Hakimləri “Emin-444”ün qətli ilə nə bağlayır?

# 13:28
23 aprel 2022

Xəbər verdiyimiz kimi, aprelin 22-də Məhkəmə-Hüquq Şurasının iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsuliyyətə cəlb edilən 3 hakim ölkədə böyük rezonans doğurmuş “Emin-444” ləqəbli kriminal avtoritet Emin Səfərovun qətli ilə bağlı cinayət işinə baxan hakimlərdir. Belə ki, həmin işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İlham Mahmudov (sədr), Mirzə Xankişiyev və Faiq Mahmudovdan ibarət hakimlər kollegiyası tərəfindən baxılıb.

 

İlham Mahmudovun sədrliyi ilə keçirilən məlum məhkəmə prosesinin yekununda – ötən ilin 10 oktyabrında cinayət əməlini törətməklə bağlı tutularaq istintaqa cəlb edilən 1995-ci il təvəllüdlü Həsən Tağıyevin təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilməsi, lakin cinayətin əsas iştirakçısı və təşkilatçısı olduğu iddia edilən 1984-cü il təvəllüdlü Zaur Yusifova isə bəraət verilərək dərhal məhkəmə zalından azadlığa buraxılması müzakirələrə səbəb olmuşdu.

 

Həmin vaxt adları qeyd edilən hakimlər kollegiyasının verdiyi qərarla Baş Prokurorluq da razılaşmamış, hökmdən bir neçə gün sonra Z.Yusifovun dövlət ittihamına uyğun məsuliyyətə cəlb edilməsi ilə bağlı prokurorluq tərəfindən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmişdi.

 

Bakı Apellyasiya Məhkəməsində prosesin getdiyi müddətdə isə Zaur Yusifov yaşadığı evin yaxınlığındakı marketdə “Emin-444”ün xalası oğlu, 22 yaşlı Samir Şirəliyev tərəfindən qisas məqsədilə güllələnərək öldürülüb.

 

Bildirilir ki, əvvəllər Dövlət Miqrasiya Xidmətində çalışmış və kikboksinq üzrə dünya çempionu olan Zaur Yusifovun “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunsa da, məhkəmənin hökmü ilə bəraət alması aidiyyəti dövlət qurumlarının da diqqətini cəlb edib. Azadlığa buraxılan Zaur Yusifovun sonradan qisas məqsədilə qətlə yetirilməsi isə bu işə diqqəti daha da artırıb və Məhkəmə Hüquq Şurası Bakı Ağır Cinayətlər Məhkəməsinin məlum cinayət işinə baxan hakimlərlə bağlı araşdırmalar aparıb. Araşdırmalar nəticəsində hakimlərin Cinayət Prosessual Məcəlləsinin tələblərini pozması müəyyən edilib və hər 3 hakim intizam məsuliyyətinə cəlb edilib.

 

Qeyd edək ki, məsuliyyətə cəlb edilən hakim İlham Mahmudov məşhur prokuror Fikrət Mahmudovun qardaşıdır. Fikrət Mahmudov 2014-cü ildə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə vəzifədən azad edilib. O, Nərimanov rayonunun prokuroru təyin edilməmişdən əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsində də çalışıb.

 

Mahmudovlar ailəsi həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri, bir müddət əvvəl AMEA prezidentliyindən istefa vermiş Ramiz Mehdiyevin qohumu kimi tanınır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR