Haqq savaşımızı dünyaya çatdıranlar - Bülent Çulcuoğlu

# 19:24
28 sentyabr 2021

44  günlük Vətən Müharibəsini dünya həm də onun kamerasının obyektivindən izlədi.

 

Müharibə bitəndən sonra da Türkiyəyə dönməyib. Düz 55 gün ərzində Azərbaycanın ən qaynar nöqtəsində olub, TRT kanalı üçün xəbərlər hazırlayıb və bunu dünyaya çatdırıblar. Bir an belə ləngimədən, operativlik və dəqiqliklə.

 

Vətən müharibəsinin işıqlandırılmasında yaxından iştirak edən Türkiyənin  "TRT Haber"in əməkdaşı Bülent Çulcuoğlu Ermənistanın gerçək üzünü göstərdiyini dilə gətirir.

 

“Azərbaycan 44 gün ərzində möhtəşəm dastan yazdı", - deyir Türkiyəli həmkarımız:  “İkinci Qarabağ müharibəsinə şahidlik etməkdən xoşbəxtəm. Bu mənim məslək həyatımın ən uğurlu anları kimi yadımda qaldı. Mənə Azərbaycanda başlayan savaşı işıqlandırmaq üçün  bölgəyə ezam olunmaq istəyirsənmi sualı veriləndə, əlbəttə sevə-sevə gedəcəyimi dedim. Bu gün mənə müharibə ilə bağlı məqamları danışmaq imkanı yaratdığınız üçün APA İnformasiya agentliyi olaraq sizlərə təşəkkür edirəm. Ermənistan müharibə zamanı bir daha qətliamçı dövlət olduğunu sübuta yetirdi. Azərbaycan ordusu əsgəri  nöqtələri vurmasına baxmayaraq, Ermənistan yenə də dinc əhalinin yaşadığı bölgələri bombardman edirdi.  Cəbhəboyu Tərtər və Bərdə bölgəsində  "TRT Haber"i təmsil etdim. Müharibə zamanı Ağdama da getdim”

 

Jurnalist yaddaşına həkk olunan və heç unutmayacağı məqamlardan da danışıb: “Gəncə şəhərində Ermənistan tərəfindən törədilən qətliamlar, uşaqların cansız bədənlərini görmək, dağılmış evlər arasından dinc əhalinin nəşini çıxarmaq qədər ağır gün yaşamamışdım. Mən Suriyada da oldum, müharibəni görüb Əsəd rejimi tərəfindən törədilən insanlıq əleyhinə faciələri yaşayanlar arasında oldum. Azərbaycanda olarkən bir daha şahid oldum ki, ermənilərin törətdiyi əməllər heç də Əsəd rejimindən fərqli deyil. Ermənistanın törətdiyi qətliamlar eynən Suriyada gördüklərimin təkrarı oldu. Bu gün qürurla Azərbaycan ordusunu təbrik edirəm. Bu çox böyük bir zəfərdir. Azərbaycan xalqını təbrik edirəm. 55 gün Gəncə, Goranboy, Ağdam, Bərdə və Tərtərdə oldum. Müharibə gedə-gedə Azəri qardaşlarımızın bizə necə sevgi ilə davrandığının şahidi oldum”.

 

Tarixi zəfər münasibəti ilə xalqımızı təbrik edən Bülent Çulcuoğlu Azərbaycanı doğma vətəni hesab etdiyini də fikirlərinə əlavə edib.

 

 

 

Sevil Ünal

Sevinc Vaqifqızı

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR