“Hədəflər daha da böyüməkdir” - 17 YAŞLI APA

# 20:24
16 noyabr 2021

17… Ömrün ən gözəl çağı… Öyrənməyin yaşı və öyrədən olmaq… İkisi bir arada həm məsuliyyətli, həm də şərəflidir. Bu gün Azərbaycan informasiya məkanında özünəməxsus yeri və rolu olan APA İnformasiya agentliyinin 17 yaşı olur. Bu gün bu məktəbi yaradanların da, yolu bizimlə kəsişənlərin də bayramıdır. Çünki əl-ələ, çiyin-çiyinə verib böyütdükləri doğma APA-nın artıq 17 yaşı tamam olur. Hamı həmişə olduğu kimi iş başındadır. Heç kimin bizə ayırmağa bir dəqiqə vaxtının olmamasına baxmayaraq fürsət tapıb həmkarlarımızı təbrik etdik.

 

APA İnformasiya Agentliyinin baş redaktoru Nurşən Quliyev deyir ki, APA 17 ildə həm öyrəndi, həm də öyrətdi: “17 yaş gənclərin yaşı sayılır. Bu yaşa qədər əsasən öyrənirlər. Amma mən hesab edirəm ki, APA 17 ildə həm öyrəndi, həm də öyrətdi. Müxtəlif sahələrdə, müxtəlif insanlarla işlədi. Müxtəlif sahələr üzrə peşəkarlar hazırladı və o peşəkarların Azərbaycanın dövlət qurumlarında və rəsmi orqanlarında fəaliyyətini biz görürük.  Mən şəxsən bununla qürur duyuram. Çünki yenə qeyd edirəm, Apa həm də öyrətdi, Azərbaycan mətbuatında öz dəsti xətti, öz yolu olan qurum kimi seçildi”. 

 

Nurşən Quliyev deyir ki, elə 17 il əvvəl də, APA ilk addımlarını atmağa hazırlaşanda da, məqsəd ondan ibarət olub ki, informasiya məkanında fərqlilik yaratsın: “Agentlik yeni fəaliyyətə başlayanda birinci arzumuz qələbə xəbərini vermək idi. Hər zaman danışanda da, yubileylərimizdə özümüz özümüzə bunu arzu etdik. Özümü çox xoşbəxt hesab edirəm ki, APA olaraq biz Azərbaycanın möhtəşəm qələbəsinin xəbərini verdik. 44 günlük Vətən Müharibəsində APA da informasiya sahəsində öz üzərinə düşəni məncə elədi və bunu bacardı. İnformasiya müharibəsindəki qələbədə APA-nın öz payı oldu. Bu gün qələbə qazanmış qalib bir ölkənin İnformasiya Agentliyini təmsil etmək bizim üçün böyük fəxrdir”.

 

Aparıcı media qurumu olaraq APA həm yeni nəfəs, həm də məktəb olmağı bacardı. Amma yeni hədəflər, yeni layihələr və yeni uğurlara imza atmaq şərti ilə... Nurşən Quliyevin sözlərinə görə, hədəflər daha da böyüməkdir: “Qarşıda məqsəd olmasa missiya bitmiş sayılır. Bu missiyanı bitirmək hələ tezdir. Görəcəyimiz çox iş və qarşımızda böyük məqsədlər var. Məsələ Azərbaycanda 1-ci olmaqla bitmir, məsələ budur ki, APA üzərinə götürdüyü missiyanı, yəni ölkənin 1-ci media qurumuna çevrilək, biz bunu bacardıq. Əsas məsələ lider olmaq deyil, əsas məsələ liderliyi qorumaqdı. Bu uzun illər ərzində APA liderliyini qorumağı bacarıb”.

 

APA Group 17 ildir yol gəlir və nə az nə çox bu 17 ilin hər günündə xidməti olan dostlarımızın təbriklərini eşitdik.

 

 “APA GROUP” MMC bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunub. Məqsəd vahid media strukturunun yaradılması, bu struktura daxil olan media qurumlarının operativ, çevik, koordinasiya edilmiş fəaliyyətinə nail olmaqdır. Qrupa “Azəri-Press” Agentliyi (APA) MMC, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC və “APA TV internet televiziyası və “Kulis.az” ədəbiyyat saytı daxildir.

 

Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, APA Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliklərindəndir. “Google Analyitics” göstəricilərinə görə, APA Agentliyinə hazırda 1 milyon 620 mindən artıq istinad mövcuddur. Təkcə, məşhur Vikipediya mənbəsində APA-ya 45 000 mindən artıq istinad edilib.

 

27 sentyabrdan etibarən başlamış Vətən Müharibəsi ilə bağlı xəbərlərdə Azərbaycan tərəfindən ən çox istinad edilən agentliklərdən biri APA olub. CNN, Aljazira, Ria-Novosti, İnterfax, NTV Rusiya, Türkiyə, İran, Rusiya, Ermənistan KİV-ləri mütəmadi olaraq APA-nın xəbər, video və foto çəkilişlərindən istifadə ediblər.

 

APA GROUPLA bizdə 8 ildir yol gəlirik. 17 ilin 8 ilini birlikdə gəlirik. Bu yolu uğurla gələ biliriksə deməli bu ailəmizin adına layiqik. Çünki APA ailədir, məktəbdir, bu ailənin hər bir üzvü bu məsuliyyəti dərk edir. Bu yolu məsuliyyətlə, dəqiqlik və etibarla davam etməksə hamımızın borcudur.

 

Yolumuz açıq, uğurlarımız bol olsun!

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR