Helikopter qəzası barədə rəsmi məlumatlar niyə gecikdi?

# 18:47
2 dekabr 2021

“Azərbaycanda dövlət səviyyəsində kommunikasiya məsələlərinə böyük əhəmiyyət verilir, ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir”.

 

Bunu jurnalistlərin suallarını cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

O əlavə edib ki, cəmiyyət olaraq, media məkanında fəaliyyət göstərən insanlar olaraq, bu məsələlərə maksimum həssas yanaşmamız vacibdir: “Müharibə dövründə olan təcrübəmiz, Silahlı Qüvvələrin fəaliyyəti ilə əlaqədar məsələlərlə bağlı dövlət kommunikasiyasının həyata keçirilməsi tədbirlərinin təcrübəsi də bunu göstərir. Bəzi hallarda bu kimi hadisələr baş verdiyi təqdirdə müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur. Ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir. Nəzərə almaq lazımdır ki, bu kimi hallarda insan həyatından danışırıq. Ailələrə doğru məlumat vermək lazımdır. Təəssüf edirəm ki, bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmiş hansısa insanların adı verilir. Bu, ailələr üçün travma ola bilər. Bəlkə ad, təvəllüd düzgün verilməyib? Bəlkə də faciənin iştirakçısı olmayan insan haqqında məlumat verilib? Bunun ailələr üçün böyük travma ola biləcəyini nəzərə almalıyıq. Həm də ictimaiyyəti çaşdıra bilər. Bir tərəfdən başa düşürük ki, aidiyyəti qurumlar tərəfindən operativ kommunikasiyanın həyata keçirilməsi, ilkin məlumat formasında olsa da kommunikasiyanın təmin olunması vacib şərtdir. Digər tərəfdən, ictimaiyyət olaraq strateji səbir göstərməyimiz vacib hallardan biridir. Bu xüsusda qeyd etmək istəyirəm ki, Azərbaycan mediası tərəfindən peşəkarlıq göstərildi. Media tərəfindən dəqiqləşdirilməmiş məlumatların verilməsinin qarşısı alındı. Amma sosial media məkanında təəssüf ki, bunun şahidi olmadıq. Cəmiyyət olaraq, media məkanında fəaliyyət göstərən insanlar olaraq, bu məsələlərə maksimum həssas yanaşmamız vacibdir”

 

Sosial şəbəkələrdə erməni mediasına istinad olunan məlumatlar barədə də fikir bildirən Hikmət Hacıyev qeyd edib ki, belə məlumatlar minimuma endirilməlidir. Çünki hazırda saxta xəbərlər bütün Ermənistan mediasını başına götürüb. Bu cür yalan məlumatların əl-qol açıb yayılmasının başlıca səbəbi isə Ermənistanın daxilindəki çaxnaşmalardır.

 

Fuad Sadıqov

Xəyal İskəndərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR