Habip Demirci: “Gəncəyə elə bir bomba atdılar ki,...”

# 15:21
1 noyabr 2021

Azərbaycan Ordusunun Zəfəri ilə başa çatan Vətən müharibəsinin gedişatını çox saylı jurnalist ordusu işıqlandırdı. Qardaş Türkiyədən olan media mənsubları xüsusilə haqqın-ədalətin səsini dünya mediasına duyurdu.

 

İkinci Qarabağ savaşının informasiya səngərində Azərbaycanın haqq səsinə səs verən türkiyəli jurnalistlərdən bəziləri Vətən müharibəsinin ildönümündə APA TV-nin yerli bürosuna öz təəssüratlarını bölüşüblər.

 

“Əl-Ərəbiyə”nin İstanbul şöbəsinin operatoru Habip Demirci isə telekanalın müxbirləri Əhməd Ghannam ve Adnan Can Ataytürkmənlə birgə iki dəfə ölümlə üz-üzə qalıb: “Sentyabrın 27-də məsələ ilə maraqlandıq, telekanalın Londondakı mərkəzini məlumatlandırdıq və Azərbaycana ezam olunduq. Hadisələrin daha çox cərəyan etdiyi bölgələrdə aidiyyəti qurumlar xaricdən gələn jurnalistləri təhlükəsizlik baxımından məlumatlandırıb, xəbərdar edirdilər. Lakin biz baş verənləri daha yaxından çəkib göstərmək istəyirdik. Hətta Gəncədə riskə gedərək təhlükəsizlik zolağını keçərək çəkilişlər də etdik. Tərtərdə isə müxbirlə birlikdə dağıdılmış ərazini, alovlanan sahəni daha yaxından lentə alan zaman 100 metr məsafədə ard-arda iki bomba atıldı. Daha təhlükəsiz yerə sürünərək keçdik. Gəncəyə elə bir bomba atdılar ki, qaldığımız oteldə sanki 7 ballıq zəlzələ effekti baş verdi. Çəkiliş üçün hadisə yerinə yollandıq. Oralar tamamilə cəhənnəmə dönmüşdü. Bütün bu səhnələr çox üzücü idi”.

 

Habip Demirci Azərbaycan xalqının, xüsusən də münaqişə bölgəsində yaşayan yerli insanların qonaqpərvərliyinə, mehribanlığına heyran olub: “Azərbaycanı çox sevdim. Xüsusilə Şuşa, Füzuli, Qarabağın digər yerləri çox gözəldir. İnsanları çox istiqanlıdır. Bu qədər faciənin qarşısında insanların üzündən gülüş əskilmədi”.

 

Azərbaycanın böyük zəfərinə şahidlik etməkdən şərəf duyduğunu dilə gətirən Habip Demirci Azərbaycan xalqının əzminə heyran olduğunu qeyd edib.

 

Sevil Ünal,

Sevinc Vaqifqızı,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR