Həkim: “Ermənilər minaları sıra ilə sıx düzüblər ki...”

# 14:00
20 aprel 2021

44 günlük Vətən müharibəsi başa çatsa da, işğaldan azad edilən ərazilərimizdə silah-sursat partlayışlarının olması təhlükəsi hələ də qalmaqdadır.

 

APA TV-nin məlumatına görə, söhbət düşmənin geri çəkilərkən kənd və qəsəbələrimizdə, yaşayış məntəqələrimizə aparan yolların üzərində basdırdığı mina və digər partlamamış hərbi sursatlardan gedir.

 

Müharibədən sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Müdafiə Nazirliyinin minatəmizləyənləri, həmçinin Türkiyə və Rusiyadan gəlmiş mühəndis və istehkamçılar gecə-gündüz işğaldan azad olunmuş yerləri təmizləmə işini həyata keçirsə də, ərazidə bələdçisiz gəzmək olduqca təhlükəlidir.

 

Bu azmış kimi, bir çox vətəndaşlarımızın qanunsuz şəkildə, gizli yollarla həmin ərazilərə daxil olaraq minaya düşməsi minatəmizləyənlərin işini xeyli ləngidir. Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, bir şəxsin minaya düşməsi onlarla insanın səfərbər olmasına gətirib çıxarır: “Bir insanın minaya düşməsi insanın xəstəxanaya çatdırılması ilə yekunlaşmır. Partlayış yerinə minaaxtaranlar gəlir, onun keçdiyi ərazi yoxlanılır. Həmin ərazi açılır. Ondan sonra minaya düşmüş şəxsin oradan çıxarılması, xəstəxanaya çatdırılması, ona yardım olunması kimi fəaliyyətlər həyata keçirilir. Bütün bunları kompleks şəkildə götürdükdə, bir insanın minaya düşməsi onlarla insanın öz fəaliyyətlərini kənarda qoyub həmin şəxsin xilas edilməsinə yönəlir”.

 

Vətən Müharibəsi zamanı minaya düşmüş hərbçilərimizi əməliyyat edən həkim-reanimatoloq Elşən Əliyev vətəndaşları qanunsuz səfərlərdən çəkinməyə çağırır: “Mənfur ermənilər minaları tək-tək basdırmırlar. Onları minaları sıra ilə sıx düzüblər. Bir minaya düşən ola bilər ki, ayağını itirsin. Ola da bilər ki, partlayışdan sonra yıxılıb digər minanın da üzərinə düşsün. Bu da artıq həyatla vidalaşmaq deməkdir. Dövlətimiz, Müdafiə Nazirliyimiz o zonalara getməyi qadağan edibsə, demək, getmək lazım deyil. 30 il idi ki, dözürdük. Cənab Prezidentimizin, qəhrəman əsgərlərimizin sayəsində torpaqları azad etmişik. Bir-iki il də dözmək olar ki, o minalar təmizlənsin. Ondan sonra hamılıqla yığışıb gedək o torpaqlara”.

 

Həkim müharibə günlərini belə xatırlayır: “3 nəfər hərbçimiz maşında tank əleyhinə minaya düşmüşdü. Onların ikisi yerindəcə şəhid oldu, biri isə çoxsaylı qəlpə yaraları ilə yanımıza gətirildi. Cərrahlarımız onu 6 saata yaxın əməliyyat etdilər. Düzdür, onun həyatını xilas etmək oldu, amma hər iki ayağı buddan aşağı amputasiya alındı. Mina çox canlar apardı orda”.

 

Elşən Əliyevin sözlərinə görə, ermənilər minaları biri-birinə elə yaxın yerləşdiriblər ki, bir minaya düşən şəxsin ikinci və üçüncü minaya düşmə ehtimalı olduqca böyükdür: “Polad adında cüssəli, pəhləvan kimi bir əsgərimiz var idi. Həmin əsgər Qubadlının girəcəyində piyada əleyhinə minaya düşmüşdü. Mina onun bir ayağını topuqdan qoparmışdı. Partlayış nəticəsində yuxarı qalxıb yenə başqa bir minanın üzərinə düşmüşdü. Bir orduya cavab verə biləcək pəhləvan bir əsgər, 2 metr boyunda igid idi. Hər iki ayağı topuqdan aşağı travmatik qopma ilə gətirildi. Onun hər iki ayağını amputasiya etdilər”.

 

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, bəzən eyni nöqtədə bir neçə minaya rast gəlirik: “Ermənilər hibrid bir metoddan istifadə ediblər. Yəni eyni əraziyə həm piyada, həm də tank əleyhinə mina yerləşdiriblər. Bundan başqa, bir də ora sürpriz mina qoyublar. Tank əleyhinə minanı zərərsizləşdirməyə yaxınlaşan piyada və ya minaaxtaranın da zərər görməsi üçün düşmən əlindən gələn edib”.

 

Minatəmizləmə əməliyyatlarını ləngidən məqamlardan biri də Ermənistan tərəfinin beynəlxalq konvensiyaların tələblərini pozaraq, minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsidir. Rəsmi İrəvan hər zaman olduğu kimi, bu məsələdə də erməni xislətini göstərərək gah xəritələrin müharibə zamanı itdiyini, gah da bu xəritələrin, ümumiyyətlə, mövcud olmadığını bildirir.

 

Hərbi ekspert Ədalət Qulieyev isə deyir ki, bu tip xəritələr adətən 3 nüsxədə hazırlanır. Yəni müharibə zamanı sözügedən xəritələr itmiş olsa belə, onun bir nüsxəsi İrəvanda, Ermənistanın Müdafiə Nazirliyinin binasında saxlanılır: “Bu xəritələri kimsə tapmaq istəyirsə, İrəvanda Baqramyan-26 ünvanına üz tutsun. Həmin ərazidə o xəritələr mövcuddur. Ermənistanın bu xəritələri Azərbaycana verməsi gələcək mehriban qonşuluq münasibətində əks-tərəfin müsbət mövqeyini nümayiş etdirmiş olardı. Ona görə də qarşı tərəf bu barədə ciddi düşünməlidir”.

 

Milli Məclisin deputatı Musa Qasımlı isə deyir ki, Ermənistanın minaların xəritələrini verməməsi beynəlxalq cinayətdir və eyni zamanda bir çox problemlər yaradır: “Hər şeydən əvvəl bu, böyük qayıdışa mane olmaq məqsədi daşıyır. Çünki Azərbaycan bu işdə xeyli məsrəflər sərf edəcək. Həm də bu iş zaman alacaq və dirçəlişə mane olacaq. Ona görə də Ermənistanın minalanmış ərazilərin xəritələrini verməsi bütün beynəlxalq normalara uyğun olardı. Amma Ermənistan bunu eləmir”.

 

Müharibə zamanı geri çəkilərkən belə ərazilərimizi minalamağı unutmayan ermənilər guya sözügedən xəritələri Qarabağ ərazisində “unudublar”. Unutmağa meylli olan bu xalqın nümayəndələri bir şeyi də unutmasın ki, Ermənistan tərəfi xəritələri Azərbaycana təqdim etmədikcə, “dəmir yumruq” hər zaman başlarının üzərində olacaq.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

Əli Ələkbər,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR