hökumətinin iqtisadi zəiflətmə siyasəti artıq o qədər açıq hal alıb ki, Cənubi Azərbaycanda iş adamlarından fars əyalətləri ilə nisbətdə daha yüksək vergi tələb olunur.

İran hökumətinin rəsmi orqanlarının açıqladığı statistik məlumata görə, son illərdə ölkənin ümum daxili məhsulunun 55 faizi 5 fars bölgəsinə aiddir.

Statistikaya əsasən, cədvələ Tehran, Xuzistan, İsfahan, Xorasan, Rəzəvi və Fars əyalətləri liderlik edir.

 

Sonda İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin 1995-ci ildə, Təbrizdə türklərin yaşadığı əyalətlərin iqtisadi baxımdan geridə qalmasına dair Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirləri xatırlatmaq yerinə düşər.

“Biz niyə Azərbaycana sərmayə qoymalıyıq? Güney Azərbaycan əvvəl-axır İrandan ayrılacaq, ona görə mən bu əyalətlərə investisiya qoyuluşunu məsləhət bilmirəm”. SİTATIN SONU

Gördüyünüz kimi, bu çıxış özlüyündə Tehran hökumətinin qorxusunu da əks etdirir. Bu cür ayrı-seçkilik və öz xalqına verdiyi zülm Tehran hökumətinin qorxduğu şeyin başına gələcəyi günü sürətlə yaxınlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR