Hərbi həkimlərimiz Vətən Müharibəsindən danışır...

# 14:29
28 sentyabr 2021

Şuşa sənin hər qarışın əzəmətdir, sənin hər qarışın ucalıqdır. Qoyunda uyuyub sabahı açanda bir daha əmin olursan və düşünürsən ki, ömründən alınan 28 illik ayrılığın yeri nə vaxt dolacaq...

 

İndi səninlə oyanmağın xoşbəxtliyini yaşayırıq, köksündəki ziyarətgahlara qədəm qoyuruqsa min şükür deyirik.

 

Ötən gündən Şuşadayıq. Əslində axşamdan bu gün edəcəyimiz çəkilişlərin planını hazırlayırdıq. Mən və operatorum Musa Qulammirzəyevlə qərara gəldik ki, ilk çəkilişimizi sübh tezdən Gövhər ağa məscidini ziyarətlə başlayaq.

 

Səhərin sübhü olmasına baxmayaraq məscidin ziyarətçilərini görüb ayaq saxladıq. Heç ağlımıza belə gəlməzdi ki, Vətən Müharibəsində əsgər və sabitlərimizin sağlamlığının keşiyində duran hərbçi həkimlərimizlə Gövhər ağa məscidində görüşəcəyik. Ziyarətləri bitər-bitməz qəhrəman həkimlərimizin təəssüratlarını öyrəndik.

 

Hərbi həkim Ayaz Musayev deyir ki, Birinci Qarabağ müharibəsinin 1992-ci ildə iştirakçısı olub: “16 yaşımda öncə cəbhədə döyüşmüşəm. 1993-cü ildə yaralanmışam. 28 il Vətən savaşının başlanmasını gözləmişəm, vətənin azadlığını azad etmək fikrindən heç vaxt vaz keçməmişəm. 27 Sentyabr Vətən müharibəsi başladı. Könüllü olaraq yenidən hərbi komisarlığa müraciət elədim və sentyabrın 29-dan artıq hərbi hissəyə ezam olundum, amma bu dəfə həkim kimi. Yaralılarımızın qulluğunda durmağa çalışdım. 44 günlük savaş zamanı Füzuli, Cəbrayıl və Hadrut qəsəbələrində hərbi hospitallarda fəaliyyət göstərdim və şükür bu gün Şuşadayam. Nə xoş bizə ki, bu gün azad Qarabağımızı gördük”.

 

Tibb xidməti kapitanı Cəmil İbrahimov isə deyir ki, xidmətini işğaldan azad olunmuş torpaqlarda davam etdirir: “İstər 44 günlük vətən müharibəsində, istərsə də bu gün  vətənimizi qoruyan əsgər və zabitlərimizin, çavuşlarımızın xidmətindəyik. Allah verdiyi bu ömrü bundan sonra da xidmət göstərməyə hazırıq. Xoşbəxtik ki, vətən oğlu kimi haqq savaşının parçası olmağı bacardıq. Çox böyük qürur hissi duyuram”.

 

Hərbi həkim Fərhad Burzu işə Füzuli hospitalından başlayıb: “Bir öncə təxminən elə bu vaxtlar idi. Hazırlıqların getdiyini bilirdik. Cənab Ali Baş Komandanın çağırışı ilə Vətən savaşı başladıq. Həkim kolleqalarımla əvvəlcə Füzuli hospitalından başladıq. Daha sonra Horadiz, Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı qaynar nöqtələrə ezam olunduq. Həkim kimi xidməti vəzifəmizi canla-başla yerinə yetirməyə başladıq. Hadrut hospitalana getdik, həkimlərimizin əksəriyyətinin xidməti hələ də işğaldan azad olunan bölgələrdə davam etməkdədir.

 

Tibb xidməti zabiti Fərid  Salahlı da əsgər və zabitlərimizin sağlamlığının keşiyində durmaqdan qürur duyur: “Əlimizdən gələn qədər deməyək, ondan artıq əsgər və zabitlərimizin qulluğunda olacağıq. Bu bizim üçün böyük bir qürurdur. Hər bir azərbaycanlı kimi hərbi həkimlərin də həyatında ən böyük uğur qələbəmiz oldu. 44 günlük Vətən müharibəsinin ən yaddaqalan uğuru xalqımızın birliyi, bərabərliyi oldu. Hər kəs Azərbaycan əsgərinin yanında olmağı bacardı”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR